Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2016

Ölkə klinikaları: Keyfiyyətsiz müalicə müqabilində ağılasığmaz qiymətlər

Azərbaycanda əhalinin gəlirləri xəstəxanaların tələb etdiyi məbləğlə tərs-mütənasibdir

Eksprertlər tibbi sığortanın tətbiqini, səhiyyə sektorunda şəffaflığın bərpasını vacib sayırlar Azərbaycan səhiyyə müəssisələrində aparılan cərrahiyyə əməliyyatlarının qiymətinin yüksək olmasından vətəndaşlar narazıdırlar. Təkcə özəl klinikalarda deyil, dövlət xəstəxanalarında da əməliyyat qiymətləri kifayət qədər yüksəkdir. Belə müəssisələrdə əməliyyatların pulsuz olduğu deyilsə də, vətəndaşlar pul ödəmək məcburiyyətində qalırlar.
Özəl klinikalarda isə eyni əməliyyatların qiymətləri arasında kəskin fərqlər var, amma bunun səbəbi pasiyentlərə izah olunmur.
Klinikalarda göz əməliyyatları 700-900 manat, ürək-damar xəstəlikləri ilə bağlı cərrahi müdaxilə 4-5 min, bəzən 8-10 min manat, qaraciyər transplantasiyası 55 min manata, burun əməliyyatları üçün 2000-3000 manat tələb olunur.
Məhz qiymətlərin belə yüksək olması vətəndaşların qonşu ölkələrə üz tutmasına səbəb olur. İran mətbuatında yer alan məlumata görə, hər il təqdirən 200 min azərbaycanlı müalicə üçün bu ölkəyə üz tutur.

Vətəndaşlarımızın ölkədə əməliyyat olunması üçün hansı güzəştlər tətbiq edilə bilər? Əməliyyat qiymətlərinin yüksək olmasının səbəbi nədir?
Həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, bu gün dövlət xəstəxanaları əslində bir növ icbari tibbi sığortanın funksiyalarını yerinə yetirir. Dövlət xəstəxanalarında vətəndaşlara tibbi xidmət tamamilə pulsuz olmalıdır: "O ki qaldı özəl sektora, bu birbaşa nəzarət altında olsa belə, tibbi təyinatlı kommersiya müəssisələri olduğundan qiymətləri özləri müəyyənləşdirirlər. Bir şeyi qeyd edim ki, cərrahi əməliyyatların və digər prosedurların qiymətləri xarici ölkələrlə müqayisədə Azərbaycanda bir xeyli aşağıdır. Azərbaycanda insanların gəlirləri ilə müqayisədə əməliyyat qiymətləri böyük görünə bilər.

Bunu isə hansısa müdaxilə deyil, rəqabət tənzimləməlidir. Təbii ki, bu qiymətlər hansısa standarta uyğunlaşmalıdır. Düzü, qiymətlərdə mən bir o qədər də artım görmürəm. Ancaq artan qiymətlər də devalvasiya və mövcud şəraitlə bağlıdır"."Devalvasiyadan sonra xəstəxanaların xərcləri də artıb. Bura həmçinin maaşlar və digər xərclər daxildir. Ona görə də bu artım tibbi xidmətdə öz əksini tapıb. Hesab edirəm ki, vətəndaş dövlət xəstəxanasında gedib müalicə olunub, əməliyyat olunub, digər tibbi xidmətləri qayda-qanunla almalıdır. Ona görə neqativ hallarla qarşılaşarsa özü bununla mübarizə aparmalıdır. Ona bu hüquq verilir. Sabah icbari tibbi sığorta da tətbiq olunanda o, bu qayda ilə gəlib xidmət ala bilər. Ancaq özəl servis istəyən insan gedib özəl xəstəxanada müalicə olunub, əməliyyat oluna bilər, öz hesabına. Bu dünyanın hər yerində bu cürdür" - deyə ekspert bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli də Bizimyol.info-ya açıqlamasında deyib ki, qiymətlərin yüksək, keyfiyyətin aşağı olmasının nəticəsidir ki, son vaxtlar qonşu ölkələrə, xüsusi ilə də İrana, Gürcüstana, Türkiyəyə gedən soydaşlarımızın sayı xeyli artıb: "Bunun əsas səbəblərindən biri əməliyyat qiymətlərinin baha olmasıdır. Təbii ki, Azərbaycanda orta aylıq əmək haqqı, orta aylıq təqaüdün həcmi ilə müqayisə etdikdə qiymətlər çox yüksəkdir. Bu qiymətlərin yüksək olmasını kompensasiya edə biləcək addımlardan biri də tibbi sığortanın tətbiqi ola bilərdi.
Ancaq çox təəssüf ki, səhv etmirəmsə 17 ildir ki, bununla bağlı qərar olsa da, həyata keçirilmə mexanizmi hazırlanmayıb. Son vaxtlar biz müxtəlif ranqlı məmurlardan da eşitdik ki, ən azından bu il pilot şəklində də olsa tibbi sığorta ilə bağlı müəyyən işlər görüləcək. Ancaq biz bunu görmürük. Açığı, yaxın zamanda da olması ehtimalı bir az aşağıdır. Çünki tibbi sığortaya keçid tək tibbi sahəni əhatə etmir. Ümumiyyətlə digər sahədə də işçilərin, əmək müqavilələrinin leqallaşması, işverən, işçi və dövlətin hansı faiz nisbətində tibbi sığortada iştirakı məsələləri həll olunmadıqca tibbi sığortaya keçid problem olacaq".
N.Cəfərli deyir ki, çox təəssüf ki, illər keçsə də bununla bağlı ciddi addımlar atılmayıb: "Bir çox ölkələrin də bu sahədə təcrübələri var. Həmin ölkələrdə tibbi sığortanın bir hissəsini vətəndaş, bir hissəsini işəgötürən, böyük bir hissəsini də dövlət ödəyir. Dövlət onsuzda səhiyyə xərclərinə büdcədən əlavə vəsait ayırır. O səhiyyə xərclərinin normal, şəffaf xərclənməsinə nəzarət zəif olduğundan, o xərclərin bir hissəsini azaldaraq hər bir vətəndaşa tibbi sığorta çərçivəsində ödənişlər edilə bilər.
Ən azından "1+1" prinsipi ola bilərdi. Türkiyədə yayılmış hallardan biridir. Vətəndaş nə qədər aylıq sığorta haqqı ödəyirsə, dövlət də o qədər ödəyir. Obrazlı desək, hər işləyən vətəndaş 25 manat ödəyirsə, dövlət də 25 manat ödəyir. Yəni hər ay 50 manat sığorta haqqı ödənmiş olur. Hər hansı bir hadisə baş verdikdə və ya təcili əməliyyat gərəkdikdə o sığortada yığılmış puldan istifadə olunur. Bu çox normal yanaşma olardı. Azərbaycanda bunun hansı yöndə inkişaf edəcəyini indidən demək çətindir. Çünki hökumət qurumları bununla bağlı cəmiyyətə məlumat verib, diskussiya aparmırlar ki, mütəxəssislər də rəylərini desinlər. Ən azından tibbi sığorta tətbiq olunarsa və normal işləyərsə, bu qiymətlərlə bağlı problemin bir qismi həll oluna bilər. İnsanların hətta əməliyyat etdirmək üçün xaricə getməklərinə də gərək qalmaz"./bizimyol/
459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 07:32