Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2016

Bakı bazarlarında ölmüş heyvan əti satılır

Son aylar mətbuatda tez-tez tonlarla ölmüş heyvan cəmdəklərinin, xəstə mal və at ətinin paytaxta gətirilərkən saxlanması haqqında məlumatlar yayılır. Lakin bu ətlərin haraya aparıldığı və kimlər tərəfindən sifariş verildiyi haqqında məlumat verilmədiyi kimi, ciddi araşdırma da aparılmır. Lakin heç kimə sirr deyil ki, adətən belə ətlər kolbasa sexlərinə və dönərxanalara verilir. Mənşəyi bilinməyən ətlərin insan orqanizminə nə dərəcədə zərərli olduğu isə hamıya bəllidir. Buna baxmayaraq, belə xoşagəlməz hallara paytaxt bazarlarında tez-tez rast gəlinir.

Leş alverçiləri ət satışını aşkar deyil, gizli yollarla həyata keçirirlər. Bu cür ətlər əsasən, rayonlardan gətirilir. Ət “alverçiləri” rayonlara gedərək ölmüş, qoca, xəstə heyvanları kəsib, paytaxt ərazisində dönərxanalara, kafelərə, kolbasa sexlərinə satırlar. Belə ətlərin qiyməti isə 1-3 manat civarında dəyişir.

Musavat.com-un müxbiri bu mövzunun izi ilə Bakı bazarlarında ucuz ət axtarışına çıxıb və önəmli faktların şahidi olub.

“Təzə bazar”a üz tutub, “dönərlik ət” axtarışına çıxdım və bazarda ucuz ət satanları tapmaq üçün özümü alverçi kimi təqdim etdim. Bir neçə piştaxtaya yaxınlaşıb, ucuz ət axtardığımı dedim. Qəssabların diqqətli və narahat baxışları şübhələrimdə yanılmadığımı göstərirdi.

3-4 qəssabdan “bizdə yoxdur” cavabı eşitdikdən sonra nəhayət ki, “qəhraman”ımı tapdım. Özümü dönərxana işlədən sahibkar kimi təqdim edərək, asta səslə “dönərlik nəyin var, dayı” deyə, soruşdum. 55-60 yaşlı Anar adlı şəxs (ad şərtidir) bir qədər də mənə yaxınlaşıb, sakitcə necə ət istədiyimi soruşur. Dönərxana üçün ucuz ət istədiyimi bildirirəm. Bir anlıq məni süzüb, açıq danışmağımı istəyir. Kiloqramı 2-2,5 manata dönərlik mal əti istədiyimi deyirəm.

O isə indi o qiymətə ət olmadığını və bazarda belə qiymətə ət tapa bilməyəcəyimi deyir: “Sən bunu bir neçə ay öncə desəydin, ala bilərdin. İndi sən dediyin ətlərin də qiyməti bahalaşıb. Əvvələr ölü heyvanların ətini kəndlidən 1 manatdan alırdım. İndi leş əti də qalxıb. Camaat ölü heyvanını da baha satmaq istəyir. Gündəlik sənə nə qədər ət lazımdır? 60 kiloqram ət verərəm, ancaq 3 manata, 3 manat 50 qəpiyə... Gündəlik müştərim olsan, qiyməti bir az aşağı da eliyərəm”.

“Qəhraman”ım deyir ki, bu ətləri özü çox vaxt 2 manat 80 qəpikdən, 3 manatdan alır. 3 manat 50 qəpiyə satır ki, özünə də nəsə qazanc qalsın: “Yol puluna, əziyyətimə, riskimə görə gərək, mən də 50-60 qəpik qazanım”.

Həmsöhbətim deyir ki, əvvəl 1-1.5 manata olan ətlər indi 2-3 manatadır: “Əvvələr müştərilərim var idi, tonlarla ətin kiloqramını 1 manatdan alıb, sexlərə 2 manatdan satırdım. İndi elə söhbət yoxdu. Ölü, xəstə heyvanın ətini qapıda 2 manat, 2.50 qəpikdən satırlar. Həm də bir az təhlükəlidir. Bu yaxınlarda nə qədər adamı saxlayıblar. Ona görə son aylarda ət gətirənlər də azalıb. Hökümət güclü nəzarət edir. Amma yenə də gizli yolla sexlərə, dönərxanalara verirlər. Sexlər yalvarır ki, ət gətirin. Bəs, kolbasalar nədən hazırlansın?”

Paytaxt ərazisində bir neçə dönərxanaya da baş çəkdik. Dönərxanada dönərçi işləyən Aqşin adlı şəxslə həmsöhbət olduq.

O, belə hallara çox rast gəldiyini dedi: “3 ildir ki, “28 May” metrostansiyasının ətrafında dönərçi işləyirəm. Bir neçə dəfə ət dəllalları 3-4 manatdan ucuz ət təklif ediblər. Lakin müdiriyyət qəbul etməyib. Dönər üçün təzə ətin kiloqramını topdan 6-7 manata alırıq. Əgər bu qiymətdən aşağı ət olarsa, deməli, xəstə və yaxud ölmüş heyvanın ətidir”.

Bazarda ətlərin qiymətinin fərqli olması heyvanın yaşı və cinsi ilə bağlıdır. Misal üçün əldən düşmüş, yaşlı heyvanları ölməmiş kəsirlər. Onların ətləri dana əti ilə müqayisədə bərk olur və gec bişir. Lakin görüntü baxmından heç nə ilə fərqlənmir. Yaxşı əti seçmək üçün gərək müştəri təcrübəli olsun. Təssüf ki, bu gün də bazarlarda, yarmarkalarda bu cür ətlərə rast gəlirik. Bakı bazarlarında bəzi yerlərdə ət 5 manat, bəzilərində isə 8 manata satılır. Arasında bu fərq isə heyvanın yaşı və ətin keyfiyyətinin sübutudur.

Onu da deyək ki, paytaxtdan fərqli olaraq rayonlarda leş əti satmaq adi hala çevrilib. Kəndlərdə heyvan ölən zaman dərhal qəssablara xəbər verilir ki, kolbasalıq leş əti var, gəlin alın. Qəssablar da belə fürsəti əldən vermir, ölü heyvanın ətini daha ucuz qiymətə alıb, qazanc əldə edirlər.

Kəndli onsuz da murdar olmuş heyvanını satmaq üçün qəssabın verdiy istənilən pula razılaşmalı olur. Elə vaxtlar olur ki, ətin kiloqramını 50 qəpikdən belə hesablayırlar. Və yaxud gözəyarı qiymət deyib, alver edirlər. Aldıqları əti isə sexlərə, dönərxanalara verirlər.

Aşağıda təqdim etdiyimiz səs yazısı isə müxbirimizin leş əti satan satıcı ilə söhbətindəndir. Bu faktlar göstərir ki, təhlükədən heç birimiz sığortalanmamışıq./musavat/
467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16