Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Heydər Əsədovun fantastik yalanı

Nazirə görə, 2015-ci il ərzində ixracımız idxalımızı 5,7 dəfə üstələyib

Vahid Məhərrəmov: «Nazirin dediklərindən belə çıxır ki, istehsal etdiyi 5 və ölkəyə gətirilən 1 milyardlıq ərzaq mallarının hamısını ixrac edib»

2016-cı ilin birinci rübündə Azərbaycana 247 milyon 319 min dollar həcmində yeyinti məhsulları idxal edilib. “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,4% azdır. 2015-ci ilin birinci rübündə yeynti məhsullarının idxalı 285 milyon 440.95 min dollar həcmində olmuşdu.


Azalmanın səbəbi buğda, süd və şəkər idxalının azalmasıdır. Ət, yağ, çay, meyvə-tərəvəz, bitki yağları idxalı artıb.

Buğda idxalı 66,4% azalaraq 39,4 milyon dollar, süd idxalı 12,3% azalaraq 1,51 milyon dollar, şəkər idxalı isə 22,6% azalaraq 18,95 milyon dollar təşkil edib.

Azərbaycan 2015-ci ilin 1-cü rübündə 117 milyon 218 min dollarlıq buğda idxal etmişdi.

Kənd təsərrüfatı nazirindən “maraqlı” açıqlama

Yanvar-mart aylarında ət idxalı 13,6% artaraq 5,45 milyon, kərə yağı idxalı 35,4% artaraq 10,37 milyon, meyvə-tərəvəz idxalı 101,1% artaraq 43 milyon 264 min, çay idxalı 184,7% artaraq 9 milyon 49.46 min, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 82,4% artaraq 36 milyon 851 min dollar təşkil edib.

Bu statistik göstəricilərin fonunda kənd təsərrüfatı naziri Heydər Əsədovun söylədikləri maraq doğurur. Nazir “ANS TV”yə açıqlamasında deyib ki, 2015-ci il ərzində ixracımız idxalımızı 5,7 dəfə üstələyib. Ekspert Vahid Məhərrəmov bildirdi ki, 2016-cı ilin birinci rübündə yeyinti məhsullarının idxalı 13 faiz azalıb. Dünya bazarında ərzaq mallarının qiymətinin 17 faiz azaldığını deyən V.Məhərrəmovun fikrincə, bu da o deməkdir ki, Azərbaycanın idxal etdiyi məhsullar dəyər ifadəsində azalsa da, fiziki çəkisi artıb: “Ət idxalı 34 faiz artıb. Halbuki bunlar uzun müddətdir deyirdilər ki, ət idxalını artıra bilərlər. Onu da demək lazımdır ki, ətin qiyməti dünya bazarında 20 faiz azalıb. Bunu da nəzərə alsaq, deməli, bu göstərici iki dəfədən də çoxdur. Kərə yağı idxalı 35 faiz artıb. Süd idxalı azalsa da, kərə yağının 35 faiz artması o deməkdir ki, süd idxalı da artıb. Sadəcə olaraq mal qrupunu fərqli təqdim etməklə manipulyasiya edirlər. Daha sonra tərəvəz idxalı 101 faiz artıb. Duru yağların artımı isə 82 faiz olub. Çay idxalı 84 faiz olub. Ümumi götürəndə yalnız idxalı artmayan məhsullar taxıl və buğdadır. Buna səbəb buğdanın keçən il bu vaxtı daha çox idxal olunmasıdır. Əslində, 13 faiz azalmanın bir səbəbi də məhz bununla bağlıdır”.

“Ixracda kəskin azalma”

Ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracında isə çox ciddi azalmaların baş verdiyini deyən V.Məhərrəmov vurğuladı ki, ixracda yeganə artan meyvə-tərəvəzdir, 20 faiz. Azərbaycanın meyvə-tərəvəz ixracı ilə, idxalının artıq bərabərləşdiyini söyləyən ekspert bildirdi ki, 43 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub, elə 43 milyon dollarlıq da ölkəyə idxal edilib: “Bu o deməkdir ki, Azərbaycan artıq bu mal qrupu üzrə əvvəlki kimi ixrac qabiliyyətli deyil. Azərbaycan idxal etdiyini ixrac edir. Əvvəllər ölkəyə az idxal edirdik, daha çox ixrac edirdik. Çay ixracı 70, şəkər 75, duru yağ 90, içkilər 50 faiz azalıb. Üç il bundan öncə bu beş istiqamət üzrə 150 milyon dollarlıq məhsullar ixrac edirdiksə, indi bu göstərici 58 milyon dollara düşüb.

H.Əsədovun ixracın artdığına dair iddialarına gəlincə isə, V.Məhərrəmov vurğuladı ki, bu açıqlamanın reallıqla heç bir əlaqəsi yoxdur. “Bu elə bir uydurmadır ki, bunu görmək mümkün deyil. Kənd təsərrüfatı nazirinin bu məlumatını belə dəyərləndirmək olar ki, Azərbaycan keçən il istehsal etdiyi 5 milyard dollarlıq kənd təsərrüfatı məhsulunu və ölkəyə gətirilən 1 milyard dollar dəyərində ərzaq mallarının hamısını ixrac edib. Ölkə əhalisi də bu bir il ərzində qidalanmayıb. Bu, kənd təsərrüfatı ilə məşğul olan məmura yaraşmayan ifadədir. Düşünürəm ki, kənd təsərrüfatında belə şişirtmə, reallığa uyğun olmayan rəqəmlərlə mövcud olan problemləri ört-basdır etməyə çalışırlar”./azadlıq/
480 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:09