Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2016

Hökumətin anti-böhran tədbirinə bir “quş”

Ötən müddət ərzində bütün fəaliyyət böhranın dərinləşməsinə xidmət edib

Xatırlayırsızsa, birinci devalvasiyadan sonra hökumət böyük islahatlar olacağına vəd verdi, ciddi anti-böhran tədbirlərinə start veriləcəyi elan olundu. Ölkə başçısı ard-arda keçirdiyi müşavirələrdə qeyri-neft sektorunun inkişafından, sahibkarlıq fəaliyyətinin genişlənməsindən, daxili istehsalın artmasından danışırdı. Hətta anti-böhran tədbirlərinin həyata keçirilməsi üçün xeyli yeni qurumlar yaradıldı, yeni sərəncamlar imzalandı və s.

Təbii ki, ilk gündən yazırdıq; bütün bu tədbirlər imitasiya xarakteri daşıyır və hökumət ciddi islahatlara getmək fikrində deyil. Çünki, korrupsiya, monopoliya qüvvəsində qalmışdı, mənasız layihələrə yenə də pullar xərclənirdi və cəzasızlıq mühiti davam edirdi. Qeyd edək ki, rəsmi məlumatlara görə, son 2 ildə azərbaycanlılar Türkiyədə 507 şirkət açıblar, eyni zamanda son 1 ildə azərbaycanlı iş adamları Gürcüstan iqtisadiyyatına 540 milyon sərmayə yatırıblar. Yəni hökumətin islahat vədi, anti-böhran tədbirləri də iş adamlarının ölkədə fəaliyyət göstərməsini, sahibkarlıq mühitinin genişlənməsini təmin etmədi. Çünki, ölkədə qanunlar işləməyəndə, mülkiyyətə təminat olmayanda, iri məmurların tamahı ilə üzləşmək risqləri böyük olanda iş adamlarının ölkədən qaçması zərurətə çevrilir.

Amma bütün bunlar son məlumat deyil. Son məlumatlar budur ki, ötən müddət ərzində idxal və ixracda kəskin azalma müşahidə olunub. Yəni hökumətin anti-böhran tədbiri böhranın daha da dərinləşməsinə xidmət edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi idxal 13 faiz azalsa da, bəzi məhsulların idxalında artım da olub. Belə ki, ət, yağ, çay, meyvə-tərəvəz, bitki yağlarının idxalı artıb. Yanvar-mart aylarında ət idxalı 13,6% artaraq 5,45 milyon dollar, kərə yağı idxalı 35,4% artaraq 10,37 milyon dollar, meyvə-tərəvəz idxalı 101,1% artaraq 43 milyon 264 min dollar, çay idxalı 184,7% artaraq 9 milyon 49.46 min dollar, bitki və heyvan mənşəli piylər və yağların idxalı isə 82,4% artaraq 36 milyon 851 min dollar təşkil edib.

Göründüyü kimi, o məhsuların idxalı artıb ki, onları biz yerli istehsal hesabına ödəməliyik. Azərbaycanın meyvə-tərəvəz idxalının 101 faiz artması, kənd təsərrüfatının ötən müddətdə nə qədər iflasa uğramasının göstəricisidir. Çay idxalının 167 faiz artması onu göstərir ki, yerli istehsal kimi təqdim edilən çaylar da xaricdən ölkəyə gətirilir, sadəcə olaraq burada qablaşdırılır.

Deməli, ötən müddət ərzində daxili istehsalın zəruri sahələri daha da tənəzzülə uğrayıb. Eyni zamanda ixrac potensialı aşağı düşüb. Belə ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 milyardÿ606 milyon 542.05 min ABŞ dolları təşkil edib. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 37.98% azdır.

Bəli, ölkə başçısının “biz ixracyönümlü iqtisadiyyat qururuq” vədi də özünü doğrultmadı. Komandanın optimist çıxışları, tapşırıqlar, vədlər havaya buxarlandı. Iqtisadiyyatın əsas göstəricisi olan idxal-ixrac sahəsində “yas mərasmi”di. Deməli, hökumətin anti-böhran tədbirlərinə bir “quş” qoya bilərik.

Rəsmi statistika, müqayisəli təhlillər onu göstərir ki, mövcud hökumət ölkəni böhrandan çıxarmağa qadir deyil və bunun üçün siyasi iradə yoxdur./azadlıq/
494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber