Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

İlham Əliyev sonra yenə sürüşdü...

AzərTAc dövlət informasiya agentliyinin yazı, xəbər üslubu şəxsən mənə həmişə gülməli gəlib. Görünür, bu da mənim kəmsavadlığımla bağlı olub. O xəbərlərdəki peşəkarlığı, keyfiyyəti, operativliyi anlaya bilməmişəm...

Baş üstə Allah var, gərək olanı deyəsən, AzərTAc doğrudan da çox peşəkardır. Dövlətin ildə on milyonlarla pulunu faktiki olaraq heç nəyə xərcləyən bu agentlik “ictimai sabitlik laləli yurdumuza çox yaraşır”, “tarlalardan bu il də bol məhsul götürüləcəyini indidən adamın üzünə gülən pambıq qozaları da sübut edir” üslubundakı düşüncə, xəbər və yazılarla hara qədər getmək olarsa, gedə bilib...

Amma onun xəbərçilik işində bu qədər də “inkişaf edəcəyini”, bu qədər də “qabağa gedəcəyini” ta heç ağlımıza da gətirə bilməzdik. AzərTAc-ın dekabrın 20-də yaydığı bir xəbər bu sənətin - Brejnev iyi verən sovet-partiya jurnalistikasının zirvəsinə dırmaşmaq deməkdir.

Həmin xəbəri siz də oxuyun, nəticəni özünüz çıxarın, qiyməti özünüz verin. Mən oxudum, elə bildim ki, 1974-cü il kolxoz partkomu düşüncəsi səviyyəsindəki divar qəzetindən siyasi xəbəri oxuyuram...

Dövlətin hər il on milyonlarını basıb yeyən AzərTAc-ın o komik xəbəri belədir:

“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dekabrın 19-20-də “Şahdağ” qış-yay turizm kompleksində tikilmiş yeni otellərin açılışında iştirak etmiş, yaradılmış yüksək xidmət şəraiti ilə tanış olmuşdur.

Dövlətimizin başçısı dekabrın 20-də xizəklə sürüşdü. Prezident İlham Əliyev əvvəlcə ikinci liftin yamacından sürüşüb dördüncü liftin yanına gəldi. Sonra dördüncü liftlə yuxarı qalxaraq həmin liftin yamacı ilə üçüncü liftə qədər sürüşdü. Daha sonra dövlətimizin başçısı üçüncü liftlə yuxarı qalxaraq yeni açılan yamacla sürüşdü...”

Mən Koreya dilini bilmirəm, amma bir şeyi dəqiq bilirəm və andını da içə bilərəm. And olsun Allaha, heç Şimali Koreyanın AzTV-sində də belə bəsit, sarsaq və idiot xəbər təqdimatı yoxdur.

Bunu da dəqiq bilirəm ki, heç hər halda “Səs”-filan yox, “Financial Times” oxuyan İlham Əliyevin özünün də özü, səfərləri, fəaliyyəti, gördüyü işlər barədə belə bayağı xəbər təqdimatına ehtiyacı yoxdur. Belə primitivlik və bayağılıq İlham Əliyevin gördüyü işlərin hətta effektini də azaldır. Hər halda xəbərin forması, məzmunu oxucuya təsir baxımından az əhəmiyyət daşımır.

Dövlətin rəsmi informasiya siyasətini müəyyən edən ali savadlı, rəsmi və qalstuklu yoldaşlar belə məqamları gərək anlayalar. Yoxsa hər il iyulun 22-də “bizdə mətbuat var” deyib bir qucaq makulaturanı o cırhacır istidə xalqın, cəmiyyətin və dünyanın başına səpməklə uzaqbaşı liftlə bir pillə yuxarı qalxıb aşağı yamaca sürüşərsən...

Hə, bir də AzərTAc-da normal yazar, redaktor, korrektor, nə bilim, direktor, şofer yoxdurmu ki, İlham Əliyevin xizəklə sürüşməsi xəbərindəki kobud səhvi düzəldə? “Sürüşdü” sözü “sürüşmüşdür” şəklində yazılmalıdır. Çox vacib xəbərlərdə belə kobud üslub səhvi buraxmaq olmaz...

P.S. Jurnalistikaya təzəcə başlayan gəncləri AzərTAc-ın xəbərlərini gündə 5 rükət oxumağa dəvət edirəm. Necə yazmaqla yanaşı necə yazmamaq lazım gəldiyini də öyrənmək lazımdır...

Famil Cəfərli/virtualaz
1697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı