Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Niyə müsəlman olmaq istəyirsən?

Kənan Rövşənoğlu: “Heç bir din insanlara Tanrını bu qədər mükəmməl şəkildə tanıda bilmir”


Zaman-zaman İslam dininin daşıdığı humanist ideyalar və əxlaqi dəyərlər başqa dinə mənsub məşhurların diqqətini cəlb edib. Buna görə də onların bir çoxu öz dinini dəyişərək, İslama gəlib. 

Bugünlərdə Hollivudun öz qalmaqalları, tez-tez içkili halda görünməsi və səs-küylü hadisələri ilə yadda qalan aktrisası Lindsi Lohan da İslam dinini qəbul edəcəyini bildirib. Yaxın keçmişdə isə İslam dini qəbul edib müsəlman olan, adını belə dəyişdirən məşhurlar var. Onlardan bir neçəsini xatırlatmaq istərdik: Kassius Marsellus Kley dünya boks tarixinin ən məşhur nümayəndələrindən sayılır. Onu anadan olduğu Kassius Kley kimi yox, İslamı qəbul etdikdən sonra özünə götürdüyü Məhəmməd Əli adı ilə tanıyırlar. 1964-cü ildə 22 yaşlı Kassius Kley dünya çempionu adını qazanıb. Bir həftə sonra isə İslama tapınaraq, Məhəmməd Əli adını qəbul edib. Bundan əlavə, Məhəmməd Əli Amerika qaradərililərinin yaratdığı “İslam milləti” təşkilatının ən sadiq üzvlərindən olub. Məhz həmin təşkilatın sədri Malkolm İks onun müsəlman olmasına və əcdadlarına ağdərili quldarlar tərəfindən verilən soyadından imtina edib Məhəmməd Əli adını qəbul etməsinə səbəbkar olur. 

Fransa millisinin və “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Frank Riberi də xristianlıqdan İslama gələnlər arasındadır. Fransa millisinin və “Bayern” (Münhen) klubunun futbolçusu, 2012/2013-cü ilin Avropanın ən yaxşı futbolçusu seçilib. Frank müsəlmanlığı əlcəzairli həyat yoldaşı Vahibənin təşəbbüsü ilə 2005-ci ildə qəbul edib və adını dəyişdirərək, Bilal qoyub. 

Almaniyanın “Nürnberg” komandasının yarımmüdafiəçisi Danni Blum da İslamı qəbul edib. Alman mətbuatı futbolçunun 5 vaxt namaz qıldığını, tez-tez məscidə gedərək ibadət etdiyini, spirtli içkilərdən uzaq durduğunu və halal qidaları seçdiyini bildirib. Həmçinin, pop musiqisi ulduzu Maykl Cekson müsəlmanlığı qəbul etmiş və “İslam ümməti” Afrika-Amerika təşkilatının üzvü olmuşdur. 

Bu siyahını artırmaq da olar. Maraqlısı isə odur ki, İŞID-in törətdiyi terrorlara görə xristian ölkələrində islamfobiyası yaşandığı halda İslam dini cəzbediciliyini saxlayır. Bəs səbəb? Niyə dinini dəyişmək istəyənlər sırf İslam dinini qəbul edib müsəlman olmaq istəyir? 

Dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, heç bir din insanlara Tanrını bu qədər mükəmməl şəkildə tanıda bilmir: “Əvvəlcə ondan başlayaq ki, hər kəs anlayır ki, İŞİD bir İslam hadisəsi deyil, dövrün və şərtlərin doğurduğu radikalizm və savaşda ortaya çıxmış bir hadisədir. İslam, sadəcə, coğrafi və siyasi şərtlərə görə o qruplaşma üçün bir legitmilik vasitəsidir. Yəni ötən əsrdə savaşan radikallar üçün ideologiya sosializm idi, insanları cəlb edirdi. İndi isə hadisələr Yaxın Şərqdə cərəyan edir və təbii ki, insanları cəlb etmək üçün Yaxın Şərqdə İslam şüarından istifadə edəcəklərdi və etdilər də. Bunu ağlı başında olan hər kəs anlayır. Ona qalsa, tarix boyu bütün savaşlarda din və ideologiyalardan İŞİD-in etdiklərindən 10 qat artıq qəddarlıqlar etməklə istifadə ediblər”.

İslam dininin bu qədər cəlbedici olması səbəbinə gəlincə isə K.Rövşənoğlu burada möcüzəvi nə isə axtarıb tapmağın mümkünsüz olduğunu dedi: “İnsanın yaradılış şəkli elədir ki, o nəyəsə inanmalıdır. İnsanın quruluşu onun içində bir müqəddəsə inam olmasını tələb edir. Hətta ateist sol cərəyanlar belə o boşluğu doldurmaq üçün müqəddəs şəklində şəxsiyyətlər uydururdular. Bu mənada hər kəs o inanma ehtiyacını təmin etmək üçün axtarışda olur. İslam Tanrını dərk etmək, yəni insanın içində olan Yaradıcıya inam ehtiyacını ən mükəmməl bir şəkildə təmin edəcək bir ilahiyyat inancına sahibdir. Başqa heç bir din insanlara Tanrını bu qədər mükəmməl şəkildə tanıda bilmir. O səbəbdən də Allahı tanımaq istəyənlərin axtarışlarının son dayanacağının İslam olması çox normaldır. Çünki nə xristianlıq, nə də yəhudilik İslamda olduğu qədər mükəmməl Tanrı inancına sahib deyil. O biri dinləri deməyə gərək yoxdur. Amma bütün bunlar, xüsusən də məşhur insanların dinlərini dəyişməsi daha çox maqazin xəbərləri təsiri oyadır. Allahı, yəni içindəki Yaradıcıya inam ehtiyacını təmin etmək istəyənin axtarış nəticəsində İslama gəlməsi normaldır. Amma bu işi məşhurların seçimi və ya maqazin xəbərlərinə çevirəndə müqəddəslik istər-istəməz arxa plana keçir. Çünki İslama gələnə qədər də məşhurlar son illərdə Avropada, Qərbdə dəb olan Uzaq Şərq mistik inanclarına, məsələn, yoqa və hind inanclarına da üz tutur”./musavat/
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21
Tu