Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2016

Əhali «Sovetski»dən zorla köçürülür

Abdulla Şaiq küçəsində yaşayan sakinlərə suyun verilməsi dayandırılıb

Yasamal rayonu ərazisində yerləşən "Sovetski" məhəlləsində söküntü işləri davam edir. "Yasamal söküntü" adlı qurum, ərazini tərk etmiş vətəndaşların evlərini sökərək, ərazidə təmizlik işləri aparır. Hazırda ərazidə yalnız kompensasiyası razılaşdırılmamış mülklər qalıb.

“Bir neçə gündür ki, Abdulla Şaiq küçəsində yaşayan sakinlərin evlərinə suyun verilməsi dayandırılıb. Bizdən tələb edirlər ki, evimizi satıb tərk edək. Bizim evimiz az kvadratlıdır. Hər kvadrata 1500 manat kompensasiya verirlər. Biz bu məbləğlə razı deyilik. Biz tələb edirik ki, evimizin əvəzinə bizə ya ev versinlər, ya da ev ala biləcəyimiz məbləğdə kompensasiya ödəsinlər. Ümumiyyətlə, biz evimizi satmaq istəmirik. Dədə-baba evimizdir. Burada bizimlə yanaşı xatirələrimiz yaşayır. Amma evimizi satmağa məcbur edirlər. Axı həyatı susuz təsəvvür etmək olmaz. Biz məcburiyyət qarşısında razılaşmışıq, amma bir şətlər ki, bizi küçəyə atmasınlar. Təəssüf ki, bu şərtimizi də qəbul etmirlər”,-deyə “Sovetski” sakini Elmin Əliyev bildirir.
Şahidi olduq ki, əraziyə ağır texnikalar gətirilir. Hazırda söküntü işləri aparılır. Sökülən evlərin daş və taxtaları ərazidən daşınır. Yol genişləndirilir.

“Sovetski” məhəlləsi sakinləri üçün Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində inşa olunan binanın tikintisində işlər aşağı templə irəliləyir. Binanın təxmini hesablara görə bu gedişlə iyun-iyul ayları üçün təhvil veriləcəyi ehtimal edilir. Yasamal Rayon İcra Hakimiyyəti "Sovetski" məhəlləsində mənzillərinin qarşılığında Nərimanov rayonunda inşa olunan binada mənzillə dəyişməyə razılıq vermiş sakinlərə, mənzillər istifadəyə verilənədək hər ay 200 manat kirayə haqqı ödəməyə dair öhdəlik götürsələr də, aprel ayı üçün ödəniş hələ ki həyata keçirilməyib.
Ötən il iki dəfə devalvasiya olduğunu deyən sakinlər kompensasiya məbləğinin artırılmasının vacib olduğunu bildirirlər.

Sakinləri narahat edən məsələlərdən biri də odur ki, mülkiyyətçilər tərəfindən istifadə olunan köməkçi və qeyri-yaşayış ərazilərinə kompensasiya verilmir. Yəni sakinlərin mülkiyyətində olan ərazi tam kompensasiya edilmir. Ərazidəki evlərin çoxu ümumi həyətyanı sahələrə malikdir. 100-dən çox yaşı olan bu həyətlərdə zirzəmilər, yarım zirzəmilər, həyətlərdə vətəndaşların istifadə etdiyi şkaflar, mənzillərin damlarında çəpərlənərək istirahət və ya istifadəsiz əşyaların yığılması üçün nəzərdə tutulmuş xüsusi ərazilər, tavanarası ərazilər, pilləkənlər və s. mövcuddur. Hakimiyyət nümayəndələrinin gətirdiyi arqument budur: "Siz həmin mülkiyyətdə yaşamırsınız, buna kompensasiya verilə bilməz", "büdcədə pul yoxdur, ölkədə və dünyada iqtisadi böhrandı, bizi başa düşün" və ya sadəcə kobudcasına "dediyiniz əraziləri ölçmürük və kompensasiya vermirik, get hara istəyirsən şikayət et". Sakinlər isə bu halda yaşayış əraziləri üçün hər kvadrat metrə 1500 manatdan hesablanan ərazilərin, 2000-2500 manatdan hesablanmasını tələb edirlər./bizimyol/
541 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP