Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Dekabr 2013

Ukrayna müxalifəti yeni “hücum planı” hazırlayır

Avropa Parlamentinin üzvləri isə Yanukoviç hakimiyyəti üzvlərinin Qərb banklarındakı hesablarının yoxlanması məsələsini gündəmə gətiriblər
Ukraynada avrointeqrasiya tərəfdarlarının Yanukoviç hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarına başlamasından artıq bir ay ötür. Aksiyaların 32-ci günündə Avromaydanda yenidən canlanma yaranmağa başlayıb. Belə ki, avrointeqrasiya tərəfdarları yenidən mitinq meydanına axın etməyə başlayıb.

Yerli müşahidəçilərin fikrincə, dekabrın 22-də Avromaydana on minlərlə insan toplaşıb. Müxalif mövqeli “Svoboda” Partiyası isə Avromaydana 100 mindən artıq etirazçının toplaşdığını bəyan edib. Bu partiyanın bəyanatında vurğulanıb ki, “Avromaydan mini-dövlətə çevrilməkdədir”. Paytaxt polisi isə nümayişçilərin sayı barəsində hər hansı açıqlama verməkdən imtina edib. Eyni zamanda, polis qüvvələri nümayişçilərə müdaxiləsi etməyərək, hadisələri kənardan müşahidə etməklə kifayətləniblər.

Avromaydanda çıxış edən Ukraynanın keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri Yuri Lutsenko mitinqçiləri Yanukoviç hakimiyyəti devrilənə qədər mübarizəni davam etdirməyə çağırıb. O bildirib ki, tezliklə bütün partiya və hərəkatları özündə birləşdirən “Maydan” ictimai hərəkatı yaradılacaq. Və bu nəhəng hərəkat Ukrayna xalqını avtoritarizm üzərində qələbəyə aparacaq: “Maydanda olan milyonlarla insanı özündə birləşdirəcək bu hərəkatın üzvlərinin başında yalnız bir plan olmalıdır. Yazda biz Mərkəzi Ukrayna ərazisini azadlığa qovuşdurmalıyıq. Yayda isə azadlıq ərazisi Krımı da öz içərisinə almalıdır”. Y.Lutsenkonun sözlərinə görə, ictimai hərəkat yaradıldıqdan sonra azadlıqsevərlərin artıq hazır olan “hücum planı” hər kəsə elan ediləcək.

Verilən məlumatlara görə, Avromaydandakı son mitinqdə bir sıra Qərb siyasətçiləri və Rusiya müxalifətçiləri də çıxış ediblər. Onlar Ukrayna xalqına öz haqlı mübarizəsində uğurlar arzulayıblar.

Vitaliy Kliçkonun lideri olduğu UDAR Partiyası bəyan edib ki, Yanukoviç hakimiyyəti Ukraynanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ilə bağlı müqaviləni imzalamağa cəhd göstərsə, bu, hökumətə çox baha başa gələ bilər. Bu halda, həmin sənəd Ali Radada ratifikasiya olunmayacaq və Yanukoviç hakimiyyəti bütün Ukrayna xalqını öz qarşısında görməli olacaq.

Ancaq bu arada Avromaydanda toplaşan insanlar ölkədə baş verən bəzi hadisələrdən narahatlığını da gizlətmirlər. Belə ki, son günlər bir-birinin ardınca bəzi müxalifət liderlərinə qarşı sui-qəsdlərin törədildiyi məlum olub. Müxalifyönlü “Batkivşinı” parlament fraksiyasının üzvü İvan Marçenkonun maşını əvvəlcədən təşkil olunmuş qəzadan son anda xilas edilə bilib. Krım Maydanının əsas təşkilatçısı Sergey Kovolskinin maşını isə naməlum şəxslər tərəfindən avtomat silahla atəşə tutulub.

Avropa Parlamentinin üzvləri isə xüsusi bəyanat yayaraq Avromaydanı dəstəklədiklərini bir daha vurğulayıblar. Eyni zamanda avropalı parlamentarilər Ukrayna müxalifətinə son günlər Avromaydana qarşı çıxış edən Ali Rada üzvlərinin biznes fəaliyyətlərini təftiş edərək xalqa açıqlamağı məsləhət görüblər. Eyni zamanda Avropa Parlamentinin üzvləri Avropa Birliyini Ukrayna hakimiyyəti təmsilçilərinin Qərb banklarındakı hesablarını yoxlamağa çağırıblar./musavat/
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:07