Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

“Murad qanunsuzluğun girovuna çevrilib”

Ali Məhkəmədə şərlənən AXCP fəalının hökmünü dəyişmədi; Murad Ədilovun işi Avropa Məhkəməsinə göndəriləcək

“Murad Ədilov heç bir cinayət törətməyib, əksinə, özü cinayətin qurbanıdır. Sabirabad Rayon Polis Şöbəsində polis rəisi də ona deyib ki, qardaşının siyasi və jurnalist fəaliyyətinə, xüsusən hökumətin ünvanına tənqidlərinə görə cəzalandırılır. Muradın həbsindən əvvəl bir neçə gün ərzində hökumətyönlü mediada, o cümlədən ”Lider” telekanalında Natiq Ədilov və ailəsi haqqında qarayaxma xarakterli materiallar yayımlanıb” – bunu AXCP fəalı Murad Ədilovun vəkili Yalçın Imanov dünən Ali Məhkəmədə çıxışında deyib.

“Narkotiki özləri qoyub, özləri də götürüblər”

Müdafiəçi bildirib ki, Murad Ədilova verilən narkotik ittihamı tamamilə əsassızdır, istinad olunan sübutlar da qanunsuz yollarla əldə edilib: “Muradı saxlayandan sonra polis maşınına oturdub, təxminən iki kilometr aparıblar. Bu müddətdə onun sağ və sol tərəfində polislər oturub. Elə həmin vaxt da cibinə narkotik atılıb. Onu Sabirabad Rayon Polis Şöbəsinə aparıb bir saata yaxın işgəncə veriblər ki, narkotikin ona məxsus olduğunu desin, amma Murad möhkəm çıxıb və belə ifadə verməyib. Onda deyiblər ki, ”eybi yox, gedib evindən çıxararıq”. Evə gedib, dörd otaq, aynabənd və həyətyanı sahədən yalnız bir otağa baxış keçirilib. Məhkəmədə polis əməkdaşından soruşdum ki, “niyə başqa otaqlara, həyətə baxış keçirməmisiz”? Cavab verdi ki, “axtardığımızı tapmışdıq, ona görə”. Murad da dedi ki, özləri qoyub, özləri də götürüblər”.

Vəkil qeyd edib ki, Murad Ədilovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanıldığı, ona işgəncə verildiyi, Kürdəxanı təcridxanasına aparılarkən üzərində qançırlar olduğu iş materiallarındakı sənədlərlə də sübut olunub. Amma məhkəmələr işgəncə faktına qiymət verməyib.

“Bu cinayət işi polis təxribatının məhsuludur”

Digər vəkil Fəxrəddin Mehdiyev də Murad Ədilovun günahsız olduğunu və qanunsuzluğun girovuna çevrildiyini vurğulayıb: “Bu cinayət işi polis təxribatının məhsuludur. Xahiş edirəm, Murad Ədilov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verəsiniz. Belə qərar məhkəmə sisteminə hörmət gətirər”.

Lakin Ilham Cəfərovun sədrlik etdiyi hakimlər kollegiyası kassasiya şikayətini təmin etməyib.

Yalçın Imanov AzadlıqRadiosuna bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət olunacaq: “Murad Ədilovun işi üzrə Avropa Məhkəməsinə artıq iki şikayət göndərmişik – biri onun barəsində həbs-qətimkan tədbirinin qanunsuzluğu, digəri isə ona işgəncə verilməsi ilə bağlıdır. Hökmdən şikayəti də yaxın vaxtlarda hazırlayıb göndərəcəyik”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilən Murad Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. O, CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham olunur. Murad Ədilov özünü təqsirli bilmir və həm özünün AXCP üzvü olması, həm də qardaşı Natiqin tənqidçi jurnalist fəaliyyətinə görə şərləndiyini bildirir.

Natiq Ədilov AXCP mətbuat xidmətinin rəhbəri olmaqla yanaşı, həm də “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” televiziya proqramının əməkdaşıdır./azadlıq/
490 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54