Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2016

Həkimlər 3 yaşlı körpəni necə öldürdü?

Hadisə ilə bağlı Bakı şəhər sakini Elman Əliyev danışıb. O bildirib ki, nəvəsi, 3 yaşlı Səkinə Novruzovanı qızdırma diaqnozu ilə Ə.A.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına aparıb. Burada həkimlər uşağı müayinə etdikdən sonra kəskin pankreatit diaqnozu qoyub.

“2 saylı Kliniki Uşaq Xəstəxanada bizi Fərhad və Samirə adlı həkim qəbul etdi. Uşağın sağ gözündə şişmə var idi, sol ayağını çəkirdi. Ultrasəs müayinəsi (USM) etdilər, analizlər verildi və uşağa kəskin pankreatit diaqnozu qoyuldu”, - Elman Əliyev deyir.

“3 gün xəstəxanada qaldıqdan sonra dedilər ki, artıq sağalıb, apara bilərsiniz. Evə çatanda qızdırmasını ölçdüm, 38 idi. Uşaq 4 gün qızdırma içində yandı. Gördüm sağalmır, yenidən həmin xəstəxanaya apardım. Bu dəfə 1 həftəlik müalicə yazıldı. Yenə USM etdilər. Həkimə dedim ki, birdən bu uşaqda başqa xəstəlik olar, gəl, tomoqrafiya edək. Həkim razı olmadı, dedi ki, sağlam uşaqdır, nə gərək var.

Bir həftədən sonra uşağı evə gətirdim. Çıxanda həkim dedi ki, 1-2 gün qızdırması olacaq, sonra o keçib gedəcək. Ancaq uşağın vəziyyəti gündən-günə ağırlaşırdı. Bir neçə gündən sonra Fərhad həkimə zəng edib vəziyyəti izah etdim. Dedi ki, gətir xəstəxanaya. Uşağı müayinə etdi, sonra dedi ki, nəvəniz sağlamdı, qızıdırma nədəndi, mən də bilmədim (!).

Həkimin bu sözündən sonra uşağı Kliniki Xəstəxanaya apardım. Pediatr Sevinc Abdullayeva müayinə etdi, biokimyəvi analizlər verdik. Orada da USM etdilər. Xəstəxanaya yazmadı, dedi ehtiyac yoxdu, ambulator müalicə kifayət edəcək. 4 gündən sonra körpənin vəziyyəti lap ağırlaşdı. Uşaq qollarını tərpədə bilmirdi. Növbəti dəfə gətirdim xəstəxanaya. Həkim “Kolxiçin dispert” dərmanı yazmışdı, gündə iki dəfə verirdik. Bu dərmanı verəndən sonra uşaq qusmağa başladı, çox keçmədi xəstəxanada zəhərləndi. Sən demə, aşırı dozada verilən bu dərman uşaqlar üçün nəzərdə tutulmayıb.

Analizləri verdikdən bir neçə gün sonra S.Abdullayeva bizi qəbul etdi və uşaqda FMF xəstəliyi (Ailəvi Aralıq dənizi qızdırması) olduğunu dedi. Bu xəstəlik genetikdir, həm də dövri xəstəlikdir. İş burasındadır ki, FMF xəstəliyinin diaqnozu üçün analizlər verilməlidir və onun nəticəsi də 40 gündən tez olmur. S.Abdullayeva isə bir gün ərzində bu qənaətə gəlmişdi.

Körpə sağalmırdı. Bir dəfə qızım internetdə bu xəstəlik barədə məlumat topladı. Aydın oldu ki, FMF xəstəliyinin diaqnozu üçün xəstə qan testindən keçməli, mutasiya olmalıdır. Bunu həkimə deyəndə qəzəbləndi ki, siz məndən çox bilirsiniz? Bir gün keçəndən sonra həkim dedi ki, uşaq yaxşılaşıb, evə apara bilərsiniz. Halbuki uşağın qızdırması düşməmişdi, qusma, ürəkbulanma davam edirdi.

Bir neçə gündən sonra S.Abdullayevaya zəng etdim. Uşağın səhhətində irəliləyiş olmadığını, əksinə, gündən-günə ağırlaşdığını dedim. O isə səbəbini bilmədiyini dedi. Daha sonra “Kolxiçin dispert” dərmanını uşağa vermədim. Bir gün sonra uşaqda qusma, ürəkbulanma dayandı”.

3 ay xəstəxana yollarında qalan E.Əliyev çarəni ölkə xaricində görüb. 2015-ci ilin iyulunda nəvəsini Moskvaya aparıb. Rusiya paytaxtının Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub:

“İyulun 23-də uşağı Moskvaya apardım. Analizlər yoxlandıqdan sonra məlum oldu ki, bizim həkimlərin qoyduğu bütün diaqnozlar səhv olub, uşaq onkoloji xəstəymiş. Moskvada həkimlər bir dəfə USM etməklə dəqiq diaqnoz qoydular. Halbuki Bakıda 5 dəfə USM olunmuşdu. İcazəmizlə uşağı yardılar və məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Artqı gec idi. Həkimlər dedi ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. İlkin müayinə zamanı xəstəlik aşkar olunsaydı, körpənin sağalma şansı var idi. 18 gün sonra, 2015-ci ilin avqustunda uşaq vəfat etdi”.

Həkimlərin bağışlanmaz səhvi nəticəsində yeganə nəvəsini itirən E.Əliyev 2 saylı Kliniki Uşaq Xəstəxanası, Mərkəzi Klinika, Sevinc Abdullayevaya və Samirə Orucovaya qarşı “Şəxsin sağlamlığına və əmlakına ziyan vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Məhkəməsinə müraciət edib:

“Uşağın atası Samir Novruzov 2 il öncə avtomobil qəzasında dünyasını dəyişib. Ailəmin yadigarı idi, nəvəmin ölümünü onlara bağışlamayacağam. Ötən ilin oktyabrında məhkəməyə müraciət etmişəm. Hakim Emin Mehdiyevin sədrliyi ilə dörd məhkəmə prosesi keçirilib. Sonuncu prosesdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə 8 sual ünvanlanıb. Növbəti məhkəmə prosesi ekspertizanın cavabından sonra məlum olacaq”./axar/


484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:15