Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Aprel 2016

Hərbi vətənpərvər yazıçılarımız

Təzəlikcə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin əməkdaşı Ceyran Əmiraslanova qəşəng bir söhbət eləmişdi. Deyir gərək gənclərimiz sosial şəbəkələrdən düzgün istifadə etsinlər, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırsınlar.

Doğrudan da, görürsən bəzi cavanlar sosial şəbəkədən adaxlıbazlıq, özünüreklam, hətta ən pisi ölkəmizi tənqid üçün yararlanır. Halbuki, evin zibili gərək evin içində qalsın, başqaları, özəlliklə bədnam qonşularımız bu problemləri görməsinlər.

İntəhası, Ceyran xanım “Azərbaycanın haqlı mövqeyini” nə üçün dünyaya çatdırmalıyıq, bu sahədə bizim öhdəliyimiz və zəhmətimizin dəyəri nə qədər olacaqdır, gərək bunları da konkret izah edəydi. Örnək üçün, prezident yanında QHT-lərə yardım şurası növbəti qrant siyahısını açıqlayıb, baxırsan ki, orda hətta bir təşkilata “Rio-2016 olimpiadasına dəstək” projesi üzrə 7 min manat ayrılmışdır. Yaxud, guya vətəndaşların əmək hüquqlarını müdafiə edən, ancaq indiyə qədər bir yaralı fəhlənin barmağına dərman olmayan QHT-yə 13 min ayrılıb. Sahibi çox şivən və həyasız tipdir, o üzdən adını bura bulaşdırmaq istəmirəm, üfunət qoxuyacağı şəksizdir. “Zərdabi Mətbuat Mərkəzi” adlı (mən 26 ildir jurnalistəm, ilk dəfə belə qurumun olduğunu oxudum - Z.H.) QHT isə “Jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” lahiyəsinə 10 min manat almışdır. Deyən gərək, Braziliyada keçirilən olimpiadaya biz niyə dəstək veririk? Jurnalistika camaata xəbər çatdırmalıdır, ancaq belə çıxır camaat dövlət büdcəsindən pul ayırır ki, jurnalistikanın təbliği istiqamətində maarifləndirici tədbirlər olsun!?

Uzun sözün qısası, Ceyran xanımın idarəsi zəhmət çəksin bizim də sosial şəbəkədə “Azərbaycanin haqlı mövqeyini dünyaya çatdırmaq” işlərimizə konkret dəstək versin. Müftə pendir siçan tələsində olur. O cümlədən, ac qarına vətənpərvərlik ancaq AzTV ekranındadır.
Bir neçə günlük aprel savaşımız zamanı (hərə bir rəqəm yazır, biri “beş günlük”, başqası “üç günlük”, ayrısı “dörd günlük” yazır, nazirliyin də konkret movqeyi ortada yoxdur, o üzdən mən Böyük Vətən Müharibəsinin neçə gün çəkdiyi haqda konkret bilgilərə malik deyiləm) Azərbaycan Yazıçılar Birliyi passivliyi ilə diqqət çəkmişdi, mən də bunu tənqid etmişdim. Əslində o idarə həmişə belənçik qorxaq olmuşdur. Zori Balayan, Silva Kaputikyan kimi erməni yazıçıları at oynadanda bunlar ev alveri edirdilər. Şair Vahid Əzizin dediyi kimi: “Qarabağda döyüşlərin şiddətli vaxtında Anar və Fikrət Qoca Türkiyədə gizlənmişdilər”. Son davada da harda isə kölgəyə çəkilmişdilər. Ancaq sağ olsunlar, heç olmazsa tənqiddən nəticə çıxarıblar. Mən ədalətli adamam, həyat ancaq ağ və qara rənglərdən ibarət deyil, boz da var. Aprelin 21-də AYB-də “Vətən əmanəti” adlı tədbir keçirilib, iclasda Anar müəllim aprel döyüşlərinin nəticələri haqda danışıb. Sitat: “Başa düşüldü ki, Azərbaycan öz torpağında vuruşur və işi haqdır. Ancaq bunu da bilirik ki, düşmənimiz də güclüdür. Ona görə çalışmalıyıq ki, əks təbliğatımızı da apara bilək. Bunun üçün isə ən önəmli silahlardan biri də sözdür”.
Doğrusu, “düşmən də güclüdür” ifadəsini AYB sədrinin ənənəvi nala-mıxa vurmaq tərzi kimi qiymətləndirdim. Düşmənin heç bir gücü yoxdur, əgər içimizdə bəzi qeyri-vətənpərvər yazıçılar olmasa. Ancaq hər halda yoxa lənət. Bu da bir mövqedir, yoxsa heç danışmırdılar. Üstəlik, AYB vətənpərvərlik işini daimi etmək üçün qurum daxilində Hərbi Vətənpərlik Komissiyası yaratmışdır. İndən belə Zakir müəllim döyüşə girən anda neçə şairə və şair istəsə qurumdan yardım kimi ala bilər. Şairələr tibb bacısı olacaq, şairlər isə düşmənə sözlə yara vuracaqdır! Axı qılınc yarası sağalır, söz yarası yox!

Könül istərdi ki, AYB daxilində iqtisadi islahatlarımızı, ASAN-Xidmətin yaradılmasını, Rio de Janeyro olimpiadasını tərənnüm edən komissiyalar da qayırılsın. Yoxsa adama elə gəlir Anar müəllim bizim manatın üzməsinə pis baxır. Kaş yanılaydım.

Z.Hacı/musavat
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...