Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Qazların yolunması mövsümü

Dünən internet resurslarında böylə bir xəbər başlığı vardı: “Azərbaycan biznesin yoxlama sayını 500 dəfə azaldıb”. Əslində xəbərin başlığı aşağıdakı cür olsa daha yaxşı olardı: “Azərbaycanda biznesin yoxlanılması faktları 500 dəfə azalıb”.

Amma bu heç, bunu ötürək, başlıq boş şeydir, əsas məsələ xəbərin məzmunudur. Xəbərdə bildirilir ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının iki il müddətinə dayandırılmasından (2015-ci il noyabrın 1-dən) sonra yalnız 44 yoxlama aparılıb, o cümlədən 2016-cı ilin birinci rübündə 34 yoxlama həyata keçirilib.

Özü də bunu jurnalistlərə elə vəzifəli şəxs deyib ki, onun sözünə şəkk gətirmək olmaz. İqtisadiyyat naziri Şahin Mustafayev Sahibkarlar Gününün təsis edilməsinə həsr edilmiş mətbuat konfransında onu da deyib ki, 2015-ci ilin birinci rübündə 19 mindən çox yoxlama aparılıb.

İndi siz rəqəmlərə baxın: 34 yoxlama hara, 19 min yoxlama hara?

Belə çıxır ki, 15 noyabra qədər bu ölkədə yazıq sahibkarların gün-dirriyi yox imiş, adamları ayda azı on dəfə yoxlayırmışlar, yoxlayanların biri gəlir, biri gedirmiş.

Bu, hələ rəsmi rəqəmlərdir. Yəqin ki, iki o qədər yoxlayıcı da müəssisəyə gəlir, amma xətirlər xətrinə, hörmət-rüşvət müqabilində yoxlamadan vaz keçir, öz xəraclarını alıb rədd olurmuşlar.
Başqa cür mümkün deyil. Bura yoxlayıcılar, müfəttişlər, auditorlar, nəzarətçilər, hesablayıcılar ölkəsidir, ən maraqlı və gəlirli iş başqalarını yoxlamaqdır. Çətin də deyil, qovluğunu, çantanı qoltuğuna vurub gəlirsən hansısa müəssisəyə, oturursan rahat bir kabinetdə, deyirsən, nəyiniz var, gətirin, tökün ortalığa, görüm qanuni işləyirsinzmi.

Bizim camaat da, Allaha şükür, nə qədər desən, alay-dolay iş görər, sən bircə ona qanuni iş demə. Qanunlara, standartlara uyğun iş görməkdənsə, gedər dünyanın ən ağır və ən qeyri-standart işini görər, üzünü turşutmaz, amma qanun adı gələndə, sanarsan, cır alça yeyib.
Ona görə də bu ölkədə dədə-babadan müfəttişlərin, yoxlayıcıların işi yağ kimi gedib, həmişə ortada yoxlayıb, qıraqda qoxlayıblar.

Bu üzdən idi ki, sovet dönəmində ən bahalı ali məktəb “Narxoz” idi. O məktəbi qurtaranlar müfəttiş olurdular, sosialist əmlakını dağıdanları yoxlayırdılar, daha dəqiqi, dağıdanlardan öz paylarını alırdılar. Arada mərdimazarlıq edib adam tutdurmaqları da olurdu.

Bir ara bu yoxlayıcıların üzündən iş adamlarının arasında ən çoxişlək söz beləydi: “Vallah, ta canımdan bezmişəm. Gündə biri gəlib yoxlayır. Belə getsə, pencəyimi də götürüb gedəcəm ölkədən”.

Əlbəttə ki, “pencəyi götürüb getmək” feilinin arxasında işlətdiyi müəssisəni tamam-kamal bağlayıb getmək nəzərdə tutulurdu və hamı olmasa da, bir xeyli adam məhz bu cür elədi. İndi onların səsi Rusiyadan, Türkiyədən, Ukraynadan, Qazaxıstandan, Belorusdan gəlir.
O gün Astanada bir neçə azərbaycanlı iş adamı ilə söhbət edərkən, onlardan məhz o ölkədə sahibkarlıq fəaliyyətinə müdaxilə edənlər haqda soruşdum (Ümumiyyətlə, bu ölkədə necə gözüqıpıq olmuşuqsa, getdiyimiz ölkələrdə hansısa biznesmenlə həmsöhbət olarkən adətən “xərac tələb edənlər”i soruşuruq). Onlardan biri dedi ki, xeyr, bu ölkədə müəyyən olunmuş vergisini aybaay verən sahibkarın işinə burun soxan yoxdur. Başqa bir sahibkar da dedi ki, sənədləri və işi-gücü qaydasında olan biznesmenə heç kəs ilişmir.

Belə göründü ki, azərbaycanlı yoxlayıcıların qazax həmkarları fərasət sarıdan o məsələ... Necə ola bilər? Yəni bir şey tapıb sahibkarları dolaşdırmaq, ilişdirmək olmazmı? Çoxmu kristaldırlar onlar - yəni sahibkarlar və müfəttişlər?

Bax, indi hökumət sahibkarlıq fəaliyyətinin yoxlanılmasını iki illiyə dayandırmasaydı, təkcə bu rüb bizimkilər 20 min sahibkarı dolaşdırmış və çığırda-çığırda pullarını əllərindən almış olardılar. Amma bu il elələri cəmi 34 olub. Kim bilir, nə ediblərmiş.

Belə baxanda yoxlayıcılar da yazıqdırlar, ailə saxlayırlar, indi yoxlamaya getmədən necə dolanırlar, nə yeyib-içirlər?

Yenə ümid iki il sonrayadır. Ona qədər sahibkarlar yaxşıca pullanacaq, ev qazı kimi tüklənəcək, yağlanacaqlar. 2018-də ilk qar yağdımı, qazların yolunmaq mövsümü başlayacaq, yoxlayıcılar onları tutub yolacaq, qazana (“katyol”a) basacaqlar.

Samir Sarı/musavat
478 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı