Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2016

Tağı Əhmədov niyə şərəf davası aparmır?

Yaxud hakim partiya 3 milyonun hesabatını verməlidir

“Metropoliten”in keçmiş şefi Tağı Əhmədovun “3 milyon əməliyyatı” hələ də müzakirə mövzusudur. Hamı sual edir ki, Tağı Əhmədov bu 3 milyon manatı hardan alıb, insanlar izahat istəyirlər. Təbii ki, bu suallar əsaslıdır və normal hökumət buna aydınlıq gətirməlidir. Bir daha xatırladaq ki, Tağı Əhmədov həm də YAP Yasamal şöbəsinin sədridir. Yəni hakim partiya bu söz-söhbətə aydınlıq gətirməyə daha çox maraq göstərməlidir.

Qeyd edək ki, Tağı Əhmədov “Metropoliten” rəisi olduğu dövrdə “Azadlıq”ı məhkəməyə vermişdi və məhkəmə qəzeti 30 min manat cərimələmişdi. Həmin vaxt Tağı Əhmədov iddia etmişdi ki, “Azadlıq” qəzeti onun şərəf və ləyaqətinə toxunub. Bəli, “Azadlıq” qəzeti “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı məqalə dərc etmişdi. “5 qəpik” ittihamını özü üçün şərəf və ləyaqət məsələsinə çevirən adam, 3 milyon məsələsinə niyə aydınlıq gətirmir? Axı, “Metropoliten” rəisinin əmək haqqı ilə 3 milyon qazanmaq mümkün deyil. Belə çıxır ki, Tağı müəllim bu pulları qeyri-qanuni yollarla qazanıb, vəzifəsindən sui-istifadə edib. Deməli, “Azadlıq” qəzeti şər-böhtan atmırmış, sadəcə olaraq rəqəmlərdə səhvə yol verib. Bəlkə də Tağı müəllim onun qazancını 5 qəpiklərlə ifadə etdiyimiz üçün bizə qəzəblənibmiş. Bəlkə də “Tağı Əhmədov milyonları mənimsəyir” başlıqlı yazı dərc etsəydik, yeraltı dünyanın şefi bizi məhkəməyə çəkməzdi. Istənilən halda “şərəf və ləyaqət” şüarı ilə “Azadlıq” qəzetinin üstünə gələn adam, Çovdarova təhvil verdiyi 3 milyonun hesabatını da verməlidir.

Amma məsələ bununla da bitmir. Bildiyiniz kimi, YAP digər partiyalardan hesabat tələb edir. Bugünlərdə yeni qərar qəbul olundu ki, siyasi partiyalar aldıqları ianələrin hesabatını verməlidir, onlara verilən pulların mənbəyi bilinməlidir. YAP-ın siması kimi çıxış edən şəxslər də mətbuata açıqlamalarında bu məsələni bir daha qabartdılar və partiyaları YAP-dan nümunə götürməyə səslədilər.

Görəsən, siyasi partiyalara verilən 5-10 manat ianənin hesabatını istəyən hakim partiya, YAP-ın Yasamal şöbəsinin sədrindən niyə bu hesabatı tələb etmirlər? Bir daha təsdiqlənir ki, bizim illərlə yazdıqlarımız həqiqətdir. Bir qrup adam milyonçuya çevrilib, milyonlarla adam qəpiyə güllə atır. Bildiyiniz kimi, “Metropoliten” hər il dövlətdən dotasiya alıb və bu dotasiya on milyonlarla ölçülür. Hakim partiya isə susur. Müxalifət liderlərinin olmayan varidatını axtaranlar YAP üzvlərinin olan milyonlarını axtarmaqda maraqlı deyil.

Təbii ki, milyardları mənimsəyən nazir evində oturubsa, milyonları mənimsəyənlərə təhlükə yoxdur. Bu hökumət üçün 3 milyon mənasız vəsaitdi və belə xırda pullara görə kiminsə xətrinə dəyməzlər.

Sadəcə olaraq xatırlatmaq istədik ki, partiyalardan izahat istəmək, şərəf və ləyaqətdən dəm vurmaq üçün təmiz bioqrafiyanın olması vacibdir./azadliq/
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber