Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2016

Əsl qiymətini almayan qəhrəman

Şəhid Rasimin qazi atası hansı çətinliklərdən keçib?

Şəhidlik böyük zirvədir və vətən uğrunda şəhid olanlar, sağlamlığını itirənlər, onların ailələri ən yüksək səviyyədə qayğı ilə əhatə olunmalıdır. Bu adamlar cəmiyyətə müsbət nümunə kimi təqdim edilməli, cəmiyyətin dəyərinə çevrilməlidir. Gənc nəsil də əyani şəkildə görməlidir ki, şəhiddən, qazidən böyük rütbə yoxdur. Yəni, vətənpərvərlik, milli ruh ucuzlaşdırılmamalı, süni libas geyinməməlidir.

Amma təəssüf olsun ki, yaşadığımız ölkədə şəhidlərə, qazilərə lazımi diqqəti, qayğını görmürük. Mövcud hakimiyyətin yürütdüyü siyasət bütün dəyərləri ucuzlaşdırdığı kimi şəhid adını da, vətənpərvərlik hissini də ucuzlaşdırmağa xidmət etdi.


Aprelin əvvəlində cəbhə bölgəsində atəşkəsin pozulması nəticəsində ciddi döyüşlər getdi və bu döyüşlər zamanı 100-dən artıq hərbiçimiz şəhid oldu. Bu şəhidlərdən biri də Rasim Məmmədov idi. Rasim 17 illik hərbi xidmətdə oldu və qəhrəmancasına şəhid oldu. Rasimin atası Əbdül Məmmədov da Qarabağ qazisi idi. O, Naxçıvanda olan “Mil düzü” hündürlüyünün alınmasında batalyon komandiri kimi vuruşmuşdu. I qrup Qarabağ əlili idi. 6 dəfə kliniki ölüm keçirmişdi. 23 ilə yaxın idi ki, ağır xəstəliklə mübarizə aparırdı. Amma övladının itkisinə dözə bilmədi və dünyadan köçdü.

Bəli, ata və oğul vətən uğrunda şəhid oldular. Oğul birbaşa döyüşdə şəhid oldu, ata isə müharibədə iki ayağını itirdi və uzun illərdən sonra dünyasını dəyişdi.

Məsələ burasındadır ki, vətən uğrunda iki ayağını itirən, 23 il ağır şəraitdə yaşayan Əbdül Məmmədova haqq etdiyi qiymət verilməmişdi. Əbdül Məmmədov Heydər Əliyev tərəfindən milli qəhrəmanlığa təqdim edilsə də, sonradan Ali Məclisdə onun sənədləri itir. Amma bu qətiyyən inandırıcı görünmür. Əgər siyasi iradə olsaydı Əbdül Məmmədova milli qəhrəman adı verilərdi. O, sənədlərin sürətini tapmaq da, Əbdül Məmmədovun Qarabağ qazisi olduğunu sübut etmək də çətin deyildi. Ən azı onu başqa dövlət ordenləri ilə təltif edə bilərdilər. Amma biganə münasibət bununla da məhdudlaşmayıb. Əbdül Məmmədova 13 il hərbçi kimi pensiya vermədilər. Ona əlil kimi 100 manata yaxın pensiya verirmişlər. Bəli, hər ay ayağının müalicəsinə 1000 manat xərcləyən adama, 100 manat pensiya verirmişlər. Uzun məhkəmə çəkişmələrindən sonra Əbdül Məmmədov hərbçi təqaüdü ala bilib.

Zaman göstərdi ki, sağlamlığını vətən yolunda fəda edən Əbdül Məmmədovun oğlu da vətən uğrunda döyüşdə şəhid oldu. Amma zaman onu da göstərdi ki, bu hökumət üçün vətən üçün canından keçənlər böyük əhəmiyyət kəsb etmir. Normal ölkədə Əbdül Məmmədov müxtəlif fəxri adlarla mükafatlandırılmalı, deputat maaşından çox təqaüd almalıydı. Çünki, torpaq uğrunda ölən varsa vətəndir. Belə adamların fədakarlığı sayəsində torpaq vətənə çevrilir.

Xalq qarşısında heç bir xidməti olmayanların ən yüksək fəxri adları, ən yüksək səviyyədə maddi təminatları var. Danılmaz xidmətləri olanlar isə ömürlərinin sonuna qədər ehtiyac içində yaşayırlar. Bura Qarabağ qazilərinin intihar etdiyi, şərlənərək həbsə atıldığı, fəxri adlardan məhrum edildiyi ölkədir.

Allah şəhidlərimizə rəhmət eləsin! Bir gün bu ölkədə ədalətli, milli ruha söykənən bir hökumət olacaq. O zaman qəhrəman atalar da, qəhrəman oğullar da lazımi diqqət və qayğıyla əhatə olunacaqlar.
545 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı