Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2016

Cəlilabad Əzizovun işğalı altındadır – ŞOK RƏQƏMLƏR

Azərbaycanın ən geridə qalmış, bərbad rayonlarından biri də Cəlilabaddır. Rayonun xarabalığa çevrilməsinin, yollarının sıradan çıxmasının, məmur özbaşınalığının baş alıb getməsinin tək səbəbkarı var, o da icra başçısı Əziz Əzizovdur. Bu şəxs nə az-nə çox düz 10 ildir ki, rayona rəhbərlik edir. Amma onun Cəlilabada rəhbərliyi bu günə qədər rayon sakinlərinə müsbət tərəfdən heç nə verməyib. Əksinə, icra başçısı ötən 10 il ərzində dövlət büdcəsinin hesabına öz imkanlarını yaxşılaşdırıb, biznes əlaqələrini inkişaf etdirib. Bu gün Cəlilabad sakinləri arasında sorğu keçirilsə, əksəriyyət başçının fəaliyyətindən narazı olduğunu bildirəcək və onun dəyişdirilməsini ölkə rəhbərliyindən xahiş edəcək. Apardığımız araşdırmalar göstərir ki, 2006-cı ildən rayona başçılıq edən məmur yalnız və yalnız şəxsi maraqları üçün çalışıb. Belə ki, dövlət büdcəsindən rayonun abadlaşması, sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə ayrılan milyonlar hesabına icra hakimi özünə super şərait yaradıb.

Məsələn, başlayaq Əziz müəllimin Cəlilabaddakı çörək biznesindən. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, icra başçısı rayondakı bütün çörək sexlərinin fəaliyyətini iflic hala salıb. O özünə şəxsi çörək zavodu açaraq bütün sexlərdəki çörək istehsalını qadağan edib: «Rayondakı bütün çörək istehsalı və satışı başçının monopoliyasındadır. Hətta rayondakı təndirxanaları dağıtdırıb. Təndirxana demir, özəl sex demir, hamısını bağlatdırır. Rayonda bir dənə də olsun təndir görə bilməzsiniz. Hamısı başçının göstərişi ilə sökülüb. Az qalır ki, evdə bişən çörəklərə də müdaxilə etsin. Hətta Cəlilabad azmış kimi, indi də ətraf rayonlara girişir. Belə görünür ki, tək rayonda deyil, ölkədəki çörək istehsalını və satışını monopoliyaya almaq istəyir. Mövzu çörək olunca, icra başçısının gözü heç nə görmür. Hətta hakimiyyət nümayəndələrindən birinə məxsus çörək zavodundan gələn çörəklərin belə rayona girişinə qadağa qoyub.

Halbuki, bunu etmək olduqca risklidir. Amma məsələ çörəkdirsə, başçı hər yola əl atır. Çörək sexi sahiblərini həbs etdirməklə hədələyir. Başçı burada özü üçün kiçik dövlət qurub. Düz 10 ildir bu əhalinin canın boğazına yığıb. Başçının çörək sexi tam gücündə işləyir. Əksər vaxt gecə Cəlilabadın mərkəzi zülmət qaranlığa qərq olanda, qaz kəsiləndə çörək sexində işıqlar yanır, qaz problemi yaşanmır. Hətta fövqəladə hal yaranıb qaz kəsilsə çörək sexinin anbarına doğranıb yığılan qiymətli ağacların odunları iş ahənginin pozulmasına imkan vermir. Bir sözlə çörək zavodunu gözləri kimi qoruyurlar». Qeyd edək ki, Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ötən 10 il ərzində ölkə başçısı bu rayonla bağlı bir neçə sərəncam imzalayıb. Həmin sərəncamlara müvafiq olaraq rayonun inkişafı məqsədilə dövlət büdcəsindən milyonlarla vəsait ayrılıb. Amma bu vəsaitlərin qarşılığında Cəlilabad rayonu tamamilə bərbad vəziyyətdədir. Büdcə vəsaitləri Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir.

İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir: «Gözdən pərdə asmaq üçün qismən abadlıq işləri aparılan yerlər var ki, onun da xərci icra başçısının xırda sahibkarlardan zorla aldığı töycü hesabına ödənilib. Torpağının münbitliyinə görə Cəlilabad SSRİ dövründə 2-ci Ukrayna adlandırıldı. Bu gün də Cəlilabadın o münbit torpağı maşınlarla Bakıya daşınır. Torpağı belə satıb, gəlir əldə edir. Digər bölgələri öz torpağıyla yaşıllığa çevirən Cəlilabad şəhərinin mərkəzi səhranı xatırladır. Başçı büdcə pulları ilə özünə hər cür şərait yaradıb. Məsələn, “Tut bağı” adlanan yerdə böyük şadlıq evi tikdirib. Qeyri-rəsmi göstərişə əsasən rayonda aşağı vəzifə daşıyan şəxs belə xeyir işini mütləq bu şadlıq evində keçirməlidir. Əks halda başçı onlara problem yaradır. Bundan başqa, rayonun səhiyyəsinə, təhsilinə ayrılan vəsaitlərə də başçı əl qoyur». Araşdırmalar nəticəsində məlum olur ki, Əziz Əzizov bəzi şəxslərlə Bakıda böyük biznes şəbəkəsi qurub.

Buraya əsasən şadlıq evləri, yaşayış binaları və digər obyektlər daxildir. Məlumata əsasən, bu obyektlərin inşasına icra başçısı daha çox pul yatırdığından indi həmin obyektdəki payının da sərmayəsinə uyğun olmasını istəyir. Ancaq onun biznes ortaqları isə buna cavab olaraq bildirirlər ki, Əziz Əzizov çox pul ayırsa da, Bakıda həmin obyektlərin tikilməsinə yer alınması, tikinti işinin razılaşdırılması və obyektlərin sənədləşdirilməsi onlar tərəfindən həyata keçirilib. Buna görə də onların payı daha çox olmalıdır. Bu isə tərəflər arasında ciddi mübahisə və qarşıdurma yaradıb. Qeyd edək ki, icra hakiminin həftənin əksər günlərini Bakıda olması və burada müxtəlif restoran və saunalarda kef məclisi qurması barədə də məlumatlar var. Vəzifəyə gəldiyi ilk illərdə hətta suyu da “üfürə-üfürə” içən icra başçısı sonradan o qədər var-dövlət sahibi olub ki, cəlilabadlıların dediyinə görə, indi ayağı gözünün altını görmür. Karyerasını tramvay parkında ustalıqla başlayan Əziz Əzizovun yaxşı biznesmen, bərbad idarəçi olduğu deyilir./yenicag/
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP