Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2016

Hansı məmuru silkələsən, kompromat tökülür

Talançılığın şəffaf mənzərəsi


Hər məmur bu qədər mənimsəyirsə…

Mənəvi dəyərlərin tapdaq edildiyi ölkədə istənilən formada eybəcərliklə rastlaşmaq mümkündür. Bu illər ərzində qanunsuzluğun, talançılığın, yalanın hər üzünü gördük və mövcud hakimiyyət bu qədər faktlardan sonra da mahiyyətini dəyişmədi.


Elə bir vəziyyət yaranıb ki, vəzifəli şəxslər utanmadan, heç bir məsuliyyət hiss etmədən rüşvət verdiklərini, vəzifələrindən sui-istifadə etdiklərini rahatlıqla söyləyə bilirlər. Bugünlərdə məlum oldu ki, “Metropoliten”in keçmiş şefi Tağı Əhmədov hazırda həbsdə olan MTN generalı Akif Çovdarova 3 milyon manat rüşvət verib. Tağı müəlllim ona dəyən zərərlə bağlı hüquq mühafizə orqanlarına şikayət də edib. Tağı müəllim arxayındır ki, heç kim ona “bu pulları hardan alımısan” sualını verməyəcək. Çünki, bu hökumət komandası üçün 3 milyon tum puludur və belə “xırda” məsələlərin hesabı aparılmır.

Amma bugünlərdə daha bir fakt ortaya çıxdı. Belə ki, Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri, martın 7-də həbs olunan və daha sonra ev dustaqlığına buraxılan Vəli Əsgərovun vəkilləri mətbuat konfransı keçiriblər. Məlum olub ki, Vəli Əsgərovun həbsindən sonra onun bütün əmlakı əlindən alınıb. Alınmış əmlkalar sırasında keçmiş nazirin Şahbuz rayonundakı fərdi evi, Bakıdakı 3 mənzili, quşçuluq fabriki, un fabriki, çörək fabriki də var. Üstəlik, keçmiş nazirin 50 qohumu da işdən azad edilib. Vəkillər bildiriblər ki, qaz və işıqdan qanunsuz istifadə adı altında ona 57 min manat cərimə, 650 min manat vergi borcu yazılıb.

Əvvəla, bir daha təsdiq olunur ki, rejim eybəcər olanda ona xidmət edənlər, bu çirkaba bulaşanlar da sığortalanmır. Yuxarıda oturanların tamahı güc gələndə öz “bala”larını da yeyirlər.

Amma toxunmaq istədiyimiz əsas məqam yenə də korrupsiya, talançılıqla bağlıdır. Vəli Əsgərov yüzüncü dərəcəli məmur olub. Yəni bu ölkədə Naxçıvanda nazir vəzifəsindən daha üstün sayılan vəzifələr var. Amma bu adam Naxçıvanda nazir olmasına baxmayaraq fabriklərə, evlərə, avtomobillərə sahib olubmuş. Adamın bütün nəsli müxtəlif dövlət strukturlarında çalışırmış. Yəqin ki, vəkillərin sadaladığı əmlaklar tam siyahı deyil. Amma bu siyahıda göstərir ki, bu ölkədə ən kiçik məmur da milyonçuya çevrilə bilir. Səlahiyyət sahibi olan hər kəs çapıb-talamaqla məşğul olur. Bu hökumətin kadrları üçün vətənə xidmət, vətənin sərvətlərini şəxsi sərvətə çevirməkdən ibarətdir.

Təsəvvür edin ki, bu adamların talan etdiyi pullar ölkə iqtisadiyyatına, təhsilə, səhiyyəyə, kənd təsərrüfatına yönəldilsəydi, hansı nəticələr əldə olunardı. Yaxud mövcud büdcəmizin həcmi hansı səviyyədə olardı.

Bütün bunlar bir yana qalsın. Yüzlərlə məmur milyonçuya çevrilib. Heç olmasa bu sərvətin cüzi bir hissəsini məcburi müalicəyə ehtiyacı olanlara, təhsil haqqını ödəyə bilməyənlərə, ölkə daxilində müxtəlif xeyriyyə işləri görməyə sərf edə bilərdilər. Amma bunlar xalqdan oğurladıqlarının 1 faizini də xalqa qaytarmaq istəmirlər.

Sonra da korrupsiyaya qarşı mübarizədən danışırlar. Əgər bütün vəzifəlilər milyonları “tum pulu”na çeviribsə, heç bir mübarizə nəticə verə bilməz. Milyonlarla vətəndaş çörək pulu tapa bilmir, milyonlarla insan banklara borc ödəyir, intiharlar adi hal alıb, amma bir qrup məmur özünü və ətrafını qızıla bürüyüb.

Bəli, faktlar da göstərir ki, sistem bütövlükdə korrupsiyaya yoluxub. Vicdanla, halallıqla vəzifəsini icra edən, sadə məmur həyatı yaşayan şəxsin nümunəsi yoxdur. Hansı məmuru silkələsən, kompromat tökülür.

Bir daha aydın olur ki, bu ölkəni neftin qiymətdən düşməsi, qlobal böhran yox, acgöz və yarıtmaz idarəçilik məhv edir. Məmurlar dövlətin sərvətinə qarışqa kimi darışıblar və nəticədə dövlətin “şirə”si tükənib. Nə qədər ki, bu “ənənə” davam edir, neftin qiyməti 500 dollar olsa da nəticə dəyişməyəcək.

İlham Hüseyn/azadlıq
1615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı