Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2016

Hökumətin “səbr kasası” çox dərin imiş

Yaxud Novruz Məmmədovun qeyri-müəyyən proqnozu

Hökumətimizin qəribə xarakteri var. Kimsə ölkədəki ədalətsizliyə etiraz edəndə, kimsə korrupsiyadan, saxtakarlıqdan yazanda, kimsə haqqını tələb edəndə hökumətin “səbr kasası” dərhal dolur. Yəni haqlı tənqidə, əsaslı ittihamlara qətiyyən dözüm nümayiş etdirə bilmirlər. Nəticə budur ki, ölkədə 100-ə yaxın siyasi məhbus var, azad mətbuat sıradan çıxarılıb, müxalifətə qarşı müharibə elan edilib və s.

Amma dövlətin maraqları, xalqın rifahı müzakirə mövzusu olanda hökumət qətiyyən tələsmir, səbrli olur, tolerantlıqdan, sülhpərvərlikdən dəm vurur.


PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun növbəti açıqlaması da bu qəbildəndi. Şöbə müdiri deyib ki, Azərbaycanın səbri tükənə bilər və bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar.

Deməli, 24 ildir 20 faiz torpağımız düşmən tapdağındadır, bir milyondan artıq məcburi köçkünümüz var, Qarabağ döyüşlərində minlərlə insanımız həlak olub və düşmən hər gün atəşkəsi pozmaqda davam edir. Əlbəttə ki, səbrin tükənməsi üçün bundan böyük səbəb ola bilməz.

Amma düşmən 24 il əvvəlki işğalçılıqla da kifayətlənməyib. Son bir ayda 100-ə yaxın hərbçimiz şəhid olub, 200-dən artıq ev dağıdılıb, 16 nəfər mülki vətəndaş həlak olub və Ermənistan heç bir güzəştə getməyəcəyini bəyan edir.

Amma Novruz Məmmədov bu boyda həngamədən sonra “səbrimiz tükənə bilər” mesajını verir. Yəni hökumətimizin səbri hələ genişdir və “lazım” gəlsə, tükənə bilər. Bəli, “lazım” nəinki cəbhə bölgəsinə, heç hökumətimizin səbrinə tərəf də gəlməyib. 20 faiz torpağı işğal edən Ermənistan israrla atəşkəsi pozur, mülki əhalini güllə-boran edir, səbr etmək istəmir, amma işğala məruz qalan tərəf səbr kasasını genişləndirməklə məşğuldu.

Bəs, bu hökumətin səbri nə vaxt tükənəcək? 24 ildir səbrlə “sülh danışıqları” aparırlar və məlum oldu ki, bu danışıqlar “brak” çıxıb. Indi səbr kasasının çat verən vaxtıdır. Bu vəziyyətdə səbr etmək imandan yox, imansızlıqdandır.

Bütün dünya gözləyir ki, Azərbaycan hökuməti qətiyyətli qərar qəbul edəcək və bu məqamda Novruz Məmmədov səbrin gələcəkdə tükənməsiylə bağlı proqnoz verir.

Bütün ölkələrin görməyinə gəlincə, dünya Azərbaycan hökumətinin səbrinin tükəndiyini yox, Azərbaycanda şəffaflığın, ədalətin, qanunun aliliyinin, söz azadlığının tükəndiyini görür. Dünya onu da görür ki, bu ölkədə Qarabağ qazisi haqlı tənqidlərinə görə qondarma ittihamlarla həbs olunub, şəhid ailələrinin sığorta pulu verilmir, orduya dəstək verən müxalifət lideri hədəf seçilir və s.

Yəqin ki, dünya da, düşmən də hökumətimizin səbrinin tükəndiyini hiss edəndə adekvat addımlar atacaqlar. Indiki halda isə bu müşahidə olunmur.

Görünür, bunların “səbr kasası”nın altı quyuya bərkidilib və bu quyunun dibi görünmür./azdlıq/
379 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06