Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2016

Bakıda polisə silah çəkən general Kəmaləddin Heydərovun mühafizəçisidir

Bakıda Fövqəladə Hallar Nazirliyinin general-mayorunun bir neçə gün əvvəl polisə silah çəkməsi barədə xəbər vermişdik. Criminal-a həmin generalla bağlı maraqlı məlumat daxil olub.

Məlumat üçün bildirək ki, polislə general arasındakı insident aprelin 30-dan mayın 1-nə keçən gecə Binəqədi rayonunda baş verib. Bakının 6-cı mikrorayon ərazisində “Lexus” markalı avtomobilin sürücüsü (dövlət nömrə nişanı 90 SH 900) polisə silah çəkib. Müəyyən olunub ki, gecə saat 02.00 radələrində S.Məmmədov küçəsində Baş Xüsusi Dövlət Mühafizə İdarəsinin 31 yaşlı zabiti Famil Quliyevlə FHN-in xidmət rəisi, 39 yaşlı general-mayor Ramil Cəfərov arasında münaqişə yaranıb. Quliyev “Mercedes” markalı avtomobilin, Cəfərov isə “Lexus”un sükanı arxasında olub.

Münaqişənin səbəbi sürücülərin bir-birlərinə yol verməməsi olub. Bu zəmində generalla zabit arasında mübahisə yaranıb. General Cəfərov F.Quliyevi təhqir edərək hadisə yerindən uzaqlaşıb. Bu zaman F.Quliyevin arxasınca “Opel” markalı avtomobili ilə hərəkət edən tanışı-sahə müvəkkili Rafael Xudiyev generalın avtomobilinin arxasınca düşüb, onu ötüb və qarşısını kəsib. Bundan bərk qəzəblənən general maşından çıxaraq “Jeriko” markalı tabel silahını çıxarıb və polisə tərəf tuşlayıb. Lakin polis generala yumruq zərbəsi endirib və onun silahını əlindən alıb. Daha sonra hadisə yerinə Binəqədi polisinin əməkdaşları gəlib.

Criminal.az-a daxil olan məlumata görə, Ramil Cəfərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun mühafizəçisidir. Hazırda nazirin mühafizə xidmətinin rəisi işləyir.

Maraqlı olan odur ki, R.Cəfərovun tutuduğu vəzifə ştatda olmadığından bir müddət əvvəl K.Heydərov onu Mülki Müdafiə Qoşunlarının komandan müavini təyin edib. Ötən il dekabrın 14-də R.Cəfərova general-mayor rütbəsi verildikdən sonra isə yenidən mühafizə xidmətinə rəis vəzifəsinə qaytarılıb.

İş üzrə materiallar Binəqədi prokurorluğuna verilib. Məsələ ilə bağlı isə FHN-dən məlumat əldə etmək mümkün olmadı.
531 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber