Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Səfərbərlik rəsmən təsdiqləndi

Yenidən hərbi xidmətə çağrılanların sosial problemləri necə həll olunacaq?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik elan olunması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətdən verilən məlumatda qeyd olunur ki, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Səfərbərliyin elan olunması barədə yayılan məlumatlarla bağlı bildiririk ki, ehtiyatda olan hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılması işi mütəmadi olaraq aparılır. Hazırda aprel çağırışının yekunu ilə əlaqədar hərbi xidmətdən ehtiyata buraxılanların hərbi vəzifəlilərin qeydiyyatına alınması, eyni zamanda ehtiyatda olan resurslar barədə məlumatların bir daha dəqiqləşdirilməsi həyata keçirilir.

Nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyin tələblərinə əsasən bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir.

Əgər Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılacaqlar”.

Rəsmi struktur ehtiyatda olan zaiblərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çağrılmasını normal hal kimi dəyərləndirib. Baş verənləri Azərbaycanın geniş miqyaslı hərbi əməliyyatlara hazırlaşması kimi dəyərləndirmək olarmı?

Üzeyir Cəfərov: «Ordudan təxris olunanların qeydiyyatına yenidən baxılır»

Ekspert Üzeyir Cəfərov bildirdi ki, nə qədər ki, torpaqlarımız işğal altındadır və danışıqlar prosesi nəticə vermir Azərbaycan vətəndaşı müharibəyə hazır olmalıdır. Amma hazırda aparılan səfərbərliyin resursların dəqiqləşdirilməsinə xidmət etdiyini düşünən Ü.Cəfərov vurğuladı ki, Azərbaycan yaxın zamanlarda cəbhə bölgəsində əsaslı dönüş yaratmaq fikrindədir: «Ordudan təxris olunanların qeydiyyatına yenidən baxılır. Amma bu səfərbərlik anlamına gəlməməlidir. Azərbaycanın yetərincə səfərbərlik resursları var və onlar istənilən vaxt hərəkətə gətirmək olar. Müdafiə Nazirliyinin ehtiyatda kifayət qədər resursu var və bu resurs istənilən an qarşıya qoyulan tapşırığı yerinə yetirə bilər. Azərbaycan ordusu kifayət qədər təcrübəli və müasir silahlara malik ordudur».

Bəs əgər səfərbərlik və ya təlim başlayarsa orduya çağrılanların aqibəti necə olacaq? Dövlət və özə təşkilatlarda çalışanların hüquqları qanunla tənzimlənir. Onların iş yerləri saxlanılır və əmək haqları ödənilir. Bəs, şəxsi biznesi olanları, gündəlik pul qazananları nə gözləyir?

Müzəffər Baxışov: «Səfərbərlikdən öncə dövlət başçısının xüsusi fərmanı olmalıdır»

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, səfərbərlikdən öncə dövlət başçısının bununla bağlı xüsusi fərmanı olmalıdır. M.Baxışovun sözlərinə görə, ilk növbədə məhz yüksək vəzifəli şəxslərin övladları səfərbərliyə cəlb olunmalıdır. İşləyən şəxslərə gəlincə isə M.Baxışov bildirdi ki, bu məqamlar qanunla tənzimlənir: «Kiminsə rəsmi iş yeri varsa, vətəndaşın səfərbərliyə çağrıldığı müddətdə həmin yer saxlanılır və əmək haqqı ödənilir. Amma kimin rəsmi iş yeri yoxdursa, ona vəsait ödənilmir».

Rəsmi iş yerləri olmayanlarla bağlı qanundakı boşluğa gəlincə, M.Baxışov vurğuladı ki, rəsmi iş yerləri olmayanların yalnız səfərbərlik müddətində sağlamlıqlarına xəsarət yetirilərsə, dövlət onlara kompensasiya verə, müalicələrini təşkil edə bilər./azadlıq/
588 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16