Şrift ölçüsü:
A+
A
A-
Kr
05 May 2016

Xarici siyasətimizin tualeti

Keçmiş MTN generalı Akif Çovdarovun Metro Tağını soyması boyunda yeni detal üzə çıxmışdır. Sən demə, 3 milyon manatı Çovdarova Tağı müəllim özü verməyibdir, Xarici İşlər Nazirliyimizdə çalışan oğlu Ruslan Əhmədov vasitəsiylə göndərmişdir.

Burada Ruslan müəllimin iş yeri çox maraqlıdır. Demək, Tağı müəllimin oğlu dünyaya Azərbaycan həqiqətlərini yaymaqda ikən arada fasilə verib dədəsinin milli reketlərimizə ödədiyi pulları da çatdırırmış. Nə etməli, o boyda ağsaqqal adam yerin altından, YAP Yasamal rayon təşkilatından və AYB-dən çıxaraq əlində pul dolu diplomat küçədə gedəsi deyildi, bir diplomat pulu məhz diplomat çatdırsa yaxşıdır. Çünki diplomatik toxunulmazlığı vardır.

Əgər Tağı müəllim pulu özü aparsa, başqa bir milli “Çovdarov” onu küçədə tutub soysa, bundan dövlətçiliyimizə hansı xeyir gələcəkdi? Belə halları ölkəmizdə çox görmüşük. Məhkəmələrimiz küçədə bir-birini soyan reketlərin şikayətlərinə baxmaqdan boğaza yığılıbdır. Bu şikayətçilər və reketlər arasında hətta məhkəmə hakimlərinin özlərinə də rast gəlinməkdədir. Söz vaxtına çəkər, keçən il elə bu vaxt həmin hakimlərdən biri Həsən Əliyevə 7 il həbs cəzası verildi. Həsən müəllim bir nəfərdən 600 min manat pul almış, ancaq onu söz verdiyi icra hakimi işinə qoya bilməmişdi. Pulu almısansa, gərək icra hakimi vəzifəsini də verəsən - bizdə sabitliyin qarantiyası budur.

Ancaq hər halda Tağı müəllimdən alınan 3 milyonun yanında Həsən müəllimin aldığı 600 min az idi. Fikrimcə, bu işdə diplomatik korpusun iştirakı projeni bahalı etmişdir. Tağı müəllim düşünüb ki, pulu verməsə oğlu xaricə Azərbaycan həqiqətlərini daşımağa həsrət qalar. Bəlkə də o 3 milyonun elə 600 mini Çovdarova çatıb, qalanları Azərbaycan həqiqətlərinə xərclənib? Nə biləsən... İstintaq davam edir, bu kimi suallara da aydınlıq gətiriləcəkdir.

Korpus demişkən... Dünən Britaniyanın ölkəmizdəki səfiri İrfan Zındıq intervü verib, Azərbaycanın ərazi bütövlüyünü aşkar şəkildə pozmuşdur. Deyir ermənilər düz edir sizdən qorxur, əgər Qarabağ ətrafındakı əraziləri boşaltsalar sizdən onlara təhlükə gələr-filan... Biabırçı bir intervüdür. Azərbaycan XİN-in, ümumən yapistlərin tərifli xarici siyasətinin necə bərbad olmasının növbəti isbatıdır. Hələ bu guya nisbətən yaxşı münasibət qurduqları Britaniyanın mövqeyidir. Londona yatırılan milyonlar, Bleyerə verilən rüşvətlər, lordlara axıdılan kürülər, TEAS-meas, nə bilim, nə... Hətta bizim varlılar arasında uşaqları da Britaniyada dünyaya gətirmək bir ara dəbdə idi. Bu da axırı. Britaniya səfiri Bakının göbəyində üzümüzə söysə bundan yaxşı idi. Mən eyni durumu İrəvanda təsəvvür eləməyə çalışdım: Britaniyanın Ermənistandakı səfiri orda Azərbaycanın mövqeyini müdafiə edən çıxış yapsa ermənilərin münasibəti necə olardı? Yəqin onu it peşmanı edərdilər. Bizdə isə Britaniya səfiri ağzına gələni rahatca danışır, hələ üstəlik deyir kabablarınız, dana basdırmanız üçün darıxacağam. Məlum olur bu adam 3 il ərzində yeyib-içməkdən başqa “Azərbaycan həqiqətləri” ilə tanış edilməyibdir.

Əlbəttə, əcəb edirlər. Malını yeməyənin malını yeyərlər, sonra da tualetə gedərlər. Tualet demişkən, diplomatiyamızın əsas uğuru Beyləqanda yaşanmışdır. Dünən Yaponiya səfiri orda Beyləqan icra hakimi ilə birgə yeni məktəb tualetinin qırmızı lentini kəsmişdir. Sən demə, tualetin tikintisinə Yaponiya hökuməti sponsorluq edibdir. Qloballaşma budur: biz Pakistanda məktəb tikirik, yaponlar Beyləqanda məktəbə tualet tikir, Britaniya səfiri isə bunların hamısının içinə Bakıda oturur. Ancaq vətəndaşlarımızın tualetə bu qədər diqqəti lağa qoyması anlaşılmır.

(Elə bil tualetə “mədəniyyət evi” deyən biz deyilik). Hamı ironiya edir ki, icra başçısı tualetin lentini kəsib. Yoldaşlar, məktəb tualeti, ümumiyyətlə tualetlər son illər lenti kəsilən bir çox obyektlərdən min dəfə önəmli yerlərdir. İkincisi, bunu yazanlar görünür Yaponiyanın qədim tualet mədəniyyətindən xəbərsizdir. Tarixdə ilk ictimai tualeti də açan yaponlar olub. İndinin özündə Yaponiya şəhərlərində elə bəzəkli-düzəkli, orijinal arxitekturaya malik ictimai tualetlər var ki, qıraqdan baxsan heç ağlına gəlməz bura tualetdir. Elə bilərsən rayon diaqnostika mərkəzi, yaxud imperator Həşimotonun muzeyi, yaxud Gənclər evidir. Hələ unitazlara quraşdırılan texniki elektron qurğuların min cür funksiyasını demirəm.

Z.Hacı/musavat
565 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı