Şrift ölçüsü:
A+
A
A-
Kr
06 May 2016

Hakimiyyət xalqla müharibəyə başlayır

Kredit borcunu ödəməyənlər sərt cəzalandırılacaq

Bu baradə çox yazılıb, çox danışılıb. Ölkə əhalisinin 2.5 milyon nəfəri kredit borcu ödəyir. Təkcə 2015-ci ildə 41 min daşınmaz əmlak girov qoyulub. Problemli kreditlərin həcmi 2 milyarda yaxınlaşır.

Xüsusən milli valyutanın iki dəfə devalvasiyaya məruz qalması, qiymətlərin kəskin artması və kütləvi ixtisarlara start verilməsi əhaliyə növbəti zərbə oldu və ödəniş qabiliyyəti aşağı düşdü. Başqa ölkələrdə əhaliyə dəyən zərəri dövlət ödəsə də, Azərbaycanda hökumətin yarıtmaz siyasətinin nəticəsini xalq ödəməli oldu. Ilkin vaxtlar kredit borcu olanlara ciddi təzyiqlər olmadı, cəmiyyətə güzəştlərlə bağlı müəyyən şayiələr yayıldı və bütün bunlar narazılığı azaltmaq, əhalinin etirazını söndürmək məqsədi güdürdü.


Amma bölgələrdəki etiraz aksiyaları dayandı, ölkə vətəndaşları yeni situasiyaya yavaş-yavaş adaptasiya olunmağa başladı və hökumət yenidən öz xislətinə qayıtdı.

Bəli, anti-böhran tədbirləri, islahatlar imitasiya xarakteri daşısa da, vətəndaşı müflisləşdirmək, cəzalandırmaq həmişə real xarakter daşıyıb. Hökumət boşalan büdcəni, oğurlanan milyardların yerini vətəndaşın cibi hesabına doldurmaq istəyib. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, vətəndaş artıq ödəniş etmək qabiliyyətində deyil, insanlar ən zəruri ehtiyaclarını ödəməkdən məhrum olublar. Məmurlara məxsus banklar isə ən yüksək faizlərlə verdikləri kreditlərin ödənişini tələb edirlər.

Əvvəlcə məhkəmələr işə düşdü və bu vasitəylə insanlara gözdağı verməyə başladılar, sonra kredit borcu olanların ölkədən çıxışına qadağa qoyuldu, daha sonra borc götürənlərə zamin duranlar da məsuliyyətə cəlb edildi.

Indi isə kredit borcunu ödəməyənlərə qarşı daha sərt cəzalar nəzərdə tutulur və Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaq. Belə ki, təklif edilən dəyişikliyə əsasən, saxta müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri, mülkiyyətçisi və ya fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq və ya borcun azaldılmasına nail olmaq, yaxud borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməyə görə vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 10 min manatdan 12 min manatadək məbləğdə cərimə edilir.

Deməli, kredit borcunu ödəyə bilməylənlərə “qəsdən ödəmirsən” ittihamı irəli sürüləcək və bu yolla vətəndaş daha böyük borcla yüklənəcək.

Təbii ki, bütün bunlar növbəti tələdir və heç kim qəsdən ödəniş etməkdən yayınmaz. Dünənə qədər vaxtında ödəniş edən adam bu gün ödəniş qabiliyyətini itirib və bunun faktiki əsasları var.

Əgər iri marketlərin sahibləri üsyan edirsə, böyük şirkətlər fəaliyyətini dayandırırsa, sadə vətəndaşın vəziyyətini təsəvvür etmək çətin deyil.

Hökumət yaranmış problemin həllinə nail olmaq, həqiqi anti-böhran tədbirləri həyata keçirmək, vətəndaşın yükünü azaltmaq əvəzinə, xalqa qarşı müharibə elan edir. Mənasız layihələrə milyardlar xərcləyən zehniyyət, əhalinin borc yükünü azaltmaq üçün heç bir addım atmır.

Bir halda ki, hökumət vətəndaşı daha sərt şəkildə cəzalandırmaq istəyir, vətəndaş da buna adekvat addım atmalıdır. Xalq da 120 miylard neft pulunu tələb etməlidir, məmurların necə milyarderə çevrildiyinin izahatını istəməlidir, monopoliyanın başında duranları, bankların həqiqi sahiblərini fakt qarşısında qoymalıdır.

Əks halda bu kredit bataqlığı çoxları üçün cəhənnəmə çevriləcək…/azadlıq/
544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 1