Şrift ölçüsü:
A+
A
A-
Kr
07 May 2016

Kimin günü xoş keçir

Öncə bir mətni oxuyaq: “Doğrusunu demək lazımdır, indiki vaxtda ölkəmizdə razı adam tapmaq çox çətindir (əlbəttə, mən ancaq mədəni insanları nəzərdə tuturam, çünki qeyri-mədəni adamların narazı olmağa vaxtı yoxdur). Kimi dindirsən, deyinəcək, şikayət edəcək, zarıyacaq. Biri deyir azadlığı çox az verirlər, o biri deyir yox, azadlıq həddən artıqdır; biri deyir hakimiyyət fəaliyyətsizdir, başqası deyir əksinə, hakimiyyət hər şeyə burnunu soxur; biri deyir səfehləmişik, başqası deyir ağıl aşıb-daşır; elələri də var hər cür murdarlıqda iştirakçıdır, ancaq qaqqıldayaraq gülürlər, deyirlər belə biabırçılıq başqa hansı ölkədə görünübdür? Hətta dövlət xəzinəsini oğurlayanlar da narazıdır, deyirlər tezliklə çırpışdırmağa heç nə olmayacaq”.

Bunu rus yazıçısı Saltıkov-Şedrin 1880-ci ildə, bizim də tərkibində olduğumuz Rusiya imperiyası haqda yazmışdır. Xoşuma gəldi, istədim sizə çatdırım. Elə bir pis niyyətim yoxdur.
Dünən Qarabağda həlak olan növbəti əsgərimizə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal verilməsini gördüm, istərdim bu haqda da fikirlərimi oxuyasınız.
Demək, medalı ölümündən sonra alan kiçik çavuş Elmir Zeynalov ailənin tək övladı olub. Goranboyun Əhmədabad kəndindən imiş. 22 yaşı varmış. Böyük ehtimal çağırışçı yox, müddətdən artıq xidmət edən əsgər olub. Sözüm bunda deyil. Diqqət eləmişəm, son illərdə cəbhə xəttində həlak olan əsgərlərimizə adətən bu “Hərbi xidmətdə fərqlənməyə görə” medalının 3-cü dərəcəsini verirlər. Niyə axı? Bu insanların ailəsinə təsəlli üçün heç olmazsa 1-ci, 2-ci dərəcəli medal vermək düz deyilmi? Qıymırsınız? Hansısa qotur bir şairə, şərəfsiz siyasətçiyə, nə bilim, yaltaq bir nazirə “Şərəf”, “Şöhrət”, “İstiqlal” ordenləri torba-torba paylanır, vətən uğrunda canından keçən - bu, son həddir, bir insan daha artıq nəsə verə bilməz - əsgərə isə “fərqlənməyə görə üçüncü dərəcə” verilir. Şəxsən mən vətən uğrunda ölsəm, mükafatlandırılma mərasimimi izləmək imkanım olsa həmin üçüncü dərəcə medalı gətirənin başına vuraram.

Onsuz da heç bir medal, hər hansı ad valideyn üçün övladını əvəz eləyə bilməz. Ancaq bu təltiflər bir təsəllidir, təsəllini heç olmazsa abırlı eləyin, birinci dərəcəli eləyin. Metal çatışmazlığı varsa, nazirlərə, deputatlara deyin, qızıllarından bir az əridib göndərsinlər.
Yanlış anlaşılmasın, mən bu medalın dərəcələri əleyhinə deyiləm. Ola bilsin hansısa mənası var, fərqlənməyin növləri qanunda konkret göstərilir. Bütün hallarda, ölən əsgərə 3-cü dərəcə verməyin - bunu yazmaq istədim. Verirsinizsə, 1-ci dərəcə verin, vermirsinizsə, verməyin. Medalın 2 və 3-cü dərəcələri sağ əsgərlərə verilə bilər.

Dünən Azərbaycan və Ermənistanda doğulan uşaqlara görə verilən birdəfəlik müavinətin müqayisəli məbləğini də gördüm, əsl biabırçılıqdır. Ermənilər 50 min dram (milli pulları belə dramatik adlanır - Z.H.) verirmiş, bu eləyir 104 ABŞ dolları. Azərbaycan isə 90 manat verir, dollara çevirəndə 60 dollara bərabərdir. Regionun “analoqu olmayan inkişaf etmiş lider” dövləti “acından dağılan” qonşusuna nisbətən təzə doğulan uşağa 44 dollar az pul verir, hələ bizdə o 60 dolları almaq da hər kəsə nəsib olmur - bir sürü kağız, sənəd istəyirlər.
Yazını rus ədibiylə başlamışıq, elə başqa rus şairi Nekrasovun “Rus elində kimin günü xoş keçir” poemasından bir parça ilə bitirək, çünki tam indiki vaxtımıza uyğun gəlir:

“Şorbanı ye, yaşa, görək.
Ancaq yoxdur dadı-duzu.
“Necə oldu bizim inək?”
- Apardılar onu, quzum,
Ağagilə damazlığa.
Biz qaldıq süd sorağında.
Xalqın günü gözəl keçir
Müqəddəs Rus torpağında!
Balamıza həsrətik biz.
Oğlanları aparır çar;
Qızları da himayəmiz-
Ağa, barin və mülkədar.
Ürəyinin yağı yanır
Kənd əhlinin çırağında.
Xalqın günü gözəl keçir
Müqəddəs Rus torpağında!"

Z.Hacı/musavat
812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı