Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Qarabağ əlili: “İcra hakimiyyəti bizim haqqımız olan mənzilləri satdı”

II qrup Qarabağ əlili Əhməd Sadıqov Sabunçu Rayon İcra Hakimiyyətinin müharibə veteranları üçün n əzərdə tutulan mənzillərin paylanması zamanı ona qarşı edilən haqsızlıqla bağlı musavat.com-a şikayət edib.

Hazırda Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yaşayan Qarabağ əlilinin vəziyyəti çox acınacaqlıdır. Keçmiş fermanın uçuq-sökük binasında yaşayan Əhməd Sadıqov bu ilin əvvəlində ev tikmək üçün torpaq sahəsi alıb. Lakin tikinti işinə başlayarkən icra nümayəndələri ona icazə verməyiblər. Dediyinə görə, xəstəliyi ilə əlaqədar xəstəxanada stasionar müalicə aldığı zaman icra nümayəndəsi Şamil adlı şəxs heç bir xəbərdarlıq etmədən Əhməd Sadıqovun tikinti materiallarını yığıb aparıb. Hadisədən xəbər tutan Qarabağ əlili bu barədə Sabunçu Rayon İcra Hakimiyyətində vəzifəli şəxslərin qəbulunda olub, lakin şikayətinə baxılmayıb. Qarabağ əlilinin malına göz qoyan icra nümayəndəsi Şamil adlı şəxs isə onu qəbul edərək hədə qorxu gəlib. Deyib ki, bu barədə hara istəyirsə gedib şikayət edəb bilər, lakin heç bir nəticə əldə edə bilməyəcək: “İcra nümayəndəsinin özbaşınalığı ilə bağlı şikayət etmək üçün Sabunçu Rayon icra başçısı Adil Vəliyevin qəbuluna düşmək istədim. Həftənin cümə günləri neçə dəfə icra başçısının qəbuluna düşmək üçün səhərdən axşama kimi qəbul şöbəsinin qarşısında gözlədim. Lakin icra nümayəndələri ona çıxıb getməyimi istədilər. Dedilər ki, səni heç kim qəbul etməyəcək, boş yerə gözləmə. Bu yolla məni get-gələ, süründürməçiliyə saldılar”.

Müharibə veteranı, Qarabağ əlilləri və şəhid ailələri üçün inşa olunan mənzillər paylanarkən də, haqqı olan evi ala bilmədiyini dedi: “Dövlət büdcəsindən ayrılan 8 milyon manata Sabunçu rayonu, Zabrat qəsəbəsində şəhid ailələri və əlillər üçün bina tikildi. 2010-cu ildə Qarabağ əlillərinə paylandı. Lakin bu binalardakı mənzillərin çoxunu adi vətəndaşlara satdılar. Adi insanlardan pul alıb, onların adını da siyashəıya saldılar. Bizim haqqımızı onlara verdilər. ən dəhşətlisi isə odur ki, elə müharibə əlillərinin özünə də mənzilləri satdılar. Yəni onların adlarını siyahıya salmaq üçün pul aldılar”.
Məsələ ilə bağlı musavat.com-un müxbiri Qarabağ əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan binalarda olub və vəziyyətlə maraqlanıb.

Bina sakinlərinin bir neçəsi ilə həmsöhbət olduq. Adının çəkilməsini istəməyən bina sakini də mənzillərin paylandığı şəxslərin adının siyahıya pulla salındığını təsdiqlədi: “ Bizim blokda bütün ailələr mənzil almaq üçün pul veriblər. Sabunçu İcra hakimiyyətinə 3 min manat verən də olub, 10 min manat verən də. Elə ailə olub ki, 2010-cu ildə qeydiyyata dursa da, həmin il mənzil ala bilib. Çünki, ev almaq üçün isə 20 min manat pul verib. Biz isə illərlə növbədə gözləmişik. 15-20 il mənzil siyahısına duranlar var ki, hələ də ev almayıblar. Kimin pulu varsa, pulunu verir adını siyahıya saldırıb tezliklə evini alır. Bu siyahılaşdırmanı isə Sabunçu icra nümayəndələri aparıb. Pulu olanı siyahıya alıb, mənzili ona veriblər. Başqa cür mümkün deyil. Əks halda bu binalardan almaq mümkün deyil. Mənzil düşməyən ailələri də evlə təmin ediblər. Qanunla dövlətdən mənzil almaq hüququ olan şəxslərdən isə az məbləğ alırlar”.

Həmsöhbətim onu da dedi ki, buradan mənzil alanların əksəriyyətinin ikinci, üçüncü evləri də var. Bu səbədən binadakı mənzillərin əksəriyyətini kirayə veriblər. Hətta bir çoxları evi başqasına satıblar.

Məsələyə aydınlıq gətirmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Özünü təqdim etməyən icra nümayəndəsi bildirdi ki, bütün bu şikayətlər və iddialar cəfəngiyyatdır: “Qarabağ əlilləri və şəhid ailələrinə mənzilləri Əmək və Əhalinin Sosial Müdadfiə Nazirliyi verir. Bu məsələyə də nazirlik baxır. Bu icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev Musavat.com-a bildirdi ki, o zaman, yəni 2010-cu ildə Qarabağ əlilləri və şəhid ailələrinə verilən mənzillərin siyahısı müvafiq rayonların icra hakimiyyəti tərəfindən tərtib olunub və nazirliyə təqdim edilirdi: “Yəqin ki, sözügedən binadan mənzil alan şəxslərin siyahısı da icra hakimiyyətindən təqdim olunub. O zaman zaman mən nazirliyin mətbuat xidmətində deyildim. Yalnız 2013-cü ildən sonra mənzillərin verilməsi ilə bağlı siyahıyaalmanı nazirlik özü aparır”./musavat/
573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45