Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2016

Sən necə kişisən ki?!...

Adı hər nə olursa-olsun, cəmiyyətdə ictimai qınaq zəruridir. İstər gerilik olsun, istər mentalitet – cəmiyyətin qınayan dili olmayandan sonra, gələcək müasirlik də bədbəxtlikdən başqa bir nəticə verməyəcək.
Müstəqil olduqdan sonra ölkəmizi media büsbütün işğal etdi.
Latın Amerikası və türk serialları ilə cəmiyyət də dəyişilməyə başladı. Odur-budur, cəmiyyət özünü itirib və hələ də tapa bilmir.
Kimliyini, dəyərlərini, mənliyini, keçmişini, gələcəyini, aqibətini itirib toplum sanki. Qarabağı satmışdılarsa da, almaq üçün mənlik qoya bilmədik. Son müharibə olaylarında erməni ölüsünə ağlıyanlar məhz kimliyini, keçmişini unudanlar idi. Normasından çox humanist olanlar əslində yediklərindənmi, içdiklərindənmi – nədəndir deyə bilməsəm də, nəticə olaraq şəhidlərimizi, əsirlərimizi – bütövlükdə birinci Qarabağ müharibəsini unutmuşdular. Onlar unudublar ki, Xocalıda əsir düşənlərimizi. Vaxtında və lazımı qınaq olmasa, belə “humanist”lər göbələk kimi ildən-ilə çoxalacaq. Məndən soruşsanız, zamanı bu gündən başlayır deyərdim.
Bugünkü gündə cəmiyyətin ən pis xəstəliyi – boşanmalardır. Hazırda ölkədə bu xəstəlikdən əziyyət çəkən kişi-qadın və uşaq sayı demək olar ki, hər gün artır. Obyektiv bucaqdan baxsaq, əsilində hamımız eyni mənzərəni görərik.
Qınaqsızlıq...
Boşananı ictimai qınaq edən yoxdur. Ailələrə qalsa, tam əksinə bəzən “Düz elədin qızım (oğlum) onunla heç kim yaşamazdı amma sən yaşadın, axır ki, ağılın başına gəldi düz qərar verdin” – deyib, haqq qazandıran valideynlər də var.
Müasirlik adı altında qız və oğlan bir müddət tanış olsun, bir-birini yaxından tanısın, hətta Qərb modelli münasibətlər və s. təklifləri və tətbiqləri belə, bu virusa peyvənd ola bilmədi. İllərlə bir-birini yaxından tanıyan, sonra ailə həyatı quran şəxslərin belə, boşanmadan sığortası yoxdur. Ən pisi isə bu xəstəliyə yoluxma səbəblərinin əksəriyyətinin çox cılız problemlər olduğunu görməkdir. Əvvəllər bəy gəlini toy günü görərdi (yaxşılığı ilə, pisliyi ilə işim yox), amma boşanma bəlkə də rayon və ölkə üzrə sayıla biləcək sayda az olurdu. İndi illərlə bir-birini tanıdıqdan sonra evlənənlərin sonradan boşanma halı rəsmi və qeyri-rəsmi olmasından asılı olmayaraq, tükürpədəcək saydadır.
İstər mənəvi, istər fiziki, istərsə də sosial müstəvidə əvvəllər vəziyyət daha ağır idi. Amma o zaman ailələr hər şeyə sinə gərirdi. İndi isə rahatlıq içində narahatlıqlar artıb. Necə deyərlər, şadlığından şitlik edənlər çoxalıb.
Əvvəllər boşanmış ailədə xanımdan çox, kişi cəmiyyətin qınağına tuş gələrdi. İstər səhv özündə olsun, istər xanımda – bircə sual bütün məsələni ört-basdır edirdi: “Sən necə kişisən ki...?!”.
İndi boşanan kişi yada düşmür, qadın isə ləkəli varlığa dönür və bütün bunlar feminizm, gender bərabərliyi çağırışlarının tüğyan etdiyi zamanda rahatlıqla ayaq tutub yeriyir.
Cəmiyyət ağsaqqal sözünə kardır. Əslində həm də kordur. O qədər kordur ki, məsləhətverənin ağsaqqal yox, saqqalı ağ olduğunu da bilmir. Hər saqqalı ağ ağsaqqal olmur və belə saqqalı ağlar hesabına cəmiyyət indi şikəst qalıb.
O qədər şikəstdir ki, örpək altından Sərvər çıxandan sonra Məşhədi İbad camaata üz tutub demişdi: “Ay camaat bu gəlini gətirəndə, niyə baxmırsız bu, kişidir, ya arvad?!”.
Eh, Məşhədi, indi göz görə-görə "kişi"ni "kişi”yə gəlin aparırlar.
Hər an üstünə qayıda biləcəyimiz mövzudur bu itirdiklərimiz.
Son olaraq deyim ki, yuxarıda saydıqlarımızı sadəcə itirmişik, yəni hər an tapa bilərik. Yetər ki, axtarmaq istəyək.
Milli kimliyimizə qayıtmaq ümidi ilə...

Rüfət Əliyev/deyerler
580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20