Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Nəcməddin Sadıqovun qohumu nazirliyi gülləbaran edib

Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov Vergilər nazirinin müavini Namiq Əliyevin bacanağı, Namiq Əliyev isə general Nəcməddin Sadıqovun qudasıdır; Samir Qurbanov VN-in rəhbər şəxslərini “yığdıqlarınız haramdır, mənə zəkat verin” deyə təhdid edirmiş.

Bir neçə gün öncə Vergilər Nazirliyinin əsas giriş qapısını və təhlükəsizlik kamerasını atəşə tutan Samir Qurbanov haqda redaksiyamıza yeni şok məlumatlar daxil olub. Etibarlılığı şübhə doğurmayan mənbə bildirir ki, S.Qurbanov Vergilər nazirinin müavini Namiq Əliyevin bacanağıdır. Namiq Əliyev isə Müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qudasıdır.

Mənbə Nəcməddin Sadıqovun oğlunun da vergi sistemində rəhbər vəzifədə çalışdığını bildirir: “Generalın oğlu Məmməd Sadıqov ötən ay Vergilər naziri Fazil Məmmədovun əmri ilə Bakı Şəhər Vergilər Departamentinin rəis müavini təyin olunub. Ona həmçinin polkovnik-leytenant rütbəsi verilib”.

Ötən saylarımızda S.Qurbanovun Vergilər naziri Fazil Məmmədovun ən yaxın və inanılmış adamlarından biri, nazirin xaricdəki biznesinin idarəçiliyi ilə məşğul olan, “Ata-Holdinq” Müşahidə Şurasının üzvü Qafar Qurbanovun qardaşı olduğunu qeyd etmişdik.

Q.Qurbanovun adı mətbuatda ilk dəfə ARDNŞ-in Monteneqroda ada alması ətrafındakı qalmaqalda hallanıb. Mediada gedən məlumatlara görə, icarə müqaviləsini ARDNŞ-in adından “Ata-Holdinq” ASC-nin Müşahidə Şurasının üzvü Qafar Qurbanov imzalayıb. Q.Qurbanov F.Məmmədova məxsus olması iddia edilən beşulduzlu “Excelsior” hotelini də idarə edir. Elitar hotel sayılan “Excelsior”da qiymətlər Avropa səviyyəsindən belə bahadır. Hotelin əyləncə mərkəzlərində vergi sisteminin rəhbər şəxsləri, iri biznesin təmsilçiləri dincəlirlər.

Beləliklə, bir daha təsdiqləndi ki, S.Qurbanov sıradan biri yox, vergilər sisteminin elitasına çox yaxın bir şəxs olub. Məlumatlara görə, S.Qurbanov vəhabi məzhəbini qəbul edib və icmanın nüfuzlu üzvlərindən biridir. İddiada o da bildirilir ki, onun nüfuz dairəsində 300 nəfər vəhabi olub.

"AzNews.az" saytının məlumatına görə, S.Qurbanov bir neçə il Vergilər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsində çalışıb. Ancaq bu yaxınlarda uzun illər çalışdığı vəzifəsindən çıxarılıb.

Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, o, mühafizə xidmətinin rəhbəri kimi hər ay nazirlikdən rəsmi maaşından əlavə 50 min manat “paket” (qeyri-rəsmi maaş) də alırmış. Bu pul icmanın ehtiyaclarına xərclənirmiş. S.Qafarovu hiddətləndirən paketin kəsilməsi olub, o, rəhbərlikdən paketin bərpa olunmasını tələb edib.

Məlumatlara görə, S.Qurbanovun hədəfində əsasən 2 şəxs olub - Vergilər naziri Fazil Məmmədov və onun yaxın qohumu, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov (bu şəxs də uzun müddət vergi xidmətində rəhbər vəzifələrdə çalışıb - red.). S.Qurbanov nazirliyin giriş qapısına və təhlükəsizlik kamerasına atəş açmaqla bu şəxslərə xəbərdarlıq edib. İnsidentdən sonra F.Məmmədovun və X.İsgəndərovun şəxsi mühafizəsi gücləndirilib, nazirliyin mühafizə xidmətinə sayıqlığı artırmaq tapşırılıb.

Redaksiyamıza məlumat verən mənbə iddia edir ki, S.Qurbanov son vaxtlar Vergilər Nazirliyinin rəhbər şəxslərini “yığdıqlarınız haramdır, mənə zəkat verin” deyə təhdid edirmiş. Onun işdən çıxarılmasında da bu amil əsas rol oynayıb. Onun bu hərəkətindən dəfələrlə nazirə şikayətlər edilib. Sonda da F.Məmmədov onu işdən çıxartmaq haqda qərar qəbul edib. İnsident də bundan sonra baş verib.

Mənbə maraqlı bir detalı da qeyd etdi. Özünü halal adam hesab edən S.Qurbanovun 30-a yaxın şəxsi avtomobili olub. Özü də istisnasız olaraq avtomobillərin nömrələrinin sonu “041" lə bitir.

S.Qurbanovun bacanağı N.Əliyevin kimliyi ilə bağlı kiçik bir araşdırma apardıq. 1960-cı il təvəllüdlü əslən Gəncədən olan N.Əliyev Moskva Dövlət Universitetini bitirib. SSRİ Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda, Respublika Prokurorluğunda işləyib. Prezidentin 20 fevral 2004-cü il tarixli sərəncamı ilə vergilər nazirinin müavini təyin edilib. N.Əliyev F.Məmmədovun ən yaxın adamlarından biri sayılır. Məhz F.Məmmədovun təqdimatı ilə o, prokurorluq orqanlarından vergi sisteminə transfer edilib. Özü də dərhal nazir müavini postuna təyinat alıb. F.Məmmədovun rəhbərlik etdiyi Otüstü Hokkey Federasiyasının vitse-prezidentidir.

S.Qurbanov hazırda həbs edilib. İşin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində aparılır. Ancaq Baş Prokurorluğun və Vergilər Nazirliyinin mətbuat xidmətləri bu barədə heç bir açıqlama vermirlər./Musavat/
1692 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38