Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Səfər Əbiyevi ev dustağı ediblər

Sabiq nazirlə bağlı şok xəbərlər

İddiaya görə, MTN ordunun keçmiş rəhbərinin fəaliyyətini araşdırır; ortaya yeni maxinasiyalar çıxır və “əbiyevçi”ləri silahlı qüvvələrdən qovurlar

Sabiq müdafiə naziri Səfər Əbiyevin korrupsiya əməlləri, rüşvətxorluq və maliyyə fırıldaqları barədə Zabitlər Birliyinə yeni məlumatlar daxil olub. “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin əldə etdiyi məlumatlara görə, bir sıra yüksək rütbəli zabit və generalların S.Əbiyevin nazir postundan çıxarılması barədə Ali Baş Komandanın qərarına etiraz əlaməti olaraq ordudan tərxis olunmaq üçün raport (ərizə) yazmaları ölkənin siyasi rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb.
Bəzi qaynaqlar “əbiyevçilərin” bu hərəkətlərinin ölkə başçısını qıcıqlandırdığını və Ali Baş Komandan tərəfindən bu özbaşınalığın “qudurğanlığın ən yüksək fazası”  kimi dəyərləndirildiyini bildirir.
Zabitlər Birliyinin ekspertləri hesab edirlər ki, yüksək rütbəli zabit və generalların S. Əbiyevin nazir postundan çıxarılması barədə Ali Baş Komandanın qərarına etiraz əlaməti olaraq ordudan tərxis olunmaq üçün raport yazmaları əslində Səfər Əbiyev tərəfindən yaradılmış və onun rəhbərliyi altında fəaliyyət göstərən qanunsuz gizli qruplaşmanın mövcudluğuna dəlalət edir. Ekspertlərin dəyərləndirmələrinə görə, sabiq müdafiə naziri S.Əbiyevin qanunsuz gizli qruplaşması 19 il ərzində kifayət qədər maliyyə resursları toplamış, şaxələnərək MN sistemindən kənar qurumlara, hətta xarici ölkələrə, o cümlədən Türkiyəyə sirayət edə bilib.
Zabitlər Birliyinə daxil olan məlumatlara görə, milli təhlükəsizlik orqanları Səfər Əbiyev qruplaşmasının izinə düşüb. S. Əbiyev özü isə ev dustağıdır və xüsusi xidmət orqanlarının tam nəzarəti altında saxlanılır. Onun sərbəst hərəkət etmək imkanları məhdudlaşdırılıb. Milli təhlükəsizlik orqanları qarşısında qruplaşmanın tam tərkibinin, maliyyə resurslarının, fəaliyyət istiqamətlərinin və məqsədlərinin müəyyən edilməsi tapşırığı durur.
Hazırda hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində genişmiqyaslı yoxlamalar aparılır. Yoxlamalar çərçivəsində bir sıra hərbçilərdən, mülki vətəndaşlardan daxil olan ərizələrdə göstərilən faktlar və şikayətlər də araşdırılacaq. Əldə edilən məlumatlara görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin 20 noyabr 2013-cü il tarixli bəyanatında (Səfər Əbiyevə qarşı ictimai ittihamnamə) göstərilən faktlar da yoxlama predmeti olacaq. Hərbçilərin və ailə üzvlərinin ərizələri əsasında MN-in sabiq maliyyə və büdcə rəisi Elçin Mehdiyevin düşmənçilik fəaliyyəti nəticəsində həbs edilmiş bir necə maliyyəçi zabitin işləri artıq hərbi prokurorluq tərəfindən yenidən araşdırılır.
Qeyd edək ki, “Yeni Müsavat” həmin maliyyəçi zabitlərdən olan Renat Yusifovun məktubunu “Həbsdəki zabit ordudakı büdcə oğurluqlarının necə gizlədilməsindən yazdı” sərlövhəsi altında silsilə olaraq dərc edib. Həbsdəki maliyyəçi zabit S.Əbiyev dövründə büdcə oğurluqlarının necə həyata keçirildiyini ətraflı yazıb.
S.Əbiyevin rəhbərliyi dövründə aparılan tikinti işlərinin ilkin yoxlama mərhələsində artıq xeyli saxtakarlıq və yeyinti faktları aşkarlanıb. Müdafiə Nazirliyinin (oxuyun — Səfər Əbiyevin) sifarişi əsasında işləyən tikinti firmalarından görülmüş işlərə görə ya həddən artıq çox pullar ödəmək, ya da pulların bir qismini ödəməmək yolu ilə böyük məbləğdə rüşvət tələb etmə halları ortaya çıxıb. Səfər Əbiyevin bu maliyyə fırıldaqlarında aparıcı rol oynayan Elçin Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunacağının mümkünlüyü proqnozlaşdırılır. Sabiq idarə rəisi hərbi hissələrdən birinə maliyyəçi vəzifəsinə təyin olunsa da, digər “zəkalı” “əbiyevçilər” kimi ağasının məsləhəti ilə hərbi hospitalda “müalicə almaq” yolu ilə məsuliyyətdən yayınmağa cəhd edir. S.Əbiyevin bir çox ehtiyatda olan zabit və generallarla, QHT-lərlə, o cümlədən Dadaş Rzayevlə, Məhəmmədhüseyn Sarıyevlə, Emin Həsənli ilə işbirliyi məsələləri də araşdırılır. MN-in Mənzil-İstismar İdarəsi ləğv olunsa da, Səfər Əbiyevin əsas maliyyə fırıldağı və mənzil maxinasiyaları əsasında rüşvət mənbəyi sayılan bu təşkilatda da yeyintilər və digər qanunsuz əməllər araşdırılır. Burada aşkarlanan faktlardan biri də Müdafiə Nazirliyinin sovet dövründən açıq hərbi şəhərciklərdə yerləşən mənzil fondu ilə bağlıdır. Belə ki, bütün bu şəhərciklərdə yerləşən mənzillər çoxdan mülki şəxslər tərəfindən özəlləşdirilsə də, mənzillər qeyri-qanuni olaraq Müdafiə Nazirliyinin fondunda saxlanılırmış. Bu minvalla Səfər Əbiyev həmin şəhərciklərdə hərbi mənzil-istismar sahələrinin saxlanılması faktını əsaslandırırmış. Orada qalan bir neçə (sayı həmin şəhəcikdə yerləşən mənzillərin 0,001%-indən çox olmayan) 20-30 il xidmət etdikdən sonra ehtiyata buraxılan zabitə yaşadıqları mənzillərin özəlləşdirilməsinə maneçilik törədirmiş ki, öz qərarını həm də bu yolla əsaslandıra bilsin. Səfər Əbiyev həmin şəhərciklərdə hərbi mənzil-istismar sahələrini saxlamaqla təmir-tikinti işləri, kommunal xidmətlər, lift xidməti, YSM istifadəsi və s. adı altında hərbi büdcədən külli miqdarda dövlət vəsaitinin özü və əlaltıları tərəfindən mənimsənilməsinə şərait yaradırmış.
Bu xəbər yayılandan az sonra “əbiyevçi”lərin MN-lə əlaqəli qurumlardan çıxarılacağı barədə də məlumatlar gəldi.
Milaz.info-ya hərbi mənbələrdən daxil olan məlumata görə, keçmiş müdafiə naziri Dadaş Rzayev Silahlı Qüvvələrin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri vəzifəsindən, bununla da Müdafiə Nazirliyindəki ştatdan çıxarılacaq. Onunla yanaşı, həmin təşkilatda rəhbər vəzifələrdə çalışan digər “əbiyevçi” — general-mayor Məhəmmədhüseyn Sarıyev və polkovnik Həsən Əmirovun da vəzifələrindən və MN-dən tutduqları ştatdan çıxarılacağı gözlənilir. Məlumatı verən mənbə bunu Müdafiə Nazirliyinin yeni rəhbərliyinin sözügedən təşkilatda dəyişikliklər etməsi arzusu ilə əlaqələndirir.
Digər məlumata görə, sözügedən qərarın kökündə adları çəkilən zabitlərin keçmiş müdafiə naziri Səfər Əbiyevin “qruplaşmasına” daxil olması durur.
“Əbiyevçi”lərdən hesab olunan Emin Həsənlinin adının qovulanlar siyahısında olmaması bir qədər təəccüb doğurur. Belə məlumatlar var ki, E.Həsənli S.Əbiyev tutduğu postdan uzaqlaşdırılandan sonra yeni naziri öyən açıqlamalar verməyə başlayıb. Onunla bağlı hər hansı bir addımın atılmamasının səbəbi də budur.
Zəruri qeyd: Məqalədə istifadə olunan məlumat, iddia və mülahizələr, o cümlədən də S. Əbiyevin ev dustağı edilməsi ayrı-ayrı xəbərlər şəklində ölkədə fəaliyyət göstərən bütün saytlarda gedib. 24 saat ərzində bunların heç biri təkzib edilmədiyi üçün “Yeni Müsavat” bu mühüm mövzunu manşetə daşıdı./musavat/
1548 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu