Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2016

Azərbaycanda kim daha çox rayonun icra başçısı olub? – İlginc faktlar

Azərbaycanda ictima narazılığın ən çox olduğu vəzifə sahiblərindən biri icra başçılarıdır. Onlar habelə KİV-də haqlarında ən çox tənqidi materialların dərc edildiyi məmurlar sırasına daxildirlər.
Qaynarinfo-nun araşdırması isə barələrində kifayət qədər şikayətlərin, narazılıqların olmasına baxmayaraq, hələ də bir rayondan digərinə təyinat almağa davam edən “kiçik padşahlar” barədə araşdırma apararaq, onlardan hansının sayca daha çox rayona rəhbərlik etdiyini aydınlaşdırmağa çalışıb. Nəticədə ortaya kifayət qədər ilginc məqamlar çıxıb.
2011-ci ildə Qobustan Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilən Adil Məmmədov bundan əvvəl Biləsuvar, Qəbələ və Oğuz rayonlarının icra başçısı işləyib. Onunla müqayisədə Biləsuvar rayonunun indiki icra başçısı Mahir Quliyev yalnız bir rayonda bu vəzifəni tutub – Astarada, özü də beş il müddətinə (2006-2011-ci illər).
Ötən ilin yanvarından Göyçay rayonunun icra başçısı işləyən Mübariz Ağayev bundan əvvəl 2006-2007-ci illərdə yenə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2015-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan Asif Əsgərov da bu sarıdan kifayət qədər təcrübəli sayıla bilər: o, 2015-ci ildən bəri sayca üçüncü rayona – paytaxtın Nəsimi rayonuna icra başçısı təyinatı alıb.
2001-2006-ci illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı vəsifəsində çalışan Nazim İsmayılov 2006-2011-ci illərdə Şamaxı rayonun rəhbərlik edib. Son 5 ildə isə o, Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı postunu tutur.
2012-ci ildən bu yana Lənkəran rayonunun icra başçısı olan Taleh Qaraşov da indiyədək bir sıra digər rayonlarda da oxşar vəzifələri daşıyıb. 1996-2002-ci illərdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı, nəhayət ən sonda da – 2011-2012-ci illərdə Astara Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan Qaraşov bu il ilk dəfə “əaylət padşahlığına” başlamasının 20-ci ildönümünü qeyd edə bilər.
2004-2006-cı illərdə Göygöl şəhərin Rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan Vilyam Hacıyev hazırda İmişliyə rəhbərlik edir.
İcra başçılığı sahəsində stajlı məmurlardan sayılan Qəzənfər Ağayev 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə isə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Son 4 ildə isə o, Astara rayonunun icra başçısıdır.
1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışan Novruz Novruzov hazırda Şabrana rəhbərlik edir. 9 ilə yaxındır bu postu tutan Novruzov, “Şöhrət” ordeninə layiq görülən azsaylı rayon rəhbərlərindəndir.
2010-cu ildən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılov isə bundan əvvəl iki rayonda oxşar vəzifəni daşıyıb: o, 2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib, elə həmin il Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təıyinat alıb və 5 il bu vəzifədə çalışıb.
Ötən ilin sentyabrından Bakının Səbail rayonuna rəhbərlik edən Eldar Əzizov isə bundan əvvəl 3 fərqli ünvanda oxşar postu tutub: 2000-2003-cü illərdə paytaxtın Nizami rayon İcra Hakimiyyətinin başçısı işləyən Əzizov, 2003-2011-ci illərdə Gəncə şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
416 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber