Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2016

Qorxulu olan qul bayramı deyil, qulların üsyanıdır…

…Rejim imici üçün xərclədiyi milyonları xalqın rifahına yönəltsəydi, yəqin ki, ölkədəki siyasi ab-hava bir qədər başqa cür olardı. Buraya müxtəlif təyinatlı rəsmi və qeyri-rəsmi güc birliklərinə, oyuncaq müxalifətə, ictimai rəyə heç bir təsiri olmayan yüzlərlə KIV-ə, yeknəsək telekanallara və s. mənasız layihələrə ayrılan vəsaiti əlavə etsək, bu, ölkə vətəndaşlarının bir çox problemlərini həll edə biləcək dəhşətli bir məbləğin havaya sovrulması deməkdir.


Bu ayrıca bir söhbətin mövzusudur, yalnız onu deməklə kifayətlənmək istəyirəm ki, ayrılan pullar bu sahələrə məsul olanların şəxsi rifahına yönəlir. Daha aydın olsun deyə futbolu misal gətirirəm, yəqin siz də fərqindəsiniz ki, kiçik hesablı məğlubiyyətlə təskinlik tapırıq. Və bu rəzalət 20 ilə yaxındır davam edir…

Ölkədə orta əsrləri heç aratmayan, hər an sosial-siyasi partlayışa çevrilə biləcək bir qeyri-bərabərlik yaranıb. Hazırda vəziyyət çox mürəkkəbdir və rejim buraxdığı səhvlərin fərqindədir. Ölkədə ictimai-siyasi gərginliyin, iqtidar-müxalifət, iqtidar-xalq münasibətlərinin yumşalması, irəliyə doğru inkişafı üçün şanslar tam itməsə də, görünən odur ki, rejim geriyə doğru addım atmayacaq və problemləri zor gücünə həll etməyə üstünlük verəcək. Fərqli düşüncə, alternativ fikirlə bir masaya əyləşməyi özünə sığışdırmır və hesab edir ki, onları həbs etmək, fəaliyyətlərinə əngəllər yaratmaq yeganə çıxış yoludur.

Ötən yazımda rejimə narazı insanların necə şərlənib həbs edilməsi mexanizmlərindən yazmışdım. Əslində buna mexanizm deməklə iqtidarın güc strukturlarını və təbliğat maşınının başında duranları şərəfləndirmiş oluruq. Çünki bu terminin açması elmi cəhətdən əsaslandırılmış və bir-biri ilə əlaqəli olan kombinasiyalar sistemidir. Yəni ortaya qoyulan vəhşi instiktin yox, əqlin məhsuludur. Bu həbsləri həyata keçirmək üçün general olmağa gərək yoxdur. Məlum vərdişlər və… keyfiyyətlər kifayət edir.

…Bu günə qədər onlarla müxalif fikirli vətəndaş eyni üsulla, yəni narkotik ittihamı ilə təqsirləndirilərək həbs edilib. Ötən yazımda bəzi düşüncələrimi qiyabi də olsa hüquq mühafizə orqanları ilə bölüşdüyümdən məsələnin başqa tərəfləri haqda fikirlərimi sizin nəzərinizə çatdırmaq istəyirəm.

Ümid edirəm ki, bir gün bu günahsız insanların həbsinə görə cavab veriləcək. Keçən yazımda qeyd etdiyim ki, istənilən alibi keçərsiz olacaq. Söhbət günahsız yerə illərini zindanda çürütmüş, həyatı məhv olmuş yüzlərlə insanın taleyindən gedir.

Biri NIDAçı olmaqla, iki fərqli düşüncə sahibi olan gəncin törətdiyi əməl cəmiyət üçün o qədər təhlükəli deyil. Sivil ölkələrdə bu, cinayət sayılmır, ən pis halda onlar inzibati cəzaya məhkum edilir və sərbəst buraxılır. Bizim qanunlar da buna imkan verir. Yəni ən pis halda, heykəlin isə mərhum prezidentə və rejimin banisinə aid olduğundan gənclərə 30 sutka həbs cəzası verilə bilərdi. Əslində, abidəyə elə bir təhqiramiz söz də yazılmayıb. Sadəcə ölkədəki böyük bir kəsimin düşdüyü vəziyyətə görə adı hallanıb. Bu gün ölkədə minlərlə insan var ki, ona qul desən, ruhu belə inciməz.

Bu gənclərin hər birinin evindən 3 kiloya qədər heroin “aşkar edilib”. Allahı sevərsiniz, deyin görək evində bu qədər heroini olan adam bu addımı atarmı? Bu gənc heroin alverçisi olsaydı, heç rejimə etirazını bu şəkildə bildirərdimi? Əksinə, bu qədər “oborotu” olan üçün rejimin dəyişməsi sözün əsl mənasında fəlakət olardı…

Azad fikrə qarşı bu qədər dözümsüzlük rejimin getdikcə zəifləməsindən irəli gəlir. Hakimiyyətin yüz milyonlarla vəsaiti udan təbliğat maşını isə siyasi proseslərə nüfuz etmək iqtidarında deyil. O hazırda həbsləri həyata keçirən hüquq mühafizə orqanlarının mətbuat xidməti funksiyasını həyata keçirir.

Hər narazını həbs etməklə bütün işlərinin düzələcəyini zənn edirlər…

Nə baş verir ölkədə, nəyi bölüşə bilmirik, bir quru azadlıq da haqqımız deyil? Hamısı sizin olsun…

XXI əsrdə yaşadığımızı dərk edə bilsəydik…



Xaqani Əliyev/azadlıq
1603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı