Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Çörəyin çəkisi azaldıldı

Qiymətin rəsmən qaldırılacağı istisna edilmir

Benzinin qiyməti bahalaşandan çörəyin çəkisində azalma müşahidə olunur. Bəzi məlumatlara görə, bu bir taktikadır və proses çörəyin qiymətinin rəsmən qaldırılması ilə yekunlaşacaq. Sonda əhali aşağı çəki ilə ucuz çörəkdənsə, normal çəkiylə baha çörəyə üstünlük verəcək.

İndi çörək istehsalı ilə məşğul olan zavodların məhsulları əsasən 2 qiymətə satılır, xalq arasında 30 və 40 qəpiklik çörək kimi tanınır. 30 qəpiklik çörəyin çəkisi 400-500 qram, 40 qəpiklik çörəyin isə 700-800 qram olur. 30 qəpiklik çörəklər qiymət baxımından 25 faiz ucuz satılsa da, çəkisi 40 qəpiklik çörəklərdən azı 40 faiz aşağıdır.

Standartların tələblərinə görə isə çörəyin çəkisi minimum 500 qram, maksimum 1 kiloqram olmalıdır. Amma sifarişdən asılı olaraq bu hədd bir neçə qram dəyişdirilə bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vaxtaşırı çörəyin qiymətinin qaldırılıb-endirilməsinin istehlakçı hüquqlarına zidd olduğunu deyir: "Çörək strateji məhsuldur. Əgər çörəyin çəkisi azalırsa, qiymət dəyişmirsə, bu o deməkdir ki, çörək bahalaşıb. Çəkini aşağı salırlar, amma qiyməti sabit saxlayıb əhalini aldadırlar".
Ekspertə görə, çörəyin çəkisindəki dəyişiklik benzinin qiyməti ilə bağlı deyil. AİB sədri əsas səbəbin monopoliya olduğunu deyir. Bundan başqa, o, toxumçuluq sahəsində də böyük problemlərin olduğunu bildirdi.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyevin sözlərinə görə, ölkədə kifayət qədər taxıl istehsal olunduğu üçün çörəyin qiymətinin qaldırılmasına səbəb yoxdur. O, əhalinin taxıla olan tələbatının cəmi 15 faizinin idxal hesabına ödənildiyini dedi: "Hətta dünya bazarında taxılın qiyməti artsa da, bu, Azərbaycana təsir etməyəcək. Çünki buğda və un idxalına qoyulan əlavə dəyər vergisi ləğv edilib ki, bu da çörəyin qiymətinin sabit saxlanılması üçündü".
İqtisadçı Rəsul Balayev isə çörəyin çəkisinə məhz benzinin bahalaşmasının təqir etdiyini bildirdi: "Bu, gözlənilən idi. Əsasən psixoloji amillər rol oynasa da, etiraf etmək lazımdı ki, ən azından benzinin qiyməti çörəyin daşınmasına birbaşa təsir etdiyi üçün bahalaşma labüddür".

Ekspert qiymət artımının rəsmi şəkildə təsdiqlənə biləcəyini də istisna etmədi.

Bazar qiymətlərini tənzimləyən qurum olaraq məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlasaq da, suallarımızı cavablandıran olmadı./teleqraf/
1683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber