Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Küçəni daha bərbad hala saldılar - Foto


İcra hakimiyyəti: "Sakinlər gözləməli olacaq"
Ötən həftə “Gündəlik Teleqraf” qəzetinin yerləşdiyi redaksiyanın yolu barədə yazı dərc etdik. 

Redaksiyanın yerləşdiyi 7-ci mikrorayon,  Süleyman Sani Axundov küçəsinin bir hissəsinin keçilməz, bərbad, yağışdan sonra gölməçə, zığ-palçıq, quru havalarda isə toz-torpaq olduğunu vurğuladıq, aidiyyəti qurumların mövqeyini öyrəndik. 

Bakı Metropolitenin əməkdaşı Arif Rəsulov bizimlə söhbətində dedi ki, küçənin belə vəziyyətə düşməsinin səbəbi bir neçə qurumla, o cümlədən metropolitenin ərazidə apardığı tikinti işləri ilə əlaqədardır. 

Metropoliten rəsmisi eyni zamanda keçilməz yoldakı vəziyyəti 
müvəqqəti olaraq normallaşdırmaq üçün 5-6 maşın koks-karbonat töküləcəyini vəd etdi. Yanvar ayından isə yolun asfaltlanacağını bildirdi. 

Yazı dərc olunan gün, yəni 20 dekabr 2013-cü ildə əraziyə 1 yük maşını köhnə əhəngdaşı, 1 yük maşını da sarı torpaq töküldü. Əhəng daşları sarı torpaqla palçıqlı gölməçəyə yayıldıqdan sonra isə it-bata düşdü. Bununla da yoldakı vəziyyəti normallaşdırmaq əvəzinə, daha da bərbad hala saldılar. Çünki yağış yağacağı təqdirdə ərazidə sarı torpağa görə palçıq dizə çıxacaq. 

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aqil Eyvazov dünən bizimlə söhbətində bildirdi ki, ərazidə salınan “Union-park” yaşayış massivi ilə əlaqədar  həmin küçədə yeni kommunikasiya xətlərinin salınmasına ehtiyac var. 

Odur ki, sakinlər gözləməli olacaq: “Əslində, Binəqədi icra hakimiyyəti üçün rayonun daxili küçə və yollarının təmirinə pul ayrılması nəzərdə tutulmayıb. Amma bizim rayonun ərazisi olduğu üçün məsələdən xəbərdarıq və Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Mənzil-Kommunal Departamenti qarşısında məsələ qaldıra bilərik. Bu işləri həmin qurum həyata keçirir. Həmin ərazidə yeni yaşayış massivi salındığı üçün orada su, kanalizasiya və digər kommunikasiya xətləri qurulmayanadək, küçənin asfaltlanmasına lüzum yoxdur. Bizdə olan məlumata görə, gələn ilin I rübündə ərazidə kommunikasiya işləri başa çatacaq və bu işlər yekunlaşdırdıqdan sonra həmin yer asfaltlanacaq”. 

7-ci mikrorayon ərazisində bəzi küçə və məhəllələr, o cümlədən S.S.Axundov küçəsi bu ilin əvvəlindən başlayaraq asfaltlanmışdı, bir sıra abadlıq işləri görülmüşdü, ancaq küçənin son 200 metrlik ərazisində heç bir asfaltlama işi aparılmadı. Asfalt isə “Azərsu” ASC-nin apardığı qazıntı zamanı dağıdıldı, müəyyən işlər görüldükdən sonra,  ala-yarımçıq bərpa olundu. Məşhur səhnəcikdə deyildiyi kimi, “əvvəl tikdilər, sonra sökdülər”. 




1688 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi