Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2016

Qarabağ veteranının başına oyun açırlar

«Baş verənlər göstərir ki, veteranlar çöllərdə və küçələrdə rəzil həyat yaşamağa və ölməyə məhkumdur»

Bakının Yasamal rayonu, Şərifzadə küçəsi ev 162, mənzil 105 ünvanında yaşayan Ilqar Hüseynov dövlət orqanlarına ünvanladığı şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. O yazır ki, qardaşı Elçin Hüseynov 1990-1993-cü illərdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və Qarabağ müharibəsi veteranıdır:

“Gəncliyini və sağlamlığını vətən yolunda qoyan qardaşım Elçin hazırda ahıl yaşındadır. O, 19 ildir ki, ailəsilə birlikdə Bakıda qaçqın həyatı yaşayır. Buna səbəb ”Qaçqınkom” və ədliyyə əməkdaşlarının qanunlarla istədikləri kimi rəftar etmələridir. Prezident Ilham Əliyev keçirdiyi muşavirələrdə korrupsiya hallarından danışaraq verdiyi sərəncamların kağız üzərində qaldığını, bu hallara son qoyulmasının, Qarabağ müharibəsi veteranlarına hörmətlə yanaşmağın vacibliyini bildirib.


Baş nazirin birinci müavini, “Qaçqınkom” sədri Əli Həsənov da müsahibəsində məcburi köçkünlərin bəzilərinin ev alqı-satqısıyla məşğul olduğunu və onlarla bacarmadığını etiraf edib. Onların bəziləri istədikləri mənzili zəbt edir, satır və ya kirayə verirlər. Həmin adamlara himayədarlıq edən isə “Qaçqınkom”da çalışan bəzi məmurlardır. Bu məmurlar Dövlət Proqramını əllərində bayraq edərək məcburi köçkünlərlə əl-ələ verib qanunlarımızı kobudcasına pozurlar.

Belə qanunsuzluğa tuş gələn qardaşım Elçinin Yeni Yasamal 2, bina 10-da yerləşən 44 saylı mənzilinin qapılarını sındıraraq ev əşyalarını çölə atıb, mənzili zəbt ediblər. 1992-ci ildə dövlətin Binəqədi rayonunda yerləşdirdiyi Laçından olan məcburi köçkün ailəsi 1997-ci ildə qardaşımın mənzilinə yiyələnib. Halbuki, 1997-ci ildə Qarabağ bölgəsindən hansısa bir qaçqın köçü olmayıb. Məhkəmə orqanlarına müraciətimiz nəticəsində Qarabağ veteranının mənzilindən məcburi köçkünün çıxarılması barədə qətnamə qəbul edilib. Lakin 19 ildir ki, bu qətnamələr icra olunmur və problem müsbət həllini tapmır.

Məhkəmə icraçıları və “Qaçqınkom”un məmurları 2013-cü ildə həmin məcburi köçkün ailəsini Dövlət Proqramı əsasında Müşfiqabad qəsəbəsində yerləşdirib. Yasamal rayonu, Ali Məhkəmə və Avropa Məhkəməsinin çıxardığı qətnamələri, dövlət başçısının Qarabağ veteranlarının sosial vəziyyətinin yaxşılaşdırması haqqında imzaladığı sərəncamı həyata keçirmək əvəzinə, qardaşımın mənzilini başqa bir məcburi köçkünə satıblar. Faktiki olaraq qətnamə icra olunsa da, bu, Qarabağ veteranının xeyrinə reallaşmayıb.

19 il ərzində Ombudsmana, daxili işlər nazirinə, prokurorluq orqanlarına və digər qurumlara müraciətlər etmişik. Dövlət Proqramını əllərində əsas tutaraq ondan istədikləri kimi istifadə edirlər. Dövlət orqanlarına etdiyimiz müraciətlərin nəticəsiz qalması, məmurların Qarabağ veteranına qarşı tutduğu mövqe onu göstərir ki, veteranlar çöllərdə və küçələrdə rəzil həyat yaşamağa və ölməyə məhkumdur.
497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı