Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2016

”Heroindən istifadə edən adamın qapısının açarı olar”

Sevinc Məmmədova: ”Kim Bayramın üstündən narkotik maddə “tapıldığını” eşidirsə, gülür”

“Kaş onu vaxtında döyərdim, indi yanmazdım. Bu yaşa qədər ona bir çırtma da vurulmayıb. O, döyülmək nədir bilməyib. Oğlum vurulanda bilib ki, belə şeylər də var. Özünü döydürəcək bir əməli olmayıb heç vaxt”.

Sevinc Məmmədova oğlu, NİDA üzvü Bayram Məmmədovun ona verilən işgəncələrlə bağlı izahatını oxuyandan sonra özünə yer tapa bilmir. Məktub yayımlanan gün oğlu ilə telefonla danışıb. Bayram anasına deməyib ki, ona işgəncə verilib. Bircə onu deyib: “Möhkəm olun, hər şey yaxşı olacaq”.


Sevinc xanım deyir, heç vaxt ağlına gətirməyib ki, oğlu nə vaxtsa həbs oluna bilər. Çünki həbsə səbəb olacaq hərəkətini görməyib.

“Atasını axtarışda iştirak etməyə qoymayıblar”

Bayram Məmmədov Sabunçu rayonunda yerləşən 67 nömrəli məktəbin məzunu olub. Anası danışır ki, oğlu 1-ci sinifdən 11-ci sinifə qədər əlaçı, zərbəçi olub. Həmişə dərslərini yaxşı oxuyub. “4” qiyməti alanda belə özünə sığışdırmayıb ki, niyə əla qiymət almayıb. Məktəbi bitirən kimi Bakı Slavyan Universitetinin ingilis dili, tərcüməçilik fakültəsinə daxil olub. Bu il 4-cü kursda oxuyurmuş. Ödənişli əsaslarla təhsil alırmış. Qrup yoldaşları ilə birgə bir neçə dəfə intellektual oyunlarda iştirak edib, diplomlar qazanıb. Hər şey yolunda gedərkən, oğlunun evlərinə yaxın bir yerdə maşına mindirilib aparıldığını eşidir:

“Mayın 10-da günorta vaxtı tutuldu. Evin yaxınlığında kimsə görüb ki, onu iki maşın arasında sıxışdırıb aparıblar. Bundan sonra polisə müraciət etdik. Dedik ki, uşağımız həyətdən götürülüb, xəbərimiz yoxdur hara aparılıb. Bir də gördük məhəllədə xəbər yayıldı ki, Bayramı gətirirlər. Evimizdə axtarış aparmağa gəliblər. Atası xahiş edib ki, heç olmasa mən keçim. Qəti şəkildə icazə verməyiblər. Qarşısına divar kimi çəkiliblər ki, olmaz. Evdə elə də çox qalmayıblar, heç bir saat olmayıb. Evi necə qoyub getmişdimsə, elə də gəlib gördüm. Heç nə dağınıq deyildi. Hər şey səliqəli, yerində idi”.

Heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış…

Xətai rayon Məhkəməsi 12 mayda gənc fəallar –Bayram Məmmədov və Qiyas İbrahimov haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər qanunsuz narkotik dövriyyəsində ittiham olunurlar. Rəsmi məlumatlarda qeyd olunur ki, Bayram Məmmədovun üzərindən 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Həmin maddələrin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Bayram Məmmədov isə Bakı İstintaq Təcridxanasında vəkilə yazdığı izahatında deyir ki, o, eks-prezident Heydər Əliyevin heykəlinin postamentinə yazılan şüarlara görə həbs edilib. Postamentə “Qul bayramınız mübarək!”, “F… the system!” şüarları yazılmışdı. Bundan sonra o, 12-ci polis bölməsində, Bakı şəhər Baş Polis İdarəsində, Nərimanov rayonu müvəqqəti saxlanma yerində işgəncələrə məruz qaldığını deyir: “Mayın 12-də məhkəmədən qayıtdıqdan sonra MSY-nin rəisinin otağına apardılar, orda rəisdən başqa 2 mülki şəxs vardı, onlar məndən heykəlin şəklini çəkməkdə əlbir olduğumu soruşmağa, müxtəlif şəxslərin adını çəkərək, onlara qarşı ifadə vermək üçün dilə tutmağa başladılar. Bildirdilər ki, heykəlin qarşısına gül qoy, baş əy və AzTV-yə danış, hələ ki, gec deyil, səni azad edək. Bu təklifdən imtina etdikdə telefonla kiməsə tapşırıq verib “aparın, bununla bir az məşğul olun” – dedi. Onlar məni aşağı apardılar. Qollarımı arxadan qandalla bağlayaraq dubinka, yumruq və təpiklə döyməyə başladılar”.

“İşgəncədən sonra polisə qəzəbim yarandı”

Üzü solğunlaşmış, saçını güzgüyə baxmadan toparlayıb arxadan bağlayan ana bu məktubdan sonra oğlu haqqında fikirli-fikirli danışır, cümləsinin sonunda susqunlaşır və bu susqunluq bir neçə dəqiqə çəkir. “Məktubun oxuyandan sonra özümü ağlagəlməz dərəcədə pis hiss elədim. Bircə onu istədim ki, otağa girim, qapını bağlayım və orada tək qalım. Oğluma verilən işgəncələr üçün çox acıyıram. İstəməzdim eləsin. Mən indi bilmirəm, ona verilən işgəncələr sağlamlığında hansı fəsadlar yaradacaq. İşgəncədən sonra polisə qəzəbim yarandı. Cəzası nə idi verərdi, amma işgəncə yox. Bunu qəbul eləmirəm. Heç vaxt da qəbul etməyəcəm. Ona verilən işgəncələri düşündükcə, öz-özümə deyirəm ki, mən bunu necə hiss eləməmişəm və bu günə qədər necə nəfəs alıb yaşayıram. Özüm bilirəm onu necə əziyyətlə böyütmüşəm. Özümün çəkdiyi acılara görə yox, onun çəkdiyi acılar üçün dözə bilmirəm. Məhkəməyə aparana qədər, ondan sonra da oğluma işgəncə veriblər”.

“Kim Bayramın üzərindən heroin tapıldığını eşidirsə, gülür”

Anası danışır ki, kim oğlunun üzərindən heroin “tapıldığını” eşidirsə, gülür. Heç kim inanmır ki, Bayram Məmmədov narkotik maddə istifadəçisi və ya satıcısı olub: “Heç vaxt siqaret çəkməyib. Heç bir pis vərdişi olmayıb. Qadağalarla böyüməyib. Elə bir hərəkəti olmayıb ki, biz ona nəyisə qadağan edək. Heç vaxt gözləməmişəm ki, oğlum həbs olunar. Nəinki mən, heç qohumlarımızın heç biri… Bu gün də ona həbsi yaraşdırmırıq”.

Bayram izahatında yazıb ki, işgəncələrdən bədəninin hər yeri ağrıyır. Anası deyir, oğlu sağlam olub. Heç vaxt səhhətindən şikayətlənməyib: “Onu həkimə bir dəfə də aparmamışam. Bircə aclığa dözümü yox idi. Yeməyi bir damcı gecikdirəndə deyirdi: “Mama, dözə bilmirəm, başım ağrıyır”. Qarşısına adi bir yemək qoy heç nə demirdi, elə bil hər naz-neməti yeyib qalxıb. Mən kasıblıqdan narazılıq edəndə o, həmişə deyirdi ki, nə vaxtsa pul olar, şikayətlənmə. Atası deyirdi, nə qədər bacarıram o qədər işləyəcəm, ancaq sənin əlində həmişə kitab-dəftər görüm. Fəhlə işləsə belə atası elmə çox meyllidi. Bayramla oturub intellektual verilişlərə baxırdılar. Yarışırdılar ki, kim cavabı birinci tapacaq” (gülür).

Pulsuzluqdan qapıya açar ala bilmirlər

Bayramın otağına keçirik. İki yataq, bir paltar dolabı, kompüter və kitablar var. Ev təmirsizdi. Sevinc xanım deyir ki, Bayram ödənişli əsaslarla oxuduğu üçün imkanlaşdırıb evi təmir edə bilməyiblər. Ailədə yalnız yoldaşı Fərman Məmmədov işləyir. İnşaatda çalışan valideynin bir istəyi olub, qolunda güc azalanda oğlu işləyib evi saxlasın: “Nə tapmışıq, şükür etmişik. Nə gəlibsə, halal yolla gəlib bu evə. Təcridxanadan mənə zəng edəndə də dedi ki, mama mənə heç nə lazım deyil. Bildim niyə elə deyir. Mənim nəyim var ki ?! O istəmir ki, biz əziyyətə düşək”.

Ana düşünür ki, oğluna öyrətdiyi düzgünlük indi onun “baş bəlası” olub: “Onun elə bir qanın düzgünlüklə yoğurmuşdular. Ona heç vaxt qoymamışıq yalan danışsın. Evdə kiminsə, tutalım, qonşunun əleyhinə danışmağa icazə verməzdi. İndi deyirəm ki, bəlkə də belə böyütməməli idim. Onun qanına hopdurmamalıydım düzgünlüyü. Bəlkə də o zaman ona yaşamaq daha asan olardı. Tam düz yola qoyanda həyatla çox çətin barışır, ona görə də əziyyət çəkir. Bu uşağın qanı əvvəldən elə yoğrulub. Yalan bilməyib, xəbərçilik bilməyib, inciyəndə də gəlib deməyib. Onun iç dünyasını öyrənmək çox çətindir”.

Qadın hər gün otaqları gəzib, özünə yer tapa bilmədiyindən danışır. Oğluna kömək edə bilməməyi onu əldən salır. Deyir ki, hər gün yolunu gözləyirəm, bəlkə gələr deyə: “Elə bilirəm ki, gələcək. Hər gün qapısını açıb, otağına girirəm, yerinə baxıram. Paltarlarını iyləyirəm, bağrıma basıram. Gözləyirəm ki, bəlkə bir az ədalətli olarlar. Ümidimi itirmirəm. İstəyirəm qayıdıb evimizə gəlsin, başqa heç nə istəmirəm”.

Qapıdan çıxanda Bayramın əmisi qarşımıza çıxır, Bayramla bağlı gəldiyimizi eşidəndə darvazanı göstərib deyir: “Heroindən istifadə edən adamın qapısının açarı olar. Pulsuzluqdan qapıya açar ala bilmirlər. Heroini olan adam təhsil haqqın ödəyərdi. Ailəsi borc-xərc edib hər il onun təhsil haqqın verirdi. Axırıncı dəfə anası qonşudan 200 manat borc alıb ki, onun univetsitetinin pulun ödəsin. Atası fəhlə işləyib bu evi dolandırır. Güc-bəla ilə o uşağı böyüdüblər. Onu belə şərləyib tutmaq olmaz”./meydan.tv/
475 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber