Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Dekabr 2013

Bakıda sakinlər qaz tələbilə aksiya keçirdi

“Olimp” MTK-nın 400 ailəsi evlərdə donur, payçılardan 320 manatdan qaz pulu yığılıb, amma qaz verilmir

Bakıda daha bir tikinti şirkəti payçıları süründürür. Belə ki, “Olimp” MTK-nın rəhbərliyi 400-dən çox ailəni aldadıb, 5 ildir qaz veriləcəyi vədinə əməl etmir. Hətta bunun üçün sakinlərdən qeyri-qanuni 320 manatdan vəsait yığılıb. Bu pulların sayğacların quraşdırılmasına, qaz xətlərinin çəkilməsinə sərf ediləcəyi söylənib. Ancaq toplanan vəsaitlərin hara xərcləndiyi açıqlanmır və sakinlər deyirlər ki, it də gedib, ip də.
Ona görə də dekabrın 23-də axşam saatlarında narazı vətəndaşlar yaşadıqları binanın həyətinə toplaşıb etiraz etdilər. Narazılar aksiyada MTK rəhbərliyindən qaz probleminin həllini tələb etdilər.

Onlar qeyd etdilər ki, Binəqədi rayonu, Naxçıvani küçəsi, “Elit” Ticarət Mərkəzinin arxasında yerləşən “Olimp” MTK-ya məxsus binalara qaz verilmir deyə əhali elektrik enerjisindən istifadə edir. Amma yarımstansiyanın gücü çatmır ki, vətəndaşları tam şəkildə işıqla təmin edə bilsin. Qaz təchizatı olmadığı üçün elektrik enerjisi yüklənir və vətəndaşlar evlərində donurlar.

Gecə vaxtı evlərindən bayıra çıxaraq aksiya keçirən şikayətçilər dedilər ki, MTK-nın rəhbəri Eldar adlı şəxsdir. Vətəndaşların yaşadığı binanın 1-ci mərtəbəsində MTK rəhbərinə məxsus “Qafqaz İnkişaf Bankı” fəaliyyət göstərir. Qəribədir ki, bankın ofisi qazla təmin olunub. Amma yuxarı mərtəbələr heç bir səbəb olmadan qaza təchiz edilmir: “Qanunla binanın 1-ci mərtəbəsinə qaz çəkilə bilməz. Bu, insanların həyatına təhlükə yaradır. Amma bizi unudub, bankın qaz məsələsini tez həll də biliblər”.

Aksiyada iştirak edənlər dedilər ki, yaşayış kompleksinin inşası 2010-cu ildə başa çatmalı idi. Lakin bina Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. Mənzil-tikinti kooperativinin rəhbərliyi tez-tez dəyişdiyindən və kimsə məsuliyyət daşımadığından bunun səbəbi bilinmir. O da bəyan olundu ki, MTK rəhbərliyi qaz probleminin olmasını ondan “yuxarı”ların rüşvət istəməsi ilə əlaqələndirib. Sakinlər isə bununla razılaşmır. Onların fikrincə, hər bir ailədən 320 manat yığılıb və rüşvətin həmin dairələrə çatmasına kifayət etməlidir.

Vətəndaşlar fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət ediblər. Müraciətdə binaya qaz verilməsini, kompleksin həyətindən qeyri-qanuni tikililərin yığışdırılmasını və kompleksin həyətinin layihədə göstərildiyi kimi olmasını xahiş ediblər. /musavat/
1627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi