Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2016

Bu kəndi hamı tərk edir - Şamaxıda

Şamaxıdan 41 kilometr uzaqlıqda yerləşən, vaxtilə səsli-küylü, qonaq-qaralı, füsunkar təbiətə malik, elə adı kimi özü də səfalı olan Səfalı kəndi sakitliyə qərq olub.

Kanal S (Region TV) xəbər verir ki, əsası 17-ci əsrdə qoyulmuş, keçən yüz illiyin ortalarında Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddə yaşayış yox olmaq üzrədir.

"Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və bu yaxınlarda "Buta" filminin çəkildiyi kənddə indi yalnız yaşlı nəslin nümayəndələri yaşayır.

Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb.

Hazırda 22 yaşayış evi, 120 sakinin qaldığı kənddə əhali sayı artmaq əvəzinə azalmağa doğru gedir. Kəndin ucqar ərazidə yerləşməsi, xüsusilə də yeni ailə quran gənclərin şəhərlərdə məskunlaşması və digər səbəblər kəndin boşalması ilə nəticələnib. Sakinlərin öz ata-babalarından qalan evlərini boş, kimsəsiz qoyaraq başqa ərazilərə üz tutması yaşlı nəslin nümayəndələrini narahat edir. Baxımsız qalan evlərsə yararsız hala düşüb. Lakin bununla belə, kənd camaatı ümidini itirmir. Ümid edirlər ki, problem tezliklə aradan qalxar və öz kəndlərini filmlərdən xatırlamaq məcburiyyətində qalmazlar...


536 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:38
"