Şrift ölçüsü:
A+
A
A-
Kr
24 May 2016

Azərbaycan nə zaman amnistiyaya düşəcək?

Ölkədə baş verənləri izlədikcə, insan istər-istəməz düşünür ki, günü-gündən pisləşən durumun qarşısında susmaqda israrlı olan bir toplum daha nə qədər səbr edəcək? Yaxud davamlı olaraq yaşayışından, olduğu zavallı durumdan şikayətlənən xalq daha nə qədər qarı kimi elə hey deyinəcək?

Düşünürəm də, doğrudanmı, bu halımız elə 23 illik YAP iqtidarının gətirdiyi bəlalara bağlıdır? Bəlkə bütün bunlar labüd idi, biz bir xalq olaraq haqq etdiklərimizi yaşayırıq!?


Ölkə başdan-başa böyük bir məzarlığı xatırladır. Hər gün daha çox zülm, daha çox həbs, daha çox özübaşınalıq, içgəncə faktlarının şahidi oluruq. Dünən işgəncə yoxdu, bu gün var. Dünən birini şərləyəndə az da olsa, bir məntiqi nəzərə alan vardı. İndi o da yoxdur. Dünən taladıqlarını ört- basdır etmək cəhdi vardı, bu gün o da yoxdur.

Hər şey daha çox pisliyə doğru gedir. Bizsə oturub müdrik görünüş alıb bu suala cavab axtarırıq: Niyə insan doğulub böyüdüyü ölkəyə belə qənim kəsilib? Bunların vicdanı yoxdurmu?

Amma bir düşünək, bu ölkəyə qənim kəsilənlər təkçə hakimiyyətdə olanların sayı və ya etdiklərinin miqyası iləmi sınırlıdır? Məgər təkçə məmurlardımı bu məmləkətin ruhunu didik-didik edən?

Bəs bu xalq, bu ölkənin məzlumu hardadır? Bu ölkənin təkcə zülm edəninə deyil, o zülmü görəninə də güvənmək, məzlumun ahının səmimiyyətinə belə inanmaq çətin deyilmi artıq?!

Hər şeyi doğrudanmı məmurların vicdanı, şəxsi keyfiyyətləri həll edir?

Qarşımızdakı məmur, iqtidarda oturub heç bir şeydən çəkinmədən bizə yalan danışanlar niyə belə arxayındırlar? Nədir onları belə güclü edən?…

İnanın, hakimiyyətdə olan kimsə fərdi vicdanı və ya əxlaqi-mənəvi dəyərləri, keyfiyyəti ilə hərəkət etmir. Kimsə də məmur kimi vicdan və ya əxlaqının meyarlarına görə zülm, pislik və ya yaxşılıq etmir. Bu bir zəncirdir. Qurulu sistemdir və o sistemin bir parçası olduqdan sonra səni sistem idarə edir. Olanları hansısa vəzifədə oturanın vicdansızlığı və ya qeyri-insaniliyi də həll etmir. Bizsə hələ də sadəlövhcəsinə qarşılaşdığımız zülm, işgəncə faktının qarşısında “bunların vicdanı yoxdur” deyib ah-zarlanırıq.

Problem onda deyil ki, YAP hakimiyyətdədir, problem ondadır ki, biz xalq olaraq ictimai nəzarəti həyata keçirmək istəmirik. İqtidarda olanların bizi hara sürüklədiyinin məsuliyyətini dərk etməsini sağlayacaq nə edirik biz?

Unutmayaq, dünyanın ən mütərrəqi insanı və ya iqtidarı nəzarətsiz qaldıqda və ya sınırsız güc əldə etdikdə mürtəceləşir. Heç nəyi deyil, elə Avropada bir vaxtlar klisənin əldə etdiyi güclə xrictian dini adı altında törətdiyi cinayətləri xatırlayaq.

Azərbaycan xalqı tarixin heç bir dönəmində bu nəzarəti öz üzərinə götürmək istəməyib. Yaxında Osmanlının tarixindən bəhs edən “Yüz ilin şəfəqində” sənədli filminə baxanda hətta sultanlıq dövründə toplumun bu nəzarəti necə üstləndiyini, sultanı belə geri addım atmağa məcbur etməsini izlədikcə düşündüm ki, biz niyə bir dəfə də olsun “dövlət hardadır, bütün bunları kim durduracaq ?” deyib məsul şəxslərin boğazından yapışmamışıq?!

Bacarmırıq deməyim, istəmədik deyin.

Bir xalqın iradəsi qarşısında olmayacaq nəsə yoxdur. Axı bu ölkənin insanının idarəçiyə münasibəti nə zaman indikindən fərqli olub? Bəlkə “qazanın yanında oturan onun qarasına batar” deyənlər bizim babalarımız deyil? Bəlkə “el üçün ağlayanı kor edən” də biz deyilik?

Bu ölkədə təkçə iqtidar deyil, yanaşmalarımız dəyişməlidir. İnsan və ya cəmiyyət düşüncələrin toplusudur. O üzdən dəyişmək istəyiriksə, bu gün təkcə hakimiyyətdə olanlar deyil, bütünlükdə dövlətə və idarəçiliyə olan münasibətimiz dəyişməlidir. Oturub Saakaşviliyə həsəd aparmaqla, “kaş o liderdən bizdə də olaydı” deməklə olmayacaq bu işlər… O Saakaşvilidən də güclü olan fərdlər var bu ölkədə və inanın, sabah belə biri iqtidarda olacaqsa, onu da didişmə və yanaşmalarımızla məhv edəcəyik.

Çünki bu ölkədə siyasətə “qarışanların” çoxu özünü əvəzolunmaz, digərlərini qaraguruh hesab edir, məzlumusa haqqı tanınanda dönüb olub cəllad…

Etiraz etməyə tələsməyin…

Xatırlayın. Siz, ey mənim indi zülmdən əziyyət çəkən həmvətənlərim, Elçibəyi hansı adla yola saldınız? Bir şey olan kimi bu ölkənin o məzlum deyilən “arvadları” Mili Məclisə hücum çəkmədimi?

P.S. Hamımız yaxın günlərdə verilmiş amnistiyadan şikayətlənirik, onun yarımçıq, yararsız sənəd olduğunu qeyd edirik. Başqa nə ola bilərdi ki Susqunluğumuz, laqeyidliyimizdə haqsızlığa tabe edib “azadlıqdan məhrum etdiyimiz” ölkəyə “amnistiya verməyincə” verilən bütün qərarlar, sərəncamlar belə olacaq. Odur ki, şikayət etməyək, ölkəni məhkum etdiyimiz “sahibsizlik maddəsindən” azad edib amnistiyaya salmaq haqqında ciddi düşünək.

Zümrüd Yağmur/azadliq/
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14
Əbdülməlik Əl-Husi: "