Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2016

Müəllimə: ''Bizdə təqaüdə çıxan insanların arzusu olmur''

“Dövlətin mənə verdiyi dəyər – 183 manat”

“Bu gün dövlət insanların qədrini bilmir, qiymət vermir. İstər müəllim olsun, istər həkim, istərsə də mühəndis, kimyaçı, neftçi...”, - deyir, Ramana qəsəbəsindəki məktəblərdən birində dərs deyən Mətanət Səmədqızı.

M.Səmədqızı Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyir. Dövlət büdcəsindən əmək haqqı alan biri kimi Azərbaycanda müəllimlərin dolanışığının, yaşayış səviyyəsinin acınacaqlı olduğunu bildirir.

“Yeni nazir dərs saatlarını artırmaqla guya müəllimlərə yaxşılıq etdi”

“Hələ bizim məktəbdə uşaq çoxdu deyə, dərs növbəsi 2-dir. Ona görə mənim dərs saatım 18-dir, əmək haqqım biraz normaldır. Ancaq daha bərbad vəziyyətdə olanlar var. Əvvəl 12 saat idi. Ondan daha razı idim. Yeni nazir dərs saatlarını artırmaqla guya müəllimlərə yaxşılıq etdi. Bu dəfə vəziyyət lap pisləşdi. Əvəzində maaşımızın xeyli hissəsi yardıma, siğortaya çıxılır. Əvvəllər verilən yazı pulu kəsilib, sinif rəhbərliyinə görə verilən 40 manat isə 28 manat olub və s. Müəllimlər asan yaşamırlar”.

“Hökumətin qərarlarına ürəkli sevinmək olmur”

Mətanət Səmədqızı 39 ildir ki, müəllimə işləyir. Deyir, bu dövr ərzində o qədər haqsızlıq görüb ki, yaxşı nəsə olanda da inana bilmir. Və yaxud həmin yaxşı xəbərin altında pis nəsə axtarır:

“Maaş artımına bütün müəllimlər sevinirdilər. Mənim inamım yox idi. Deyirdim, o pulu almayınca, inanmayacam. Elə fikirləşirdim ki, bunun altında nəsə var. Düşündüyüm kimi də oldu. 12 saat artıb 18 oldu. Ancaq əvəzində çox əziyyət qarşılığında az pul alırıq. Uşaq sevindirirlər elə bil. Altından yaxşı heç nə çıxmır”.

Müəllimlərin əmək haqqı nəyə çatır, nəyə çatmır?

Mətanət Səmədqızı aldığı əmək haqqının lazım olan hər şeyə yetmədiyini deyir: “Bu gün müəllimlərin maaşı bir insanın orta səviyyədə yaşamasına da yetmir. Mən hələ yüksək səviyyədə yaşamaqdan danışmıram”.

“Halbuki müəllim ən yaxşısına layiqdir” - deyən M.Səmədqızı əlavə edir ki, aldığı maaş bu həftədən digərinə güclə çatır: “Özü də indiki bahalıq dövründə. Hələ mənim iş təcrübəm çox olduğundan başqalarına baxanda maaşım yüksəkdir. Ancaq bu işləməyin qarşısında heç nədir deyərdim. Qane etmir”.
“Yaxşı yaşamaq istəyən müəllim məcburdur repetitorluq etsin”

M.Səmədqızı bu gün yaxşı yaşamaq istəyən müəllimin uşaq hazırlamağa məhkum olduğunu deyir. Bu da ona əsəb, stress bahasına başa gəlir: “Bəzən mən də sosial durumumu yaxşılaşdırmaq üçün hazırlaşdırmağa uşaq götürmüşəm. Bir aya hiss etmişəm ki, uşağın oxumağa meyli, həvəsi yoxdur. Dözə bilməmişəm, valideynini çağırıb onu daha hazırlaşdırmaq istəmədiyimi demişəm. Bilirsiniz, mən bacara bilmərəm. Belə olan halda valdeynin verdiyi pul mənim boğazımdan keçməz. Ancaq ana və atalar uşaqları məcburi oxutmaq istəyirlər. Nəticədə, təhsilimiz, səhiyyəmiz olur bərbad. Mən bu bərbadlıqda rolumun olmasını istəmirəm. Valideynlərə uşağın istəmədiyini başa salmaq olmur. Deyirlər, yox, biz nə deyiriksə, o olmalıdır. İndi belə valideynlərlə, insanlarla işləmək təsəvvür edin də nə qədər çətindir”.

Müəllimlərin ən böyük problemi nədir?

M.Səmədqızı deyir ki, bu gün onun maddiyyatdan daha böyük problemi var. O da əziyyətinin qiymətləndirilməməsidir:

“Yaxşı müəllimlərə qiymət verilmir. Direktorun müəllimi hansısa vəzifəli valideynin ayağına verməsi az olmayıb. Direktorların əksəriyyəti asılıdır. Bu ölkədə müəllimə nə yaxşı maaş, nə də hörmət var. Əksər müəllimlər işlərini itirməmək üçün haqqını da tələb edə bilmir. Çətindir. Nəticədə, yeni bitirib işləməyə başlayanlar işinə həvəssiz yanaşır. Görürlər də, dövlətin müəllimə verdiyi dəyəri”.

“Uşaqlarda belə gələcəyə inam yoxdu”

“Təkcə müəllimlərdə deyil həvəssizlik, biganəlik. Elə şagirdlər də o gündədir”, - deyən Mətanət müəllimə əlavə edir: “10-cu sinifə dərsim var idi. Şagirdlərdən biri dərsini hazırlamamışdı. Başa saldım ki, oxumaq lazımdır. Özünün gələcəyi üçün, yaxşılığı üçün. Uşaq dedi: “Ay müəllimə, dayım aspirantura, doktorantura bitirib. Özü də lap prezident təqaüdü ilə. Ancaq heç bir yerdə işə düzələ bilmir. Çünki işə düzəlmək üçün istənilən pulu yoxdur. İndi fəhlə işləyir. Bu dövlət ona qiymət vermədi. İndi deyirsiniz oxu. Ondan artıq oxumayacam ki... Mənə kim dəyər verəcək?”

Kimdən də soruşursan gah polis, gah biznesmen olmaq istəyir. Uşaqlar da yaxşı bilirlər pulu harda qazanmağın mümkün olduğunu. Hamısına cəmiyyət dərs verib. Mən də başa salıram ki, həmişlə belə davam etməyəcək, müəyyən bir vaxt keçəndən sonra hər şey düzələcək. Biz də ümidlə yaşayırıq. Ancaq uşaqlarda belə gələcəyə inam yoxdu”.

“Dövlət verdiyi təhsilə güvənini itirib”

M.Səmədqızı müəllimlərin ən son verdiyi sınaq imtahanlarından da danışdı. O, dövlətin öz verdiyi təhsilə nə səbəbə güvənməməsini anlaya bilmədiyini dedi: “Bizə təhsili kim verib? Azərbaycan dövləti. Deməli, öz verdikləri təhsilə güvənmirlər. Bunu mən demirəm, öz əməlləri göstərir. Şəxsən mən, həmin imtahanda yüksək bal topladım. Nəticəsi nə oldu? Nə dəyişdi? Mənə əlavə stress, vaxt itkisindən başqa heç nə yaşatmadılar. Yüksək bal topladım, ancaq ən aşağı bal toplayan müəllimlə birgə işləyir, eyni əmək haqqı alıram. Fərqim nə oldu? Yəqin imtahan etməklə bilmək istəyirdilər ki, təhsili istədikləri kimi məhv edə biliblər, ya yox”.

Mətanət müəllimə 39 ildir dərs deyir. Deyir, tutaq ki, imtahanda aşağı nəticə göstərəydi, məlum olaydı ki, biliyi zəif imiş, bu zaman nə olacaqdı? 39 ildə dərs dediyi şagirdlərdən kim üzr istəyəcəkdi? “Və yaxud aşağı nəticə göstərən müəllimlərin əvəzinə kim üzr istədi? Nə tədbir gördülər?”

“39 il iş təcrübəsi və 183 manat təqaüd”

Mətanət Səmədqızı deyir ki, müəllim illərlə işləyir, əziyyət çəkir. Sonda da yaşlanır, təqaüdə çıxır. Onda da dəyəri olmur: “Bugünlərdə təqaüdə çıxıram. 39 illik iş təcrübəsinin, gərgin işləməyin nəticəsi bilirsiniz nə oldu? Cəmi 183 manat. Dövlət mənə bu təqaüdü layiq bilib. İllərdir işləyirəm. Xəstə-xəstə də dərs buraxmamışam. Lap hərarətim olsa belə fikirləşmişəm ki, uşaqların dərsi boş keçməsin, getmişəm. Təsəvvür edin, heç vaxt bülletenə çıxmamışam, başqa nə deyim? Ancaq bu gün həmin fədakarlıqların nəticəsini görə bilmirəm. Mükafat 183 manatlıq təqaüddü. Deyirlər, get yaşa. Bu təqaüd müəllimin nəyinə çatsın?”

“O insanlara başqa arzu, başqa seçim qoymayıblar”

M.Səmədqızı deyir ki, ona görə də bizdə təqaüdə çıxan insanların arzusu olmur:

“183 manata nə arzu qurasan axı? Nəyə çatar, neyləyəsən? Heç çörək pulunu ödəmir. Mən hələ işləyirəm. İldə bir dəfə hansısa Avropa ölkəsinə gəzməyə gedəndə nələrdənsə sıxışdırıb, kəsib gedirəm. Təqaüd ondan 5 qat azdır. Deməli, müəllim sonda evdə oturmağa, yoxsul vəziyyətində yaşamağa məhkumdur. Bəzən bizim insanları qınayırlar. Deyirlər, xaricdə camaat fikirləşir yay gəlsin, gedim səyahətə, bizimkilərinsə dərdi balon bağlamaq, mürəbbə bişirməkdir. Qınamayın, o insanlara başqa arzu, başqa seçim buraxmayıblar”./meydantv/

433 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi