Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyun 2016

İcra başçının qəbuluna getdi, başı yarıldı – Şəhid ailəsi fəryad edir

Bir ailə məhv olub gedir. Qayınata, gəlin, qayınlar, uşaq – hamı birlikdə yatır, durur. Bu, yaşayış deyil.
Bunları deməyə gedəndə də şəhid atasını qapıdan itələyib yerə yıxırlar, başını yarırlar”
“Bir oğlu şəhid, iki oğlu ruhi xəstə olan, evsiz-eşiksiz 77 yaşlı ahılı onsuz da həyat yetirəncə vurub. Bir də üstəlik başçının köməkçisi itələyib, yıxılıb, başı yarılıb”.
Şəmkirin Kür qəsəbəsindəki yataqxanada yaşayanYasəmən Hacıyeva AzadlıqRadiosuna danışır ki, mayın 20-də qayınatası Şura Hacıyevlə birlikdə Şəmkir rayon icra hakimiyyətinin başçısının qəbuluna gediblər. Qəbula düşə bilməsələr də, necə deyərlər, başlarına gəlməyən iş qalmayıb.
Yasəmən Hacıyeva danışır:
“Əvvəllər də azı beş dəfə başçının qəbuluna getmişik. Qəbul günləri olsa da, heç birində qəbul etməyib. Mən iş, qayınatamsa elə Kür qəsəbəsindəki 5 sot torpağında ev tikilməsinə kömək istəməyə getmişdik. Binadan çıxanda gördüm ki, qayınatam yerə yıxılı vəziyyətdə qalıb. Tez qaçıb qaldırmaq istəyəndə gördüm başı yarılıb. Huşu özündə deyildi. Həkim çağırdıq, ilkin yardım göstərdik. Dedim, “səni kim bu vəziyyətə salıb?” Dedi ki, “binaya keçmək istəyəndə başçının köməkçisi buraxmadı, itələdi, yıxıldım”. Başı divara dəyib yarılmışdı. Beyni silkələnib”.

“HAMI BİRLİKDƏ YATIR, DURUR”
Yasəmən Hacıyeva deyir, 20 ildən çoxdur ki, qayınatası, ruhi xəstə olan iki qaynı, yoldaşı və övladı ilə yataqxananın 5-ci mərtəbəsində, şəraitsiz bir otağa sığınıblar. Qəsəbədə Şura Hacıyevə məxsus 5 sot torpaq olsa da, illərdir ki, bir otaq tikib içərisinə yığışa bilmirlər:
“Özüm 13 il müəllimə işləmişəm. İndi işsizəm. Gedirəm, yalvarıram ki, mənə ixtisasıma uyğun bir iş versinlər, ruhi xəstəyə baxmaq çətindir. Hər ay dava-dərmanları, normal qidalanmalıdırlar ki, məhv olmasınlar. Qayınatamsa yükü yüngülləşdirməkdən ötrü torpaqda, heç olmasa, bircə otaq tikilməsinə kömək istəyir. Bir ailə məhv olub gedir. Qayınata, gəlin, qayınlar, uşaq – hamı birlikdə yatır, durur. Bu, yaşayış deyil. Bunları deməyə gedəndə də şəhid atasını qapıdan itələyib yerə yıxırlar, başını yarırlar”.
İki həftə keçməsinə baxmayaraq, Şura Hacıyevin vəziyyəti hələ də qənaətbəxş deyil. Ailə isə polisə müraciət edib. Yasəmən Hacıyeva Şəmkir polisindən də razı deyil. Deyir, təhqiqatçını yalnız bir dəfə – qayınatasının və onun izahatını alanda görüblər. Nə cinayət işi başlanıb, nə də bir tədbir görülüb.

“OLA BİLSİN, BAŞI GİCƏLLƏNİB”
Şəmkir rayon icra hakimiyyəti isə bildirir ki, Şura Hacıyevə qarşı hər hansı kobudluq olmayıb: “Yaşlı adamdır, ola bilsin, başı gicəllənib, yıxılıb. Bizim o hadisədən, ümumiyyətlə, xəbərimiz yoxdur”.
Şəmkir polisindən mayın 20-də Şura Hacıyev tərəfindən şöbəyə ərizə daxil olduğunu və hazırda araşdırıldığını bildiriblər. Şöbədən ətraflı məlumat verilməyib.
77 yaşlı Şura Hacıyev ruhi xəstə olan övladlarının qayğıları azmış kimi, indi də öz sağlamlığının bərpasına çalışır. O, AzadlıqRadiosuna deyib ki, başçının köməkçisi itələyərkən yıxılıb, başından aldığı zərbədən gözləri də tutulub./azadliq.org/
464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP