Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

İnternet azadlığımız təhlükədə - hər addımımız izlənilir

Ekspertlər bildirirlər ki, bu sahədəki nəzarətsizlik dövləti yönləndirənləri narahat etməlidir

Dekabrın 24-də Media Hüquqları İnstitutunun təşkilatçılığı ilə “İnternet: Azadlıq və tənzimləmə” mövzusunda konfrans keçirilib.

Qurumun rəhbəri Rəşid Hacılı konfransda ölkədə internet istifadəçilərinin qarşılaşdıqları real təhlükələrdən və həbslərdən danışıb. Onun sözlərinə görə, bir müddət əvvəl tutulan blogger Əbdül Əbilovun həbsi və ona qarşı irəli sürülən narkotik ittihamı da buna bir sübutdur: “O, sosial şəbəkədə, facebook-da iki səhifənin admini idi.
“Yaltaqlara dur deyək» və “Seçki saxtakarlığı” səhifələrini işlədirdi və həmin səhifələr kifayət qədər aktiv idi. Onun həbsi bir daha göstərir ki, internet media azadlığı ölkədə ciddi təhlükə qarşısındadır. İnternet üzərindən imkan verilən ifadə azadlığı müxtəlif qanunsuz yollarla məhdudlaşdırılır. İndi bloggerlər məlumatları internet üzərindən asanlıqla yayırlar, qəzetdə yazının çap olunmama kimi problemi yoxdur. Ancaq bloggerlər ifadə azadlığına zərər vurulan formada, narkotiklə, Cinayət Məcəlləsinin başqa maddələrindən istifadə edərək həbsə atılır. Başqa basqılar da var. Mən qanunvericilikdə olan problemlərdən danışmaq istəyirəm. Cinayət Məcəlləsində olan, məzmunla bağlı tənzimləmələrdir. Böhtan, təhqirlə bağlı maddələri buna aid etmək olar, məzmunla bağlı tənzimləmələr çoxdur, terrorizmə çağırış, pornoqrafiya, milli, irqi ayrı-seçkiliyə çağırış buraya aiddir, dövlət başçısının şərəf və ləyaqəti ilə bağlı maddə, müharibə təbliğatı və sair maddələr var. Ancaq jurnalistlərə qarşı silahsaxlama kimi maddələrdən istifadə olunur. Məsələn, Rafiq Tağıya qarşı dini ayrı-seçkiliklə bağlı ittiham irəli sürülmüşdü, ancaq onun yazdıqlarında ayrı-seçkilik salınmasından söhbət getmir. Ona cəza verdilər. İndi mərhum jurnalistin işi Avropa Məhkəməsindədir. Eynulla Fətullayev etnik ayrı-seçkilikdə günahlandırılmışdı, Fərəməz Allahverdiyevə tətbiq olunan məzmunla bağlı maddə iğtişaşlara çağırış idi. Hazırda Tofiq Yaqublu, İlqar Məmmədov, NIDA-çı gənclərə də bu maddə tətbiq olunur. Guya Fərəməz facebook-da Quba hadisələri zamanı status yazıb ki, gedək Şüvəlana, benzinlə kibrit məndən, gedib özümü yandıracam».
Onun sözlərinə görə, daha sonrakı problem daxili qanunvericilikdə olan boşluqların istifadə edərək xüsusi xidmət orqanlarına internet üzərində olan fəaliyyəti izləmək imkanı verməsidir: “Bu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarıdır, bir neçə qanuna, o cümlədən ”Terrorizmlə mübarizə haqqında» Qanuna istinad edirlər. Həmin qaydalara görə, hər bir mobil operator, xidmət operatoru, provayder borcludurlar ki, öz şəbəkələrinin içərisində xüsusi xidmət orqanları üçün xüsusi otaq ayırsın. Otaq ayrılmalıdır, tamamilə nəzarət edən avadanlıq almalıdırlar, trafikə tamamilə birləşdirməlidirlər. Heç bir hesabat vermədən, məhkəmə qərarı olmadan bunu edirlər. Bu şəkildə izləmə ciddi şəkildə gedir. Bu isə hətta istənilən kompyuterə icazəsiz girməyə də imkan verir. Buna qarşı bir kampaniya yoxdur. Bundan da çox zaman bloggerlərə qarşı istifadə olunur. İzləmə çox ciddi şəkildə, hökumət tərəfindən aparılır. Provayderlərlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında olan qarşılıqlı münasibətlər, xətlər üzərində olan dövlət monopoliyası, provayderlərin müstəqilliyi məsələsi mühümdür. Həmin izləmələr bloklama, internetin sürətinin azaldılması ilə də bərabər edilə bilir, bunlar qanun pozuntusudur, ancaq bunu araşdıracaq qurum yoxdur. Baş verən bu qanunsuzluğu izləmək və onu edəni tapmaq da çətindir. Biz çalışırıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə məsələni müzakirə edək, ancaq bütün məsələlər orada həll olunmur, bu hallara qarşı ictimai dəstək lazımdır».
Hüquqşünas Ələsgər Məmmədli isə qeyd edib ki, internetin gizliliyi vacibdir: “Bu yazışmalar, qeydlər, mesajlar hər şeydən öncə şəxsi həyatdır. İzlənmə, internet üzərindən ötürülən informasiyalarımız məhkəmə qərarı olmadan izlənilə, yoxlanıla bilməz. Normal cəmiyyətlərdə bu, olmamalıdır. Eynulla Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından sonra ölkənin üzərinə götürdüyü öhdəliklərdən biri budur ki, diffamasiyaya görə cəza qanunda olsa da, tətbiq edilməyəcək. Ancaq sonradan internetdə böhtan və təhqirə görə də məsuliyyət yarandı. Qonşu Ermənistan və Gürcüstanda artıq belə məsuliyyət yoxdur. Bəzi Qərb ölkələrində 30 ildir ki, qanun olsa da tətbiq edilmir. Artıq ölkədə baş verən internet üzərindən total izləmə isə qanunsuz və hər kəsi təhdid edəcək bir hərəkətdir. Heç bir nazir belə həmin izləmə aparatının arxasında oturan məmurun onunla bağlı sirləri yığıb saxlamasından və nə zamansa yaymayacağından sığortalanmayıb. Məmur adi vətəndaşdan daha çox təhlükədədir, çünki cəmiyyətdə bəlli yeri, ictimai yükü var, ictimai funksiya həyata keçirir və sair. İzləmədə nəzarətsizliyin mövcudluğu dövləti idarə edənləri narahat etməlidir. Nəzarət olmayan yerdə həmişə sui-istifadə olur, ciddi şəkildə səlahiyyətlərin aşılmasına şərait yaranır. Nə qədər ki, gec deyil, qanunvericiliyi elə hala gətirmək lazımdır ki, vəziyyət nəzarətdən tam çıxmasın”.
Tədbirdə digər çıxış edənlər də internet azadlığının, tənzimləmənin durumu, əsas problemləri və onların həlli yollarını müzakirə ediblər. Müzakirələrdə media ekspertləri və KİV nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ölkədə müstəqil online mediaya qarşı basqıların davam etdiyini və bunun narahatlıq yaratdığını bildiriblər. Xüsusilə diffamasiya haqqında qanunun qəbulunun uzadılmasının ölkədə müstəqil medianın işinə mənfi təsir göstərdiyi bildirilib. Qeyd edilib ki, jurnalistlərin və bloggerlərin şərlənərək həbs edilməsi hallarının mövcudluğu Azərbaycanın beynəlxalq imicinə ziddir. Həbs olunan jurnalistlərin və bloggerlərin sosial şəbəkələrdə hökumət əleyhinə yazdıqları sərt ifadələrə görə cəzalandırıldığı bildirilib.
1526 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat