Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

O uşağın gələcəyini də siz oğurlamısınız

Keçən gün Dünya Uşaq günü idi. Bu günsə Cəlilabadda 10 yaşlı uşaq bazardan çörək və qənd oğurlayıb…

Xəbəri oxuyanda ilk ağlıma gələn “Səfillər” əsərindəki Jan Valjan obrazı oldu. Acıdım, çünki əmindim ki, bu məmləkətin Jan Valjanının duyğularına və kimliyinə dəyər verəcək Yepiskop yoxdur.

Bu ölkə heç Javerlər məmləkəti də deyil – qanuna inanan, ancaq düz məntiqlə hərəkət edən hüquq işçiləri də yoxdur burda…

Bu ölkə nədirsə, böyük mənaların yüklənə biləcəyi, dəyərləndirilib dərin izahların verilə biləcəyi bir yer də deyil.

O 10 yaşlı, bəlkə də Jan Valjandan çox Qavroşu xatırladan bir uşağın qənd və çörək oğurlaması Azərbaycanda durumun nə qədər vahiməli olduğuna işarədir.

“Yuxarı”da oturub özünü dünyanın üstündə, dünyanısa ayaqları altında hiss edənlər, əslində, o 10 yaşlı körpənin çörəyini, qəndini siz oğulamısınız. Oğurlayıb öz harın övladlarınızın kef məclislərinə, geyindikləri bahalı, brend mallara, mindikləri maşınlara xərcləmisiniz.

Siz oğurlamısınız, özü də təkçə çörəyini, qəndini yox, çörək qədər müqəddəs olan ömrünü, duyğularını çalmısınız ondan… Qənd qədər şirin olan xəyallarını zəhər edib, onu da oğruya çevirmisiniz. Əminəm, onun əlləri, üst-başı da çirklidir. Amma bunlar nədir ki? Siz, vicdanında bötöv bir məmləkətin insanının ahının yükünü daşıyanlar, əsl kirləndirdiyiniz onun əli, paltarları da deyil. Bu ölkədə yüzlərlə uşağı aclıqla, ehtiyacla oğurluğa, yalançılığa sürükləməklə onların ruhunu kirləndirmisiniz.

Bu gün çörək və qənd oğurladığına görə qoluna qandal vurduğunuz o uşağın kiçik, kirli, oğurluğa bulamış əllərindəki dəmir qandallar da əslində, sizin vicdanınıza vurduğunuz zəncirin özüdür. Əks halda 23 ildir hər gün minlərlə uşağın haqqını, arzularını, gələcəyini necə oğurlamaq olardı ki?!

Ümumən, sizin üçün bu ölkədə öz övladlarınızdan, nəvələrinizdən başqa uşaq varmı ki?

Bakının mərkəzində az qala hər gün evini başına ucurduğunuz, yatdığı otağın divarlarını buldozerlərin qarşısına verib sökdüyünüz uşaqlar məgər sizdən ötrü uşaqdırmı?

Bakının “Qul bazarı” deyilən yerində əlindəki bükülünü kirli və qabarlı ovuclarında sıxa-sıxa onu işlədib, 10 manat pul verəcək birinin gəlməsini gözləyən, yolda dayanan maşınların şüşəsini silmək üçün irəli cuman, maşın dayanacaqlarında ona uzadılacaq 20 qəpiyi intizarla gözləyən uşaqlar sizdən ötürü nəsə ehtiva edirmi? Ehtiva etmiş olsaydı, onların yaşadığı ölkəni belə asanlıqla cəhənnəmə çevirməzdiniz.

Təbii, oturduğunuz rahat otaqlardan, bahalı maşınlardan, yaşadığınız böyük, dəbdəbəli evlərdən onları görə bilməzsiniz. Onlar ümumən sizin üçün yoxdur, bir toz zərrəsi qədər dəyər daşımırlar. Amma heç saydığınız bu uşaqlardan oğurladıqlarınızla heç kim ola-ola hər şey olmusunuz.

Bu gün o Cəlilabaddakı uşaq bütün Azərbaycan uşaqlarının simvoludur. Hətta rahat yaşayan uşaqların da… Bilirsinizmi niyə? Bu gün çörək, qənd oğurlamayanlar da potensial oğru yetişdirilir çünki… Sizin sayənizdə, cənablar! Onlar çörək, qənd oğurlamayacaqlar, amma sizin bu ölkədə qurduğunuz düzənin ucbatından başqalarının haqqını, çörəyini, qəndini, arzularını və ya ümidlərini oğurlayanlara çevriləcəklər. Çünki siz bu ölkədə normal idarəçilik, rəqabət şəraiti deyil, cəngəllik yaratmısınız.

Məhz sizlərin sayəsində indi normal şərtlərdə böyüyənlər belə sabah məmur, həkim, müəllim, polis kimi kimlərinsə haqqını oğurlayacaq. Çünki bu ölkədə oğurlamadan yaşamaq hardasa mümkünsüz olub.

Yuxarıdan aşağı öz kimliyinizi bu xalqın kimliyinə elə çalaq etdiniz ki, indi əsli surətdən ayırmaq hardasa mümkünsüz olub. Oğrunu doğrudan, çinayətkarı məsumdan ayırmaq çətin olduğu kimi…

Son olaraq… Sizin vicdan ağrısı hiss edəcəyinizə ümid bəsləmirəm, o qədər sadəlövh deyiləm. Amma bir gün bu vicdasızlıqlara görə cavab verəcəyinizdən əminəm. Çünki İlahi ədalət deyilən bir şeyin varlığına inanıram…

Bəlkə o Cəlilabaddakı uşaq hələ nə İlahi ədaləti, nə də onun haqqını məhz sizlərin oğurladığını anlaya bilir. Mən anlayıram amma… Və o uşağın, onun kimi arzularına qandal vurduğunuz bütün uşaqların lənəti üzərinizə olsun.

Zümrüd Yağmur /azadlıq



411 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...