Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2016

“Sovetski”də evləri sökülən uşaqlar aclığa başlayır: “Axırda intihar edəcəyik”

Keçmiş “Sovetski” məhəlləsində sahibinin razılığı olmadan daha bir evi yerlə-yeksan ediblər.

Maraqlıdır ki, sözügedən məhəllədə ev 24, mənzil 53-də yerləşən həmin evin “Çıxarış”ı (“Kupça”) da olub. Lakin rayon Yasamal İcra Hakimiyyətinin nümayəndələri bütün sənədlərin olmasına baxmayaraq, 4 nəfərin yaşadığı mənzili buldozerə veriblər.

Evin sahibi İlhamə Bağırova aznews-a bildirib ki, evini sökən məmurlar söküntü işləriylə bağlı Nazirlər Kabinetin müvafiq qərarını, ölkə rəhbərliyinin bu məsələlərlə bağlı tapşırıqlarını kobud şəkildə pozublar: “Evlər söküləndə bizi də yaradılmış Köçürmə Komissiyasına çağırdılar. Kompensasiya təklif etdilər. Lakin bizim evin sahəsi kiçik olduğundan ona yalnız 11 min manat kompensasiya düşdüyünə görə bu qiymətə razı olmadıq və ev verilməsini istədik. Çünki Nazirlər Kabineti evi 30 kvadratdan aşağı olan şəxslərin mənzillə təmin edilməsiylə bağlı qərar çıxarıb. Lakin komissiyada Maliyyə Nazirliyinin nümayəndəsi olan Cavanşir bizi hədələdi ki, razı olmasanız, eviniz söküləcək. Etiraz etdik ki, bizim mülkiyyətimizi bizim icazəmiz olmadan necə sökə bilərsiniz? Həmin ərazidə “kupça”sı olan bəlkə yeganə mənzil bizimkidir. Bu etirazımızdan sonra bizi yenidən komissiyaya çağırdılar. Yoldaşım da müharibə veteranıdır, gah İH-nə göndərdilər, gah Maliyyə Nazirliyinə. Sonda komissiyadan bu məsələ üzərində düşünəcəklərini dedilər. Amma sonra eşitdik ki, hamıya ev paylanıb, bizə verməyiblər”.

Daha sonra Bağırovlar ailəsinin bir günlük evdə olmamasından istifadə edən icraçılar evi söküblər: “Rayona getmişdik, qayıdıb gördük ki, evi buldozerin ağzına verib yerlə-yeksan ediblər. İçərisində də əşyalarımız. Halbuki biz evin sökülməsiylə bağlı heç bir sənədə imza atmamışıq. Evimiz sökülüb, amma hələ də bərabərlik hüququmuz bərpa edilməyib. Bizi indi də evlə təmin etmək istəmirlər. İcra başçısının birinci müavini çıxır hər gün çıxış edir ki, heç bir problem yoxdur, “Sovetski” sakinlərinin hamısının problemi həll olunub. Lakin yalan deyir”.

İlhamə Bağırova sözügedən hadisəylə bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevaya müraciət edib: “Bununla bağlı dövlət başçısına da, birinci xanıma da müraciət etmişik. İş baxılması üçün aidiyyəti qurumlara göndərilib. Lakin baxan yoxdur. Biz prezident və xanımından xahiş edirik ki, hüququmuzun bərpa edilməsinə kömək etsinlər. Ümidimiz yalnız onlaradır. Əgər səsimiz onlara çatmasa, problemimiz həll olunmasa, uşaqlarımla birlikdə aclığa başlayacağam, intihara əl atacağam. Üç uşaqla küçələrdə qalmaqdansa, ölmək yaxşıdır”.
346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...