Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2016

Paytaxtda ət qiymətinə qarpız-yemiş satılır

Yay mövsümünün vazkeçilməz dadlı nemətlərindən biri də böyükdən kiçiyə hər kəsin sevdiyi qarpız və yemişdir. Məlumat üçün bildirək ki, qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər vardır.

Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur. Təbii ki, sadaladığımız amillər təbii, öz vaxtında yetişən qarpızlara aiddir. Təbii qarpız və yemiş isə iyul ayının sonları, avqust ayında yetişir. Hazırda isə iyun ayı olsa da, bazarlarda qarpız və yemişlərə rast gəlmək mümkündür.

Baş çəkdiyimiz "Yaşıl bazar"da kifayət qədər qarpız və yemiş satılırdı. Ancaq qiymətləri əl yandırırdı. Bu bostan bitkilərinin qiyməti demək olar ki, ət qiymətinədir.

Satıcılar qarpız və yemişin əsasən Türkiyə və İrandan gətirildiyini deyirdilər. Qarşısında qarpız və yemişi qoyub "bal kimi dadlı qarpıza, yemişə gəl, ay müştəri" deyərək müştəri səsləyən satıcıya yaxınlaşdıq. Alıcı olduğumuzu zənn edib kəsdiyi yemişdən dadmağımızı və almağımızı istədi.

Adının Elman olduğunu deyən satıcı qarpız və yemişin Sabirabaddan gətirildiyini deyirdi: "Sabirabadda istixanada yetişən qarpızdı. Özüm gətirmişəm. Yemişin kilosu 3 manat, qarpızın kilosu isə 2 manat 50 qəpikdir. Alsanız, 2 manatdan da verərəm. Yemişi 1 aya yaxındır ki, satıram. Amma qarpızı bu gün gətirmişəm və artıq 3 dənəsini satmışam. Ən kiçik qarpız 5 kilo gəlir. Onun da qiyməti 12 manat 50 qəpik edir. Baha olduğu üçün alanlar azdır. Qapızın içi qırmızıdır, dadı da bal kimi şirindir. Parnikdə yetişən qarpız heç vaxt kal olmur. Bu qarpıza deyildiyi kimi iynə vurub yetişdiursələr, kilosu 5-6 manat olar. Normalda qarpız, yemiş avqustda yetişsə də bunlarda o aylarda yetişən qarpızdan fərqlənmir. Qarpızı açıq şəkildə 10-15 gün saxlaya bilirik. Bəzən deyirlər ki, parnikdə yetişən qarpızlar zəhərli olur. Amma belə deyil. İstəsəniz alıb yoxlaya da bilərsiniz. Mən özüm 15 gündür yemiş yeyirəm. Uşağım da yeyir və heç bir problem yoxdur. Yəni məsləhətlidir, hər kəs alıb yeyə bilər".

Bazarın digər başındakı qarpız-yemiş satıcısı isə qarpızların İran və Türkiyədən gətirildiyini dedi: "Rəngi həddindən artıq yaşıl olan qarpızlar Türkiyədən gətirilib. Digərləri isə İrandan. Sabirabaddan qarpız gətirilmir. Yalnız yemiş gətirilir. Düzdür, istixanalarda yetişən qarpızlar var. Amma çox satıcı o qarpızları alıb gətirib satmır. Çünki o qarpızlar gübrə ilə yetişdirilib və onu yeyən adamın zəhərlənmə ehtimalı ola bilər. Bu qarpızlar yetişən yerdə hazırda 40 dərəcəyə yaxın istilik var. İsti olduğu üçün də bunlar təbii yetişdirilir və xüsusi temperatur rejimində soyuducularda Azərbaycana gətirilir".

Yemişin kilosunun 4 manat 50 qəpik, qarpızın isə 2 manat 50 qəpik olduğunu deyən satıcı alıcı azlığından gileyləndi: "İrandan gətirilən qarpızın kilosu 2 manat 50 qəpikdir. Sabirabad qarpızının topdan satışda 1 manat 50 qəpiyə almaq olar. Onun da üstünə 50 qəpik qoyub 2 manata sata bilərlər. Yerli qarpız çıxandan 1 ay sonraya qədər də İran qarpızı satıla bilər, tələbat olur. Çünki İran qarpızı həm dadlı olur, həm də gübrəsiz. Çox insan qarpız almağa qorxur. Amma narahat olmağa ehtiyac yoxdur. Mən özüm o qarpızdan evə aparıb yeyirəm. Qarpızı kəsib gözünüzün önündə veririk. Zəhərli olma ehtimal olan qarpızlarda ağ zolaqlar olur. Onlar da hazırda yalnızca Sabirabadda yetişən qarpızlarda ola bilər, İran və Türkiyədə yetişənlərdə bu mümkün deyil"

Alıcılar isə qarpız və yemiş almağa hələ ürək etmədiklərini deyirdilər. Alıcı Gülnar Zeynalova yemiş alıb daddığını, ancaq qarpız almadığını dedi: "Yemiş almışam. Dadı avqustda yetişən yemişin dadını vermir. Ancaq qarpız almamışam. Çünki onu yemək hələ qorxuludur. Qarpız zəhərlənməsi təhlükəlidir. Ona görə də 2 ayda səbir edib vaxtında təbii yetişib satılanda alıb yeyəcəm".

Digər alıcı Eldar Məmmədov isə qiymətlərinin çox baha olduğunu dedi: "Bir dənə balaca qarpızı çəkdirəndə ən azı 10 manat edir. 10 manat süni yolla yetişdirilmiş dadsız qarpıza pul verməkdənsə, 1 kilo ət alıb 3 gün yeyərəm. Həm də düşünürəm ki, indi yetişən qarpız yemişin dadı olmaz . Bu bostan bitkilərini yeməsən də keçinmək olar".

Mütəxəssislər də sözügedən bostan məhsullarının yetişmə vaxtının iyul ayının sonları, avqust ayının əvvəlləri olduğunu deyir. Onlar iki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün effektiv temperatur göstəricisinə yalnız həmin aylarda təsadüf olduğunu bldirirlər. Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır.

Qeyd edək ki, qarpız və yemişin yetişdirilməsi ilə əsasən Kür-Araz ovalıqlarında yerləşən rayonlar məşğul olur. Bu isə həmin ərazilərdə müvafiq temperatur göstəricilərinin olması ilə bağlıdır. Vaxtından əvvəl yetişdirilmə, süni becərilmə zamanı isə kimyəvi birləşmələrdən istifadə edilir. Qarpızın daha tez yetişməsi üçün ona azot gübrəsi verilir ki, bu da nitrat tərkiblidir. Qarpız da bostan məhsulları içərisində ən çox nitratı özünə cəlb edən bitkidir. Normadan artıq nitrat qəbul edən qarpızların rəngi sarımtıl olur. Onun tərkibində ağ, sarı zoğların çoxluğu da nitratın normadan artıq olmasından xəbər verir.

Həkimlər zəhərlənmənin əlamətləri kimi ürəkbulanma, qusma, ishal, mədə ağrıları və digər ağırlaşdırıcı halları qeyd edirlər. Ağır hallarda tor görmə, ikigörmə, kəskin baş ağrıları müşahidə olunur. Zəhərlənmə gec aşkarlandıqda huşun müvəqqəti itməsi, ürək-damar sistemində pozğunluq, arterial təzyiqin düşməsi halları baş verir. Dəridə səpgilərin əmələ gəlməsi isə orqanizm üçün çox qorxuludur. Ona görə də iyun ayında qarpız yemək təhlükəlidir./faktxeber/
378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:38