Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2016

Rusiya tonlarla Azərbaycan məhsulunu geri qaytardı - Foto

Rusiya Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarını geri qaytarır.

Azərbaycandan qonşu Rusiyaya kənd təsərrüfatı məhsulları aparan fermerlərin qonşu ölkədə ciddi problemləri ortaya çıxıb.

Belə ki, kəndlinin, fermerin min bir əziyyətlə yetişdirdiyi məhsul qonşu ölkənin müvafiq qurumları tərəfindən geri qaytarılır. Buna səbəb kimi isə həmin məhsulların guya Azərbaycan məhsulları olmadığı iddia edilir və indi azərbaycanlı fermerlərdən aldığımız məlumata görə, indiyədək 1000 tona yaxın Azərbaycan məhsulu xarab olaraq qonşu ölkədən ölkəmizə qaytarılıb.

Azərbaycanlı iş adamları respublikamızın ayrı-ayrı rayonlarında becərilmiş məhsullara əsassız olaraq Türkiyə, Ermənistan, Gürcüstan mənşəli diaqnoz qoyulmasını haqsızlıq hesab edərək Azərbaycanın müvafiq qurumlarının onlara bu işdə təcili kömək etmələrini tələb edirlər. Bu mövsüm Azərbaycandan dəmiryolu ilə Rusiyaya göndərdiyi məhsullardan 500 tonunun geri qaytarıldığını bildirən şəmkirli fermer Tahir Hüseynov Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin kəndlinin Rusiyaya apardığı pomidor, badımcan kimi tərəvəz məhsullarının həqiqətən Azərbaycan mənşəli olmasına aydınlıq gətirməsini vacib sayır.

Azərbaycanlı iş adamı Tahir Hüseynov: "Bütün məişət sertifikatı, fitosanitar sertifikatlarımız, bütün qanuni, lazımi sənədlərimizi alıb göndəririk, həqiqətən də Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarıdır. Ancaq Rusiyada buna bizə ekspertizadan qayıdan cavablarda oxuyuruq ki, bu Türkiyə pomidorudur, yaxud da ki, Ermənistanda istehsal olunmuş pomidordur, Gürcüstan pomidorudur. Biz məişət sertifikatına görə Kənd Təsərrüfatı Nazirliyinə çox müraciət edirik ki, bunu sübut eləməlidir ki, həqiqətən Azərbaycan fermerlərinin istehsal etdiyi məhsuldur".

Naxçıvanlı sahibkar Nurlan Məmmədov: "3 vaqonu bir həftə, 10 gün ərzində saxlayıblar, çürüdüblər. Əlimizə gəlməyib, geri qayıdır. İndi də 5 vaqonumuz. Həmçinin yenə də geri qayıdır. Rusiya dövlətinə bizim əlimiz, gücümüz çatmayacaq, dövlətin bizə köməyi lazımdır. Sahibkarlara, kəndliyə kömək lazımdır ki, bunları mənzil başına çatdıraq."

Azərbaycan Rusiya sərhədindəki Yalama dəmiryolu stansiyasına yığışan iş adamları səsləndirdikləri problemin həllində Azərbaycan hökumətindən əsaslı kömək gözləyirlər. Xaçmaz gömrük idarəsinin Yalama dəmiryolu gömrük keçid məntəqəsindən bildirildi ki, Azərbaycandan qonşu ölkəyə məhsul göndərilməsində heç bir problem yaşanmır. Məhsulların geri qaytarılması ilə müvafiq aidiyyatı qurumlar məşğuldur./ans/

290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber