Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

Bina sahibi sakinləri üsyana qaldırdı

 «Olimp» MTK öhdəliklərinə əməl etmir, mənzillərə qaz verilməyib, yaşayış üçün şərait yoxdur

Dünən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) sakinləri yaşadıqları ünvanda etiraz aksiyası keçirdilər. Aksiyada 200 nəfərə yaxın sakin iştirak edib. Etirazçılar MTK-nın mənzillərinə qaz verməməsindən, yaşayış üçün şəraitin olmamasından şikayət edirlər.

Aksiyaçıların sözlərinə görə, 5 ildən çoxdur ki, Binəqədi rayonu, Naxçıvani küçəsində, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” MTK-nın binasında bərbad həyat sürməyə məhkum olublar. Hələ bir neçə il bundan əvvəl tamamlanması nəzərdə tutulan inşaat və təmir işləri bu günə kimi yekunlaşmayıb. Bu binanın həyəti, qarajı, blok və hətta yolları da normal yaşayış şərtlərinə uyğun gəlmir.
“Olimp” MTK-nın yaşayış kompleksinin inşası 2010-cu ildə başa çatmalı idi. Lakin bina Dövlət Qəbul Komissiyasına təhvil verilmədən sakinlərin ixtiyarına verilib. MTK-nın rəhbərliyi tez-tez dəyişdiyindən bu barədə kimsədən hesabat almaq mümkün olmayıb.
MTK rəhbərliyi sakinlər üçün nəzərədə tutulmuş qarajın bir hissəsi inşaat işlərinə görə bağlayıb. Qalan hissənin yarısını da mətbəə üçün ayırıb. Yaşayış kompleksinin təsdiq olunmuş tikinti planında olmayan obyektlər tikilir.
Şikayətçilər arasında məşhur müğənni, xalq artisti Qəndab Quliyeva da var: “Binanın qarajında yerləşdiyi mətbəəyə tez-tez külli miqdarda müxtəlif çap məhsulları, kağız və kardon gətirilir. Orada bir balaca qığılcımdan yanğın baş versə, onun qarşısını almaq mümkün olmayacaq, çünki yanğına qarşını alacaq heç bir avadanlıq yoxdur. Hər yağışdan sonra qaraj su ilə dolur. Buralar şəlaləyə oxşayır. Axı biz bu cür şəraitdə necə yaşayaq? İllərdir ki, MTK rəhbərliyi mənzillərə qazın veriləcəyini vəd verir. Elə vəd olaraq da qalır. Dövlət məmurları dəfələrlə açıqlama verib ki, Bakı şəhərində bütün evlər qazlaşdırılmalıdır. Buna baxmayaraq, bizim binadakı mənzillər hələ də qazla təmin olunmayıb. Hansı dövlət qurumu binamıza qazın verilməsinə mane olur? Yoxsa bu MTK rəhbərliyinin bizə olan münasibətidir? Biz Azərbaycanda yaşayırıq, mən başa düşmürəm, Azərbaycanda qaz yoxdur?! Bütün binalara qaz çəkilir, “Olimp” MTK isə kənarda qalıb”.
Bina sakini Hatəm Rzayev bildirir ki, layihəyə görə uşaq meydançasının, istirahət üçün oturacaqların olması nəzərdə tutulmuş kompleksin həyəti anlaşılmaz tikililərlə doludur: “Belə olmaz. MTK rəhbərliyi əhaliyə və ölkə qanunlarına qarşı məsuliyyətsiz yanaşır. Biz buna son qoymalıyıq. Şəhərin köhnə binalarında bir balkon artırılanda az qala bütün dövlət qurumlarının nümayandalari gəlir, amma burada gecə-gündüz qeyri-qanuni tikinti aparılır, ancaq hamı göz yumur.
Yeni tikililən yaşayış binalarındakı nizam-intizama kim cavabdehdir? Rayon İcra Hakimiyyəti nə səbəbdən MTK sahibindən inşa olunmuş binanın vaxtında təhvilini tələb etmir? Bizim binamıza qazın verilməsi nədən asılıdır, kim buna mane olur, MTK, yoxsa hansısa dövlət qurumu? Niyə aidiyyatı dövlət qurumları kompleksin qanuni inşasına nəzarət etmir? Kompleksin planına əsasən onun həyətində qanunsuz tikililər deyil, uşaq meydançası olmalıdır”.
Onun sözlərinə görə, binanın sakinləri illərdir, təbii qaza həsrət qalıb: “Amma bizim binanın 1-ci mərtəbəsində yerləşən «Qafqaz İnkişaf Bankı»na qeyri-qanuni yolla qaz verilir. Qanunla hündürmərtəbəli binaların birinci mərtəbələrinə qaz xəttini çəkdirmək qadağandır. Bildirim ki, payçıların “Olimp” MTK ilə bağladığı müqavilədə şərtlər bu cür deyildi. Müqavilənin 5-ci maddəsinin 3 bəndində qeyd olunur: “Yaşayış binası istismara verildikdən sonra istismarla bağlı kommunal xərclər, həmçinin yaşayış mənzilinə, liftlərə, bloklara, nasosxanaya, həyətə elektrik, su va qaz sayğaclarının quraşdırılması ilə əlaqədar bağlı xərclər “Payçı” tərəfindən ödənilir”. Bütün sayğaclar MTK tərəfindən alınmalıdır, onların quraşdırılması isə bağlı xərclər bizim üzərimizə düşür. Biz bundan imtina etmirik. MTK rəhbərliyi kompleksin vaxtında təhvil verilməməsinin məsuliyyətindən qaçmağa çalışır. Amma bütün faktlar göz qabağındadır. Sayğacdan başqa təhlükəsizlik avadanlığı var, yanğına qarşı FHN tələblərinə uyğun şərtləri, yanğınsöndürənlər, qarajın normal vəziyyətə çatdırılması, həyətimizin abadlaşdırılması, kompleksin ərazisində olan yolların düzəldilməsi, bəlkə bunları da sakinlər almalıdır? Belə olmaz. MTK rəhbərliyi əhaliyə və qanunlara qarşı məsuliyyətsiz yanaşır”.
Bina komendantın müavini Fazil Xəlilovun sözlərinə görə, bunaya qazın verilməməsi sayğacların quraşdırılmaması ilə bağlıdır “Hər payçı öz hesabına sayğacları almalıdır”.
Aksiyaçılar problemin həlli yolunu dövlət başçısına müraciət etməkdə görürlər və ondan xahiş edirlər ki, binalarına qaz verilsin./bizimyol/
1610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber