Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

İnsanları yığışdırmaq lazımdır

Deyir küçə itləri ilə oynamaq uşaqlara təhlükəlidir. Zaqatalada bir qadını quduz küçə iti dişləyibmiş, qadın vaxtında müalicə almadığı üçün ölübdür. Buna görə küçə heyvanları gərək vaxtında vaksinasiya olsun, yığışdırılsın. Hətta ali təhsilli, universitetdə dərs deyən həkimdən münasibət öyrənilir, o da deyir ya küçə itləri məhv edilməlidir, ya da şəhərdən qırağa çıxarılmalıdır.

Əziz dostlar, son illərdə quduz itin qurbanı olan həmin qadından başqa neçə nəfər qurban tanıyırsınız? Mənim yadıma düşmür. Ancaq istəsəniz xəbər lentlərində hər gün bir-birini doğrayan, qətlə yetirən, amansızlıq, vəhşilik törədən vətəndaşlarımız haqda oxuya bilərsiniz. Səbəblər də o qədər mənasızdır ki, hətta quduz itin insanı dişləmək “səbəbləri” bunun yanında toya getməlidir. Biri “kənddə adına söz çıxdığı” üçün 3 uşaq anası bacısını uşaqların gözü qabağında öldürür, başqası bacısının əlindən tutan dostunu bıçaqlayır. Mən o ölən qadın haqda xəbərin videosuna baxdım, deyəsən, Samuxda çəkilmişdi. Hadisə törənən ev miskinliyin, kasıbçılığın dibi idi, divarları da palçıqdan yoğurulma kərpiclərdən hörülmüşdü. İndi bu qardaş bacısının o cür miskin şəraitdə yaşamasına dözürdü, ancaq birdən “qeyrətə” gəlib?

Sözümün canı odur ki, belə quduz insanların vaksinasiya edilmədiyi, küçələrdə süləndiyi şəraitdə bədbəxt küçə itlərini gözümçıxdıya salmaq mənasızdır. Azərbaycan dövlətində insanın insana verdiyi zülm, heyvanların insanlara qarşı pis münasibətinə nisbətdə fantastik böyükdür. Bəs o zaman niyə itin-pişiyin, ilanın-çaqqalın üstünə düşürük?

Çaqqal dedim yadıma düşdü, deyəsən, Ucarda bir kəndin sakinləri də şikayətlənirdi ki, çaqqallar gəlib toyuqlarımızı aparır, tüfəngimiz yoxdur, qabağını ala bilmirik. Dəhşətdir. Bir xalqın altından döşəyə, üstündən yorğana qədər çəkib aparırsan, sərvətlərini talayırsan, adi bələdiyyə seçməyə imkan vermirsən, o isə çaqqalın apardığı iki yoluq toyuğun dərdini çəkir... Kəndin adı da ibrətamiz idi: Şahlıq kəndi. Bunlarda hər cür çaqqala artıq öyrəncəlik yaranmalı idi, niyə mızıldanırlar, anlamıram. Çaqqal çavuş, qurd ulavuş! İlan qamçı, tısbağa çanaq, biz ona qonaq! Uşaq vaxtı belə hikmətləri yaxşı öyrənmək lazımdır.

Ziyalılarımızdan çox şey asılıdır. Örnək üçün, görkəmli aktyorumuz Cahangir Zeynalov həm iqtidarı tərifləyir, həm də teatr sənətinə diqqətin yoxluğundan, Bakının tarixinin sökülüb məhv edilməsindən gileylənir. Qalırsan məəttəl ki, bəs bu pis işləri eləyən kimdir, marsiançiklər gəlib Abbas Mirzə Şərifzadənin yaşadığı binanı uçurub qaçıblar? Yoxsa teatr xadimlərimizə yaltaqlıq edəndə beş-altı aylıq təqaüd kəsən, qalan vaxtlarda isə ac qoyan Almaniya bundestaqıdır, Polşa seymidir, canım sənə desin, Monqolustan xuralıdır? Üstəlik, belə yaxşı hökumətdirsə, niyə 20 ildir gedib Türkiyədə işləyirsiniz, gəlin burda işləyin, bilik və bacarıqlarınızı öz aktyorlarımıza öyrədin.

Həmin intervüsündə Cahangir bəy kino sahəsinə də toxunmuşdu, deyir yaxşı olar hökumət Azərbaycan xalqının mənliyini, xarakterini anladan kinoların çəkilməsinə vəsait ayırsın, diqqət göstərsin. Açığı, bu yerdə Cahangir bəy məşhur personajı Salman bəy kimi danışıb, inciməsin. Biz axı bu hakimiyyətin “milli dəyərlərimizi” kino dilində necə əks etdirdiyinin şahidiyik, özü də isti-isti. Son iki-üç ildə “Əli və Nino” romanı əsasında filmin çəkilişinə 20 milyon dollardan çox pul ayrıldı, ancaq ortada nə var? Bu ilin yanvarında film Sandens beynəlxalq festivalında nümayiş etdirildi, o vaxtdan səsi çıxmır. Niyəsini bilən yoxdur. Ancaq elə həmin festival vaxtı nüfuzlu kino tənqidçiləri bunun çox uğursuz alındığını qeyd etmişdilər. Yazmışdılar temanı batırıblar, kino əvəzinə 90 dəqiqəlik treyler alınıb, bir-biri ilə əlaqəsi olmayan kadrlar yığınıdır. Montaj və operator işi də pis gündə imiş və sairə.

Z.Hacı/musavat
305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12