Şrift ölçüsü:
A+
A
A-
Kr
10 İyun 2016

Kreditlə Həcc ziyarəti?!

Bu yaxınlarda oxudum, Həcc ziyarətinə getmək istəyənlərə yaxşı şanslar tanınır; onlar bu titulu qazanmaq üçün kredit götürə bilərlər. Neçə gündür bunun üstündə baş sındırıram, axı bu necə ola bilər? Ta uşaqlıqdan eşitmişik, Kərbəla ziyarəti ən müqəddəs ziyarətlərdəndir, hər adam ora gedə bilməz, daha doğrusu hər gedənin ziyarəti qəbul olmaz. Bunun bir yığın qaydaları var. Qurani-Kərimdə Həcc ziyarətinin vacib olduğu insanlar barəsində buyurulur: “Allah-təala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir”. Getməyə qüdrəti olanlara… Başqa şərtlər də var. Onlardan biri belədir ki, Həccə gedən adam Aqil və Azad olmalıdır. Haram yeməməlidir, ədalətsiz iş tutmamalıdır, haqqı nahaqqa qurban verməməli, məzlumun haqqın yeməməli, qonşuda ac varsa, ziyarət üçün yığdığı pulu ona verməlidir və s.

Başqa qadağaları sadalamağa gərək yox. Indi bu ölkədə nə qədər Aqil və Azad adam olduğunu demək çətindir, hər kəs özünün bu kateqoriya adamlardan olduğunu iddia edə bilər. Ancaq Aqil və Azad insanların çox olduğu ölkədə bu qədər ədalətsizlikmi olar? Ədalətsizliyin meydan suladığı ölkədə nə qədər adam ona etiraz edir, nə qədər adam ədalətsizliyə qarşı haqq səsini qaldırır?


Yaxın günlərdə Bakıda “Formula-1″ yarışları keçiriləcək. Ölkə əhalisinin kredit bataqlığında boğulduğu, elə bu səbəbdən intiharların geniş yayıldığı günlərdə nə qədər adam bu yarışmanın mənasızlığını, büdcə vəsaitlərinin talanmasına, israfçılığa yol açdığını dilə gətirib? Aqil və Azad olan nə qədər ziyalımız bu yarışların Bakının tarixinə – Içərişəhərə ciddi ziyan vuracağından yazıb? Başa düşürük, telekanallar istisnasız olaraq hakimiyyəti əlindədir, onun çaldığı havaya oynayır, ancaq sosial şəbəkələr var axı. O Aqillər, Ziyalılar (başqa vaxt şəxsinə yönəlmiş ən adi sözü belə qılıncla qarşılayanlar) niyə susur? Danışmaq üçün məkan çoxdur axı. Xəstə övladını, xəstə atasını, anasını müalicə etdirmək, Irana, Gürcüstana aparmaq üçün kredit tapılmayan məmləkətdə nədən Həcc ziyarəti üçün güzəştli kredit verilir? Uşağının təhsil haqqını ödəmək üçün bankların qarşısında boyun bükən valideynlər bəs niyə güzəştli kredit ala bilmir?

Nə qədər gənc imkansızlıq ucbatından, evsizlik səbəbindən evlənə, ailə qura bilmir. Ancaq hər il Səudiyyə Ərəbistanına milyonlar axıdılır. Düzdür, bu il Azərbaycana ayrılan kvota (1500 nəfər)da, ziyarətə getmək istəyənlər (1040 nəfər getməlidir)də azdır, ancaq qabaqkı illərdə, məsələn, 2014-cü ildə Azərbaycana ayrılmış kvota 3600 nəfər olub (şəraitindın asılı olaraq hər bir zəvvar üçün qiymətlər 3250-4100 manat). 2015-ci ildə kvota 2400-ə enib, qiymətlərsə 4700-5750 manat olub. Bu il qiymətlər qalxıb, zəvvarlar,yerindən asılı olaraq, ziyarət üçün 5500-7000 manat ödəməlidir.

Kvotanın azalmasına çox səbəb göstərilə bilər, ancaq, məncə, başlıca səbəb andıra qalmış nöyütdür. Onun aşıb-daşdığı, dolların elə nöyüt kimi ölkəyə axdığı illərdə bir çox məmurlar yaxınlarını, qohumlarını köçürmə (pereçisleniye) yoluyla, təbii ki, büdcə vəsaiti hesabına ziyarətə, həm də ticarətə göndərirdi. Indi özlərinin xaricə getmələrində problem var, üstəlik, ölkə başçısı da məmurlara Azərbaycanı ziyarət etməyi məsləhət görür…

“Təxminlərə görə, il ərzində Səudiyyə Ərəbistanına ziyarətə 7 milyon zəvvar gəlir və onların hər biri orta hesabla 10 min dollar xərcləyir. 2012-ci ildə Səudiyyə Ərəbistanı Həcc və Ümrə ziyarətlərindən 16.5 milyard gəlir əldə edib. Bu isə 2011-ci ildə gəlirdən 10 faiz artıqdır. 2014-cü ildə Həcc ziyarətlərindən gələn gəlir 8.5 milyard dollar olub”(lent.az).

Belə. Ancaq bir məsələ maraqlıdır, kreditlə ziyarətə gedənlərin Həcci dərhal qəbul olacaq, yoxsa kredit ödənilib qurtarandan sonra? Işdir, ödənməsə necə olacaq, yəni qəbul olmayacaq?!.

Saf niyyətlə və halal pulla gedənlərin ziyarəti qəbul olsun!

Rövşən Hacıbəyli/azadlıq
375 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:19