Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

5 yaşlı körpə - "bizi öldürməyin"

Müzəffər Baxışov: «Pərviz Həşimlinin dedikləri təsdiqini taparsa, bu əməli törədən şəxslər CM-nin 126.1və 309.2 maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır»

Həbsdə olan jurnalist və hüquq müdafiəçisi, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Pərviz Həşimlinin “Azadlıq”a göndərdiyi məktubu ötən sayımızda dərc etmişdik. Məktubda Pərviz Həşimli ona qarşı ittihamların saxta olduğunu və bunu yerli ictimaiyyətlə yanaşı beynəlxalq aləmin də bildiyini yazır. “Bilirəm ki, həbsim üçün ölkə rəhbərliyindən siyasi razılıq da alıblar. Məni həbsdə saxlamaq, azad etmək nə məhkəmənin, nə prokurorun, nə də MTN-nin əlindədir”- deyə Pərviz Həşmli yazır.

Məktubun ən təsirli yeri onun ailəsi ilə bağlı yazdıqlarıdır: “Məni həbs edənlərə o da deyilməyib ki, maskalanmış silahlılarınızı onun evinə hücuma yollayın. Mənzildə hamilə qadının və 5 yaşlı qız uşağının olduğunu bilə-bilə pəncərələri sındırıb, içəriyə daxil olub, silahla onlara dəhşətli, qorxunc anlar yaşadın da deyilməyib. 5 yaşlı körpənin ”bizi öldürməyin" deyə fəryad etməsini də sizə deməyiblər. Məhz bu qorxunc hücumun nəticəsidir ki, həyat yoldaşım dünyaya gətirəcəyi övladımızı itirdi. Bunu da məni həbs edənlərə tapşırmışdılar? Onlara deyilibmi ki, onunla 5 yaşlı övladının görüşünə maneçilik törədin? Yaxud onlara deyilmişdimi ki, övladının bir fotosunu ona bir ay sonra verin?".

Bu qədər qanunsuzluq, səlahiyyətdən sui-istifadə etmək həqiqətən də ağır cinayətdir. Bu adama, onun ailəsinə qarşı bu dərəcə zorakılıq faşist qaydalarının göstəricisidir. Hamilə qadına bu qədər psixoloji gərginlik yaşatmaq, bətnində olan övladının ölümünə səbəb olmaq, cəzasız qala bilməz və bu adamlar məsuliyyətə cəlb olunmalıdır.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, bu faktlar üzrə araşdırma aparılmalı və günahkarlar məsuliyyətə cəlb olunmalıdır: “Həqiqətən Pərviz Həşimlinin evinə MTN əməkdaşları hücum edib və çoxlu sayda qanunsuzluqlara yol verilib. Əgər həqiqətən bu əməliyyat zamanı Pərviz Həşimlinin həyat yoldaşı sarsıntı keçiribsə və hamiləliyi pozulubsa, bu, cinayət məsuliyyəti yaradır. Belə ki, bu hal CM-nin 126.1 maddəsinə görə ağır xəsarət hesab olunur və bu əmələ görə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bunu vəzifəli şəxslər törədibsə, CM-in 309.2 maddəsi ilə cəzalanmalıdır. Mən Pərviz Həşimlinin dediklərinə inanıram və bu kimi faktlar dəfələrlə baş verib. Pərviz Həşimlinin evindən silah tapılmasına nə yerli ictimaiyyət, nə də dünya inanmır. Pərviz Həşimlinin ailəsinə qarşı baş verənlər prokurorluq tərəfindən araşdırılmalıdır. Ancaq ölkədə prokurorluq iflic vəziyyətdədir və siyasi hakimiyyətdən tapşırıq gəlməyincə bu hadisə araşdırılmayacaq. Bir gün bu hadisəni törədən adamlar Allahın köməkliyi ilə cəzalandırılacaqlar”.

Pərviz Həşimlinin səsləndirdiyi fikirlərə münasibət öyrənmək üçün Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı.
1587 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı