Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyun 2016

Yaralı zabitin həyat yoldaş: "Rahim hansısa yol qəzasında yaralanmayıb ki..."

"Mən özüm üçün heç nə istəmirəm, balalarım üçün atalarını istəyirəm"

Az əvvəl mətbuatda bu ilin aprel döyüşlərində ağır yaralanıb koma vəziyyətinə düşən Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahim Tağıyevin həyat yoldaşı Vüsalənin müraciəti yayımlanmışdı.

Ağır yaralı gizirin həyat yoldaşı Vüsalə xanım bu gün moderator-a açıqlamasında Rahim Tağıyevin vəziyyətinin daha da ağırlaşdığını bildirib:

“Mətbuatda gedən müraciətdən sonra Müdafiə Nazirliyindən İlqar adlı şəxs tərəfindən zəng olundu. Məni Müdafiə Nazirliyinə çağırdılar, Mingəçevirdə yaşadığıma görə həmin gün onların çağırışına gedə bilmədim. Dünən uşaqları məktəbə yola salıb Bakıya çıxdım. Yolda zəng vurdum ki, mən ora gəlirəm, əgər imkanınız varsa, siz də gəlin, Rahim haqqında danışaq. Mənə cavab verdi ki, indi başqa yerdəyəm, gələ bilmərəm. Mən də hospitala Rahimin yanına getdim, gördüm ki, vəziyyəti daha da ağırlaşıb. Onun dünənki vəziyyətini görəndən sonra hələ də özümə gələ bilmirəm. Əlimi ürəyinin üstünə qoydum, ürəyinin xırıltısından az qalırdı ki, ürəyim parçalana”.

Göz yaşlarına hakim ola bilməyən Vüsalə xanım yeganə istəyinin həyat yoldaşının sağlamlığına qovuşması olduğunu bildirib: “Çox narahatam. Əvvəl başı idi, indi artıq ürəyində də problemlər yaranıb. Həkim deyir ki, başındakı infeksiya indi ürəyinə təsir edib. Xəyal həkimlə danışdım, dedi ki, başındakı infeksiyanı analiz edirik, yoxlanılır, neçə yerdən həkimlər gətirmişik, ancaq tapa bilmirik ki, nə infeskiyadır, adı nədir. Mən də yalvardım ki, ay həkim, tapa bilmirsinizsə, başqa yerə göndərin. Allaha şükür dövlətimizin hər şeyə gücü, imkanı yetir. Bu infeksiyanı başqa yerdə yoxlatdırmaq olar axı. Əməliyyat olunmalıdır, ancaq infeksiyanı dəqiqləşdirə bilmirlər deyə əməliyyat etmirlər.
Rahim hələ sağdır axı, canıyla əlləşir, yaşayan bir insanı ayağa qaldırmaq lazımdır. Rahim hansısa yol qəzasında yaralanmayıb ki, o, vətən uğrunda canını qurban verib. Dünən hospitaldan çıxandan ağlıyıram, yol boyu ağlaya-ağlaya Mingəçevirə gəlmişəm. Onsuz da səhhətimdə problemlər var idi, Rahim yaralanan gündən ağrılarım daha da çoxalıb. Uşaqlarım olmasaydı bir gün belə yaşamazdım. İndi uşaqlarıma görə yaşayıram ancaq, ovuc-ovuc dərmanlar içirəm ki, heç olmazsa Rahim sağalana qədər uşaqlara baxa bilim. Dözə bilmirəm daha, artıq gücüm də tükənib, indi gücüm göz yaşlarına çatır ancaq”.
387 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...