Şrift ölçüsü:
A+
A
A-
Kr
14 İyun 2016

30 il zəmanət verilən Bakı-Sumqayıt yolu niyə dağıdıldı? FOTO

2011-ci ildə tam istismara verilən Bakı-Sumqayıt (Bakı-Quba-Rostov) yolunda təmir işlərinə start verilib. Adətən Bakı yollarında təmir aparılarkən tıxaclar yaranmasa, bu hal vətəndaşların o qədər də diqqətini cəlb etmir. Amma Bakı-Sumqayıt yolunda təmir işlərinə başlanılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar bu yolun təmirinə digərlərinə göstəriləndən daha fərqli münasibət sərgilədilər. Çünki milyonlarla manat vəsait xərclənən yola istismardan əvvəl 30 il zəmanət verilmişdi.

Sosial şəbəkə istifadəçiləri yolun heç 1-2 il normal formada istifadə edilmədiyini və əslində avtoban magistralda çökmə, qabarma və dağılma halların 2012-ci ildən müşahidə edilməyə başladığını yazıblar. Onlar qeyd edirlər ki, 2013-cü ildə yolun çox hissəsində təmir-bərpa işləri aparılıb.

Əslində insanların hiddətini anlamaq mümkündür. Avropa ölkələri ilə Azərbaycan yollarını müqayisə etsək görərik ki, orada istənilən şəhər və qəsəbələrdə hərəkətdə olarkən yolların rahatlığı insana xüsusi bir zövq bəxş edir. Həmçinin Almaniyada Adolf Hitlerin hakimiyyətdə olduğu dövrdə tikilən yollar hələ də tam gücü ilə istismardadır.

Amma Azərbaycanda 30 il istismar müddəti verilən Bakı-Sumqayıt yolunda 5-6 ildən  sonra təmirə başlanılıb.  Adıçəkilən avtoban istifadəyə veriləndə onun beton yol olması xüsusi vurğulanmışdı. Beton yolun istismar müddətinin daha uzun olacağı bildirilirdi.

Nəqliyyat üzrə mütəxəssis Ərşad Hüseynov  bildirib ki, əgər yolun əsaslı təmiri zamanı tikinti normalarına düzgün riayət olunsaydı, indi heç bir problem yaranmazdı. “Yolun inşası zamanı tikinti  texnologiyasına,  tikinti materiallarının  keyfiyyətinə, işlərin görülmə texnologiyasına xüsusi diqqət yetirilməlidir. Yolda həmişə titrəmələr və tektonik proseslər gedir. Seysmoloji fon daima eyni xətt üzrə olmur. Yol tikintisi zamanı bütün bunlar nəzər alınmalıdır.  Amma, yəqin ki, yolda həmin standartlar nəzərə alınmayıb”, – deyə mütəxəssis bildirib.

Ərşad Hüseynov bildirdib ki, avtobanın tikintisi zamanı onun yükgötürmə qabiliyyətinə diqqət ayrılmalıdır. “Məsələn, Azərbaycanda ümumi istifadədə olan yollarda 12 ton yükün daşınmasına icazə verilir.  Tikinti  zamanı isə yolun yükgötürmə qabiliyyəti 13 tona hesablanır.  Əlbəttə ki, 13 tondan artıq yük vurulan avtomobil yolda hərəkət etdiyi halda yol dağılacaq. Əslində isə yolun yükgötürmə qabiliyyəti 3-4 qatdan çox hesablanmalıdır ki, gələcəkdə aşınmalar və çökmələr baş verməsin”, – deyə Ərşad Hüseynov qeyd edib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə 30 il zəmanət verilən Bakı-Sumqayıt yolunda təmirə start verilməsinin səbəblərini belə izah edir.

“Hər hansı bir avtobana 30 il istismar müddəti verilibsə, o demək deyil ki,  yol həmin dövr ərzində təmir olunmamalıdır.  Hər 5-6 ildən bir yolda hərəkət intensivliyi nəticəsində aşınma qatı deyilən hissə korlanır. Ona görə də aşınma qatı mütləq şəkildə təmir olunmalıdır. Əgər təmir aparılmasa, yol 30 il istismar müddətini başa vura bilməz”.

Anar Nəcəfli bildirib ki, yolun aşınma qatının korlanmasına əsas səbəb isə ağır tonnajlı yük avtomobillərinin hərəkət etməsidir.“İstənilən keyfiyyətdə olan yolda normadan artıq yüklənən avtomobillər hərəkət edirsə, yolu sıradan çıxarır. Məsələn, yol 20 tonluq yük avtomobili üçün nəzərdə tutulub, amma avtomobillərə normadan artıq 35-40 ton yük vurulur. Bu səbəbdən yolda təmir-bərpa işlərinə ehtiyac yaranır. Hazırda Bakı-Sumqayıt yolunun 1 kilometrlik hissəsində təmir-bərpa işləri aparılır. Yola yenidən xüsusi texnika vasitəsilə beton qatı vurulacaq. Təmir işləri hava şəraitindən asılı olaraq yekunlaşdırılacaq. Həmin 1 km məsafə təmir edildikdən sonra digər hissənin təmirinə başlanılacaq. Təmir işləri Ceyranbatan qəsəbəsindən Saray postu deyilən əraziyə qədər aparılacaq”, – deyə Anar Nəcəfli bildirib.

Dünyanın əksər ölkələrində yol mədəniyyətlərin bir növü hesab edilir.  Lakin bu mədəniyyəti insanın özünün yaratması və qoruyub-saxlaya bilməsi çox  vacibdir. Yəqin ki, elə bütün bunlar nəzərə alınaraq Bakı-Sumqayıt yolunda həyata keçirilən təmir işləri daha keyfiyyətli və uzunmüddətli istismar üçün nəzərdə tutulacaq. /ans/




290 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi