Şrift ölçüsü:
A+
A
A-
Kr
15 İyun 2016

Siz bu xalqın düşmənisiz?

Fərmanlar, sərəncamlar, yeni yaradılan qurumlar vəziyyəti daha da pisləşdiribsə…

Neftin qiyməti 120 dollar olanda da, ölkəyə milyardlarla pul axanda da sadə vətəndaş problemlərin məngənəsində sıxılıb, dövlətin sərvətlərindən yararlana bilməyib. Amma 2015-ci ilin əvvəlindən başlayaraq vəziyyət daha da pisləşdi və ölkə böhranın mühasirəsinə düşdü.

Fevral ayında milli valyuta devalvasiyaya uğradı, ilin sonunda isə manat ikinci dəfə dəyərdən düşdü. Bəli, 10 ay ərzində milli valyuta təxminən 100 faiz dəyər itirdi və ən ağır zərbəni ölkə vətəndaşı aldı. Birinci devalvasiyadan sonra hökumət anti-böhran tədbirlərinə start verildiyini, köklü islahatlara başlanıldığını anons etdi. Ard-arda müşavirələr keçirildi, fərmanlar verildi, sərəncamlar imzalandı, qurumlar yaradıldı və s.

Artıq il yarım vaxt ötüb və ortada heç bir nəticə yoxdur. Bütün sərəncamlar, fərmanlar, yaradılan qurumlar fiaskoya uğrayıb. Bəli, hətta neftin qiymətində də müəyyən qədər sabitlik yaranıb, amma ölkədəki vəziyyətdə sabitlik gözə dəymir. Bütün sahələrdə geriləmə, həm də sürətli geriləmə müşahidə olunur. Ötən il ilə müqayisədə qeyri-neft sektoruna sərmayə qoyuluşu 73 faiz azalıb. Bu ilin yanvar-aprel aylarında təhsilə investisiya qoyuluşu 84%, səhiyyə və sosial xidmət göstərən sahələrə kapital qoyuluşu 65% azalıb. Kənd təsərrüfatına investisiya qoyuluşu bu ilin yanvar-aprel aylarında 4 dəfədən çox azalıb. Ümumi Daxili Məhsulun 4 aylıq həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyard dollara yaxın və ya 39% kiçilib. Bütövlükdə ölkədaxili mənbələrdən iqtisadiyyata sərmayə qoyuluşu 51%, xarici sərmayələr isə 14% azalıb. Hər ay problemli kreditlərin həcmi 55-60 milyon manat artır. Xarici borcumuz 11 milyard 486 milyon təşkil edir. Ümumiyyətlə, bütün sahələrə kapital qoyuluşu kəskin azalıb.

Göründüyü kimi “uzaqgörən” və “müdrik” siyasət nəinki irəliləyişə nail olmayıb, heç vəziyyəti sabitləşdirə də bilməyib. Yəni, hökumətin anti-böhran tədbirləri tənəzzül tendensiyasını dayandırmağa da nail olmayıb. Əslində, müsbət istiqamətdə müəyyən addımlar atılmış olsaydı, bunun simptomları görünərdi. Hansısa sahədə “yanğın”ın söndürüldüyünün şahidi olardıq. Belə nəticəyə gəlmək olur ki, il yarım ərzində prosesə müdaxilə edilməyib və hökumət qanayan yerləri sarımağa da cəhd göstərməyib.

Bütün bunlardan sonra iki versiya üzərində dayanmalı oluruq. Ya qəsdən böhranın qarşısı alınmayıb, ya da hökumət bunu bacarmayıb. Hər iki halda məsuliyyət hökumətin üzərinə düşür. Yəni, hər iki halda “ağ bayraq” qaldırılmalıdır. Bacardığın halda etmədiyinə görə də, bacarmadığına görə də kənara çəkilməlisən. Bəli, bu qədər biabırçı nəticələrdən sonra üzündə azacıq hayası olan hökumət istefa verər. Çünki, söhbət xalqın və dövlətin taleyindən gedir. Hər gün vəziyyət daha da pisləşir, göstəricilər biraz da aşağı düşür. Hökumətin vəziyyəti yaxşıya doğru dəyişə bilməyəcəyindən əmin idik. Amma məlum olur ki, mövcud pis vəziyyəti tormozlamaqda da acizdirlər. Belə bir vəziyyətdə israrla hakimiyyətdən yapışmaq, xalqa və dövlətə qarşı düşmənçilikdir. Şüurlu şəkildə xalq səfalətlə, zəlalətlə, ölümə sürüklənir. Və bu hansısa müxalif düşüncənin iddiası, xarici ölkələrin qiymətləndirməsi deyil, statistik rəqəmlərin ortaya çıxardığı faktlardı.

Cənablar, kənara çəkilin, bu qədər düşmənçilik kifayətdi./azadliq/
294 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...