Şrift ölçüsü:
A+
A
A-
Kr
25 Dekabr 2013

«Əsas işgəncə faktları «bandotdel» və MTN-dədir»

Leyla Yunus: «DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və MTN-in təcridxanası işgəncə faktlarına liderlik edir»

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi 2013-cü ildə yol verilən işgəncə faktları ilə bağlı növbəti məlumatlarını açıqlayıb. Həmin məlumatlar komitəyə daxil olan 115 şikayət əsasında hazırlanıb. Təşkilatının rəhbəri Elçin Behbudov bildirib ki, il ərzində 5 ölüm hadisəsi qeydə alınıb ki, bu faktlar Milli Ordunun hərbi hissələrində baş verib. Bundan başqa, bir nəfərin polis bölməsində ölüm faktı qeydə alınıb. E.Behbudovun sözlərinə görə, əsasən hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində, polis bölmələrində, Nəqliyyat Nazirliyinin və SOCAR-ın təhlükəsizlik idarəsinin işçiləri tərəfindən işgəncələr və qeyri-insani rəftarla bağlı şikayətlər daxil olur. Bəs Azərbaycanda işgəncə faktları bu sadalanan hallarla bitirmi? Ümumiyyətlə ortaya çıxarılan işgəncə faktları ilə bağlı konkret addımlar atılırmı?

Hüquq müdafiəçisi Leyla Yunus bildirdi ki, hər il bu sahədə vəziyyət daha da pisləşir. Rəhbərlik etdiyi təşkilatın cəzaçəkmə müəssislərində monitorinq aparmaq imkanının olmadığını deyən L.Yunus vurğuladı ki, təşkilatları yalnız onlara edilən müraciətlərin vasitəsilə bu sahədəki durumu təhlil edə bilirlər: «Ümmumiyyətlə Azərbaycanda istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı fiziki zorakılığın tətbiq edilməsi adət halını alıb. Saxlanılan şəxs təcridxanaya yerləşdirilən kimi döyülməyə başlayır. Bu sahədə ən çox fəallıq göstərən struktur DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsidir. Saxlanılanlar ilk saatlardan döyülməyə başlayırlar. Məsələn, bizim təşkilata 62 yaşlı həkim Babək Ədalətlidən ərizə daxil olub. O, bu ilin iyun ayında həbs olunub. Hazırda onun işi Azər Orucovun hakimliyində Ağır İşlər Üzrə Məhkəmədədədir. Babək Ədalətlinin üzərinə əvvəlcə 2 qramlıq narkotik işini qoymaq istəyiblər. Amma o buna etiraz edib. Nəticədə o saatlarla işgəncəyə məruz qalıb və sonda 2 qramlıq məhkəmə işi, 15 qramlıq işə çevrilib». L.Yunusun sözlərinə görə, eyni zaman «Nida»çı gənclər, jurnalist Pərviz Həşimli ilə də bağlı həyacanlı işgəncə faktları barədə məlumatlar daxil olmaqdadır. MTN təcridxanasının da işgəncə faktları ilə bağlı adının tez-tez hallandığını deyən L.Yunus vurğuladı ki, ümumiyyətlə MTN təcridxanasının fəaliyyəti ilə qanunla da ciddi ziddiyyətlər var. Çünki bu təcridxana Ədliyyə Nazirliyinə tabe olmur.
1669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber